Azadlıq meydanında hərbi paradın ilk genişmiqyaslı təliminə müdafiə naziri general-polkovnik Səfər Əbiyevin iştirakı ilə saat 20:30-da start verilib. Buna qədər milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi Vaqif Axundov, Daxili Qoşunların komandanı Zakir Həsənov və digər generallar Azadlıq meydanına gəlib. Meydanda parada hazırlığı minlərlə Bakı sakini izləyib.
Təlim-parad müdafiə nazirinin məruzəsi ilə başlayıb. Bundan sonra hərbçilər tərəfindən Azərbaycanın dövlət himni oxunub, bölüklərin tribuna önündən rəsmi keçidə hazır olduğu bildirilib. Meydana gətirilən Azərbaycanın dövlət bayrağının ardınca Müdafiə Nazirliyinin Baş Əməliyyatlar İdarəsinin rəisi, general-mayor Eyvaz Cəfərovun rəhbərliyi ilə əsgərlər təntənəli marşla tribunanın önündən keçməyə başlayıblar.
İlk olaraq tribunanın önündən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və o dövrün silahları ilə silahlanmış əsgərlər keçid edib. Bundan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət bölük, onun ardınca general-mayor Lənkəran Əliyevin rəhbərliyi altında Təlim-Tədris Mərkəzinin, general-mayor Heydər Piriyevin rəhbərliyi altında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, eləcə də Azərbaycan Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, Quru Qoşunların ordu birləşmələrini təmsil edən bölmələr və Azərbaycanın sülhməramlı bölüyü keçib. Paradda XDMX-nin Milli Qvardiyasının əsgərləri, MTN-in, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının, Sərhəd Qoşunlarının, Daxili Qoşunların bölükləri və dəniz piyadaları xüsusi təqdimatla tribunanın önündən addımlayıblar. Təlim-paradda ən çox maraq doğuran isə NATO ölkələri ordularında istifadə olunan müasir atıcı silahlarla təchiz olunmuş, geyimi və maskalanması ilə digər bölmələrdən fərqlənən Müdafiə Nazirliyinin xüsusi təyinatlı 3 bölüyü olub.
Şəxsi heyətin tribuna önündən keçidinin ardınca aparıcının təqdimatı əsasında Azərbaycan Silahlı Qüvvələrinin texniki personalının keçidi başlanıb. Bu keçiddə Silahlı Qüvvələrin motosikletdən tutmuş müxtəlif təyinatlı raket və artilleriya sistemlərinədək texnikalar nümayiş etdirilib. Təlimdə yalnız tırtıllı ağır texnikalar - tank, BMP və özüyeriyən artilleriya sistemləri keçid etməyib.
APA parada çıxarılmış hərbi texnikalar haqqında ilkin məlumatı da əldə edə bilib. Belə ki, iyunun 26-da keçiriləcək paradda T-72M1 markalı tanklar, BMP-2 döyüş maşınları, BTR-80, 2C7, 2C3, 2C1 özüyeriyən artilleriya qurğuları, “OSA-AK”, “Toçka-U”, S-200, S-125 markalı zenit-raket sistemləri, BM-21 (Qrad), Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda olan “Smerch” reaktiv-yaylım atəş sistemləri, “Giatsin”, M-46, MT-12 topları, D-20, D-30A, RBQ (107 mm) və “AMQ-Vasilyok” qaubitsaları, Azərbaycan tarixində ilk dəfə olaraq pilotsuz uçan kəşfiyyat aparatları nümayiş olunacaq. Hərbi texnikanın keçidinin önündə isə “Mercedes UNİMOS”, “Land Rover” hərbi maşınları və və PKM motosikletlərində silahlı əsgərlər keçəcəklər. Hərbi Dəniz Qüvvələrinin gəmiləri də parada dənizdən dəstək verəcək, Azadlıq meydanının üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri pilotaj uçuşları yerinə yetirəcəklər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfərlik hərbi orkestri müşayiət edəcək.
Müdafiə naziri Səfər Əbiyev APA-ya açıqlamasında bildirib ki, parad yüksək səviyyədə təşkil olunub: “Gördüyünüz kimi, biz bu paradı yüksək səviyyədə təşkil etmişik. Azərbaycan xalqı özünün Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bu paradda bir daha görəcək”.
Qeyd edək ki, bu, Azərbaycanın ikinci dövlət müstəqilliyi tarixində ikinci, ümumilikdə Silahlı Qüvvələrin tarixində isə üçüncü hərbi paraddır. İlk hərbi parad 1919-cu ildə Bakı şəhərində - indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə keçirilib.