Bank Of Baku

Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib
# 24 iyun 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Azərbaycan hökuməti ilə Fransa hökuməti arasında 2007-ci ildə imzalanmış maliyyə protokolunun icra edilməsi məqsədi ilə hökumətlər adından çıxış edən Natixis Banques Populaires arasında kredit müqaviləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi və “2008-2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq proqramı haqqında qərarın təsdiq edilməsi barədə” qanun layihələri təsdiq edilib. “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliklər isə bəzi deputatların narazılığına səbəb olub. Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə görə “dövlət qulluqçularının əmək haqları artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişdirildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir” hissəsi qanundan çıxarılır. Bu məsələ ədliyyə və işçilərinə də şamil edilir. Millət vəkili Siyavuş Novruzov bu dəyişikliyin əleyhinə olub. Onun sözlərinə görə, hazırda hərbi qulluqçulara kirayə haqqı olaraq 40 manat verilir ki, bu da çox azdır: “İndi 40 manata harada kirayə var?”. Digər millət vəkili Qüdrət Həsənquliyev də bu dəyişikliyin doğru olmadığını deyib. Onun sözlərinə görə, bu gün cəbhə bölgəsində xidmət edən zabitlərin maaşları aşağı səviyyədədir. Millət vəkili hökumətin əməkhaqqı siyasətinin anlaşılmaz olduğunu vurğulayıb və cəbhə bölgəsində olan zabitlərin maaşlarının artırılmasını vacib sayıb. Layihə səs qoyulub və 6 əleyhinə, 95 lehinə olmaqla qəbul edilib. Parlamentin iclasında həmçinin, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR