Bank Of Baku

Xanlar Hacıyev: “Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim”

Xanlar Hacıyev: “Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim”
# 21 iyul 2008 10:35 (UTC +04:00)
- Beş ildən çoxdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimisiniz. Azərbaycanda hakim kimi çalışmaqla Avropa Məhkəməsinin hakimi olmaq arasında fərq böyükdürmü?

- Əlbəttə. Avropa Məhkəməsi tamamilə başqa bir sistemdir. Etiraf edim ki, orada çalışmaq üçün müəyyən müddət adaptasiya keçməlisən, bu yolu tez keçib uyğunlaşmalısan. Avropa Məhkəməsinin hakimi olmaq üçün müəyyən meyarlara cavab verməlisən. Təbii ki, hər məhkəmənin özünəməxsus xüsusiyyətləri, prosedur qaydaları var. Avropa Məhkəməsində hakim kimi çalışmağın müsbət cəhətləri çoxdur. Çalışdığım məhkəmənin çox effektiv aparatı var, orada çox yüksək səviyyəli mütəxəssislər çalışırlar. Hərdən mən öz-özümə təəccüblənirəm ki, bu insanları bir araya necə toplaya biliblər. Məncə, hər məhkəmə bu cür olmalıdır. Bizdə də o cümlədən. Düşünürəm, yəqin ki, biz vaxtilə məhkəmə aparatının fəaliyyətinə, orada çalışan hüquqşünaslara diqqət yetirməmişik. Amma bu məsələ xüsusi olaraq diqqətdə saxlanmalıdır.

- Qaydalara əsasən Avropa Məhkəməsində Azərbaycanla bağlı bütün işlərdə iştirak edirsiniz. İndiyə kimi çətinlik çəkdiyiniz məqamlar olubmu?

- Orada hansı ölkənin işinə baxılırsa, milli hakimlər prosesdə iştirak etməlidirlər. Mən də Azərbaycanla bağlı bütün proseslərdə iştirak edirəm. Amma elə bir çətinliyim olmayıb. Bu günə kimi ölkəmizlə əlaqəli 13 qərar qəbul edilib. Bəzən komitə işlərində çətinliklər olur. Sizə deyim ki, get-gedə mübahisələrin xarakteri də dəyişir. Yəqin ki, Avropa Məhkəməsi məzuniyyətdən qayıdandan sonra daha ciddi mübahisələrə baxılacaq. Mən ötən dəfə də sizə müsahibəmdə demişdim ki, milli hakimin rolu ondan ibarət deyil ki, orada dövlətini müdafiə etsin. Milli hakim ancaq ölkəsini təmsil edir. Baxılan işlərdə dövlətini səbatsız şəkildə müdafiə edəndə sən öz ölkəndə hüquqi, demokratik mədəniyyətin olmadığı barədə təsəvvür yaratmış olarsan. Bu, ən azı həmkarların tərəfindən anlaşılmazlıqla qarşılana, bəlkə də ədalətsizlik, qəribəlik kimi dəyərləndirilə bilər. Hakim qaydalara əməl etməlidir. Bir də, nəzərə almaq lazımdır ki, məhkəmənin qərarları faktlar əsasında verilir.

- Adətən təmin edilən şikayətlər haqqında danışanda onları Azərbaycanın əleyhinə olan qərarlar kimi təqdim edirlər. Belədirmi?

- Avropa Məhkəməsinin hər bir qərarı həmin ölkəyə, orada hüququn inkişafına xidmət edir. həmin qərarlardan Azərbaycanın bu günü və sabahı üçün bəhrələnmək lazımdır. Başqa ölkələrdə bağlı çıxarılan qərarlarla da tanış olub ölkədəki, qanunvericilikdəki problemləri aradan qaldırmaq mümkündür. Biz insan hüquqları üzrə Avropa Konvensiyasına könüllü qoşulmuşuq. Üzərimizə də öhdəlik götürmüşük ki, konvensiyada təsbit olunan hüquqları müdafiə edəcəyik. Həmin hüquqlar Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Ona görə də heç kim heç kimə minnət qoymamalıdır.

- Mətbuat nümayəndələri ilə söhbətdə bildirdiniz ki, hazırda Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı təxminən 1000 iş var və onlardan 40-a yaxını icraata götürülüb. Bəs yerdə qalan işlər hansı mərhələdədir?

- Azərbaycan Avropa Konvensiyasına qoşulduqdan sonra ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə 1726 şikayət daxil olub. Bu gün həmin işlərdən 1043-ü aktivdir. Yəni hazırda bu qədər şikayətə baxılır. Digər şikayətlər isə bu illər ərzində öz həllini tapıb. Bu gün işlərin sayı həm də ona görə çoxdur ki, onların sırasında ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar da var. Belə iddiaların sayı 495-dir. Yerdə qalan şikayətlər isə Azərbaycandan gedib. Bu günə qədər onlardan hökumətə 37 işlə bağlı bildiriş verilib. Deməli, 37 iş üzrə qərar qəbul oluna bilər. Qalan şikayətlərə isə baxılacaq və onların qəbul olunub-olunmayacağı barədə qərar veriləcək.

- Azərbaycanın kiçik ölkə olduğunu və Avropa Məhkəməsinin yurisdiksiyasına yenicə qoşulduğumuzu nəzərə alsaq, şikayətlərin sayı çox deyil ki?

- Mən bununla bağlı öz fikrimi demirəm. Məhkəmədə fikir belədir ki, şikayətlərin sayı artıb və onların keyfiyyəti dəyişib. Yəni artıq Azərbaycandan gələn şikayətlər perspektivli hesab olunur. O mənada ki, onlarla bağlı qərarlar çıxa bilər. Əvvəlki illərlə müqayisədə belə şikayətlərin sayı çoxalıb. Görünür, insanlar Avropa Konvensiyanın tələblərini daha yaxşı öyrənirlər və bu, şikayətlərin də keyfiyyətinə təsir edir. Onu da deyim ki, mən işə başlayanda orada Azərbaycandan bir hüquqşünas vardı, artıq ikinci hüquqşünas da işə götürülüb. Gələcəkdə üçüncü hüquqşünasın da işə cəlb olunması nəzərdə tutulur.

- Şikayətlərin məzmunu barədə nə deyə bilərsiniz?

- Edilən şikayətlərin 40-a yaxını məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Qeyd edim ki, məhkəmə qərarlarının icra olunmaması halları keçmiş sosialist dövlətləri üçün xarakterikdir. Başqa ölkələrdə bu cür hallar olmur. Biz də bu mərhələni keçməliyik, yəni qərar qəbul olunubsa, onu icra etmək lazımdır. Azərbaycandan edilən şikayətlərin bir qismi də mülki mübahisələrlə bağlıdır. Şikayət edənlər hesab edirlər ki, burada onların işlərinə düzgün baxılmayıb. Belə şikayətlər çoxdur. Parlament seçkilərinin nəticələri ilə bağlı təxminən 40 şikayət var.

- İndiyə kimi qəbul edilən qərarlardan çıxarılan nəticələr sizi qane edirmi?

- Çıxarılan qərarları qəbul etmək, onları öyrənmək lazımdır. Biz düşünməliyik. Hakimlərlə bağlı hansı problemlərin olduğunu, onların nəyə görə bu cür qərarlar qəbul etdiklərini öyrənməliyik. Biz sadəcə, fərdi problemləri həll edib, fundamental məsələləri kənarda qoymamalıyıq. Belə olsa, heç vaxt yaxşı nəticə əldə edə bilmərik. Fundamental problemlər varsa, bunlar aradan qaldırılmalıdır.

- Demişdiniz ki, Avropa Konvensiyası ilə Azərbaycan milli qanunvericiliyi arasında mövcud olan ziddiyyətləri həll etmək üçün qanunvericilikdəki boşluqları aradan qaldırmaq lazımdır. Sizcə, belə boşluqlar çoxdurmu?

- Müəyyən qərarlarla bağlı qanunvericiliyə hansısa dəyişiklik oluna bilər. Bu, ilk növbədə hüququn bərpa olunmasında effektivliyin artırılması istiqamətində tədbirlərin görülməsi üçün lazımdır. Bu gün qəbul olunan qərarlardan irəli gələn məsələlərin həll edilməsi, yeni pozuntular aşkar olunmaması üçün təbii ki, qanunvericiliyə və məhkəmə təcrübəsinə müəyyən dəyişikliklər edilə bilər. Məsələn, qəbul edilən qərardan sonra yenidən məhkəmə hansısa şikayət əsasında həmin məsələyə aid təkrar qərar verirsə, bu, onu göstərir ki, milli məhkəmələrin təcrübəsində, ya da ki, qanunvericilikdə hansısa çatışmazlıqlar var. Dövlət çalışıb onları aradan qaldırmalıdır. Ona görə ki, söhbət vətəndaşların hüquqlarından gedir. Bəzi hallarda məhkəmələr qeyri-proporsional qərarlar qəbul edir. Bu hal insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olur. Halbuki başqa qərar da qəbul etmək olardı. Necə ki, başqa dövlətlərdə həmin hallarda azadlıqdan məhrumetmə tətbiq olunmur. Bizim hakimlər qərar qəbul edən zaman başqa Avropa ölkələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından yararlanmalıdırlar.

- Azərbaycan hökuməti Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan məhkəmənin böyük palatasına şikayət etməyib ki?

- Yox, belə bir hal baş verməyib. Düşünürəm ki, bu, çox düzgün yanaşmadır. Şikayət etmək üçün əsas olmalıdır. Elə bir əsas da yoxdur. Hesab edirəm ki, bu, müdrik yanaşmadır. Dövlət öz dözümlülüyünü, Konvensiyaya, məhkəməyə hörmətini göstərir. Bu, həm də pozuntunun baş verməsi və onun aradan qaldırılmasının etirafıdır. Qəbul edilən qərarlar vacibdir, amma hüquqi mahiyyəti üzrə elə də çətin qərarlar deyil.

- Qəbul edilən qərarların hamısı icra edilib?

- Əsasən icra edilib. Bəlkə də hansısa problemlər var. Avropa Konvensiyasına görə, dövlət qərarın icrası yolunu özü azad şəkildə tutmalıdır. Dövlət nümayiş etdirməlidir ki, pozulan hüququn bərpa edilməsində özü maraqlıdır. Bizim Konstitusiyamıza əsasən insanların hüquq və azadlıqlarına, insan ləyaqətinə hörmət etmək ali məqsəddir. Bu mənada böyük işlər görmək lazımdır. Məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı hansısa iradı varsa, bu barədə düşünmək gərəkdir. Əks halda problemləri aradan qaldırmaq, cəmiyyətin inkişafına nail olmaq çətin olar.

- Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlərin siyahısının bir neçə dəfə geri qaytarılması Azərbaycanda geniş müzakirələrə səbəb oldu. Bəzi şəxslər bu halı sizin şəxsinizlə bağladılar və qeyd etdilər ki, Strasburqda Xanlar Hacıyevlə işləmək istəmirlər.

- Mən elə bir tərbiyə almışam ki, bir yerdə arzulanmayanda çalışıram ki, bir də ora getməyim. O məhkəmədə mənim çalışmağımı istəməsəydilər, orada qalıb işləməzdim. Çox razıyam ki, Allah mənə insanları duymaq, anlamaq xüsusiyyəti verib. Əgər bilsəydim ki, bu gün mənim orada olmağımı istəmirlər, dünəndən oradan ayrılardım. Məni ora bağlayan tellər beləmi çoxdur? Qəriblikdə çalışmaq, vətəndən ayrı olmaq mənim üçün çoxmu asandır? Avropa Məhkəməsinin sədri ilk gündən sona kimi mənim orada çalışmağımı istəyib. Hakim məsələsini Avropa Şurası Parlament Assambleyasının xüsusi komissiyası həll edib. Onlar iki dəfə namizədlərdən yalnız birinin tələblərə cavab verdiyində israr ediblər. Onu da deyim ki, mənim üçün də aylar ərzində dilemma qarşısında qalmaq asan deyildi. Nəzərə aldım ki, qalib gəlmək istəyən insan dözümlü olmalıdır. İndiyə kimi çox yollar keçmişəm. Hələ düşünmürəm ki, nəzərdə tutduğum vəzifələrin hamısını yerinə yetirmişəm. Ölkəmizi təmsil etmək üçün başladığım işi yarıda qoyub geri dönmək istəmədim. Bir də ki, artıq gələcəyə baxıram. Geriyə baxsam, kimlər mənim barəmdə nə deyib, nə danışıb, açığı, onları analiz etmək istəmirəm. Allah hər şeyi görür. Mən onların hamısına yalnız xoşbəxtlik arzu edirəm. Yenə də mənə dəstək olan insanların hər birinə minnətdarlığımı bildirirəm.

- 2013-cü ilin oktyabrına kimi bu vəzifədə olacaqsınız. Ondan sonra Azərbaycana qayıtmaq, məsələn, burada hakim kimi çalışmaq istəyirsinizmi?

- İndidən bu barədə nəsə demək çətindir. Sağlıq olsun. Əlbəttə, fəaliyyətimi başa vurandan sonra Azərbaycana qayıtmaq, burada işləmək istəyirəm. Hər şeyi zaman göstərəcək. İnsan həmişə ona tələbat olan yerdə olmalıdır. Mən də özümə, ağlıma ehtiyac olan yerdə xalqıma, dövlətimə xidmət etmək istəyirəm. Vaxtilə işlədiyim SSRİ Ali Məhkəməsindən Bakıya qayıdanda mənə demişdilər ki, Qafqazdan SSRİ Ali Məhkəməsində həmişə hakim olub. O zaman orada Qafqazdan İsmayıl Alxasov hakim kimi çalışırdı. Çox yaxşı hüquqşünas, gözəl insan idi. Mən xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. Orada bəzi adamlar dedilər ki, ondan sonra Qafqazı burada sən təmsil edə bilərsən. Mən işləmək üçün Bakıya gəldim və onda bilmirdim ki, SSRİ qısa zamanda dağılacaq və Azərbaycanda Ali Məhkəmənin, sonra Konstitusiya Məhkəməsinin sədri olacağam. Hər iki vəzifəyə təyin olunmağım mərhum Heydər Əliyevin təşəbbüsü və etimadı əsasında oldu. Mən həmişə bu halı minnətdarlıqla yad edirəm. İndi də xoşbəxtəm ki, müstəqil Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edirəm və çalışıram ki, ölkəmizi layiqincə təmsil edim. Ən böyük arzum bu vəzifədəki fəaliyyətimi başa vurandan sonra vətənimə dönüb burada yaşamaqdır. Koelyonun maraqlı bir əsəri var - “Kimyagər”. Əsərin qəhrəmanı xəzinə axtarmaq üçün yola çıxır və uzun axtarışlardan sonra başa düşür ki, axtardığı xəzinə elə vətənindədir. Mən Strasburqa gedəndə xəzinə axtarmağa getmədiyimi, ən böyük sərvətin vətənimdə olduğunu bilirdim. Bu dünyada ən böyük sərvət insandır. Mənim vətənimin də ən böyük xəzinəsi Azərbaycan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR