Bank Of Baku

“Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar” mövzusunda Vətəndaş Forumu keçirilib

“Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar” mövzusunda Vətəndaş Forumu keçirilib
# 27 iyun 2008 11:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakıda “Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar” mövzusunda Vətəndaş Forumu keçirilib. APA-nın xəbərinə görə, Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə baş tutan tədbirdə qurumun sədri Leyla Yunus çıxış edərək, siyasi iradə olacağı təqdirdə, mövcud qanunvericiliklə demokratik seçki keçirməyin mümkünlüyünü vurğulayıb. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev seçkilər ərəfəsində Azərbaycan məhkəmələrində vəziyyətin mürəkkəb olduğunu deyib. Son vaxtlar vətəndaş cəmiyyəti adından məhkəmələrə göndərilən yüz şikayətin heç birinin təmin olunmadığını qeyd edən hüquqşünas Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin də sayının artdığını deyib. Millət vəkili Pənah Hüseyn isə mövcud qanunvericiliklə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib. O, indiki şəraitdə müxalifət qüvvələrinin siyasi taktika ilə bağlı yenidən müzakirələr aparmasının vacibliyini vurğulayıb. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə seçki qanunvericiliyinə edilən dəyişikliklərin Azərbaycan cəmiyyətinin istədiyi səviyyədə olmadığını bildirib. O da demokratik seçki keçirilməsi üçün siyasi iradəni əsas şərt adlandırıb. Prezident seçkilərinin boykot edilməsi ilə bağlı fikirlərə münasibət bildirən İ. Ağazadənin sözlərinə görə, müxalifət qüvvələri bundan əvvəlki seçkilərin də demokratik keçiriləcəyinə əvvəlcədən inanmayıb, bununla belə, mübarizə aparıb: “Bu gün isə bu yoxdur. Bizim əvəzimizə Qərb, beynəlxalq təşkilatlar mübarizə aparacaq?”
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov boykot və seçkidə iştirak tərəfdarlarının hər birinin öz arqumentinin olduğunu qeyd edərək, demokratik seçki keçirilməsi üçün mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıb.
Millət vəkili Nəsib Nəsibli isə indiyə kimi keçirilən seçkilərdə aparılan boykot taktikasının hər hansı nəticə vermədiyini xatırladıb: “Bu gün boykot taktikasını seçmək mübarizə aparmaqdan imtina deməkdir”.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə bildirib ki, seçkini boykot etmək və ya iştirak məsələsində mübahisə olmamalıdır: “Hər kəsin öz mövqeyi, hər siyasətçinin öz hüququ var. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR