Bank Of Baku

Qənirə Paşayeva AŞ PA-da erməni əsir və girovluğunda saxlanılan azərbaycanlıların problemini qaldırıb

Qənirə Paşayeva AŞ PA-da erməni əsir və girovluğunda saxlanılan azərbaycanlıların problemini qaldırıb
# 27 iyun 2008 09:24 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, BQXK prezidenti Yakob Kellenberqin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində 4264 azərbaycanlının itkin düşdüyünü, bu şəxslərin Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı 1993-cü ildə yaradılmış dövlət komissiyasında qeydiyyata alındığını və axtarıldığını bildirib: “Təcavüzün başladığı dövrdən keçən müddət ərzində 1396 Azərbaycan vətəndaşı erməni əsir-girovluğundan azad olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi onlardan bir hissəsinin azad olunmasında vasitəçilik edib. Amma çox təəssüf ki, bu insanların əksəriyyəti qeyri-insani şəraitdə saxlanıldığı üçün sağlamlığını itirib. Mən maraqlanan hər kəsə əsir və girovluqdan azad olunmuş azərbaycanlı qadınlara və uşaqlara Ermənistanda hansı işgəncələr verildiyini sübut edən fotolar təqdim edə bilərəm”. Q. Paşayeva xatırladıb ki, beynəlxalq təşkilatlar itkinlərin axtarışı və onların taleyinə aydınlıq gətirilməsi işinin səmərəliliyini artırmaq məqsədilə Azərbaycanın dövlət komissiyasına Ermənistanın dövlət komissiyası ilə birbaşa əlaqələr yaratmağı və görüşlər keçirməyi təklif ediblər və rəsmi Bakı bu təkliflərlə razılaşaraq 2005-ci ildə Tiflisdə, 2006-cı ildə Brüsseldə erməni tərəfi ilə görüşlər keçirib: “Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu görüşlərdən sonra da Ermənistan tərəfindən əsir götürülən vətəndaşlarımızla davranış tərzi dəyişməyib. Əsirlərin düşdüyü vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunması, Ermənistan xüsusi xidmət orqanları tərəfindən onların məxfi əməkdaşlığa cəlb edilməsi cəhdləri davam etdirilir. Hesab edirik ki, əsir və girovlarla bu cür davranış tərzi insan haqlarına, beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də humanitar sahədə əməkdaşlıqdan imtina deməkdir”. Q. Paşayeva əsir və girovluğunda qalan, eləcə də itkin düşmüş şəxslər arasında sinif yoldaşları və dostlarının da olduğunu AŞ PA üzvlərinin diqqətinə çatdırıb: “Dünyada ən çətin şey 15 ildən artıqdır ki, əsir və girovluqda qalan bir insanın anasının “mənim övladım nə vaxt azad ediləcək?” sualına cavab axtarmaqdır. Atasını və ya anasını uzun illərdir axtaran bir övladın "sizcə mən valideynlərimi bir daha görə biləcəyəmmi?" sualına cavab vermək üçün söz tapa bilməməkdən çətin və ağrılı bir şey də ola bilməz. Minlərlə ailə hər gün səhər yuxudan xoş bir xəbər almaq ümidi ilə oyanır və “bu gün də heç bir xəbər olmadı” kədəri ilə yuxuya gedir. Biz sizi və assambleya üzvlərini bu insanların talelərinə biganə qalmamağa və onların azad edilməsi üçün bütün təsir və təzyiq vasitələrini işə salmağa çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR