Bank Of Baku

Rauf Arifoğlu: “Çevrəmdəki adamlar tələb edirlər ki, prezidentliyə namizədliyimi irəli sürüm”

Rauf Arifoğlu: “Çevrəmdəki adamlar tələb edirlər ki, prezidentliyə namizədliyimi irəli sürüm”
# 04 avqust 2008 15:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavatın seçkidə iştirak etməməklə bağlı qərarından partiyanın sıravi üzvləri, rayon təşkilatlarının rəhbərləri çox məyusdurlar. Onlar öz məyusluqlarını telefon zəngləri ilə və bilavasitə ifadə edirlər. Aralarında hətta ağlayanlar da var. Müsavatçılar beş ildən bir ələ düşən fürsətin, şansın bu cür əldən verilməsi ilə barışmaq istəmirlər. Belə bir vəziyyətdə onlar və çevrəmdəki adamlar mənə israrla deyir və hətta tələb edirlər ki, namizədliyimi irəli sürüm və demokratik düşərgə, narazı elektorat mübarizəni mənim timsalımda aparsın”. Bu sözləri APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasının üzvü Rauf Arifoğlu deyib. O, Müsavatın seçkilərdə iştirak etməmək barədə qərarını demokratiyanın mövcudluğu və gələcəyi üçün zərərli hesab etdiyini bildirib. Seçkilərdə iddiaçı kimi çıxış etməyi düşündüyünü deyən baş redaktorun fikrincə, Müsavatın qərarı ilə Azərbaycanda demokratik düşərgə mübarizədən kənar vəziyyətə düşüb: “Mən seçkidə şəxsən iştirakdan daha çox onu düşünürəm ki, indiki məqamda necə edək ki, seçki kampaniyasından kənarda qalmaq partiyanı və bütövlükdə düşərgəni çökdürməsin, habelə digər demokratik təsisatları, eləcə də siyasi qəzetləri pis vəziyyətə qoymasın”. R. Arifoğlu namizədliyin irəli sürülməsi üçün az vaxt qaldığını, buna baxmayaraq, iştirak qərarı verəcəyi halda bütün lazımı prosedurları həyata keçirə biləcəyini qeyd edib: “Təxminən bir il əvvəl İsa bəylə bu mövzuda söhbət etmişəm. Həmin vaxt demişdim ki, “Narahatam ki, heç kim seçkiyə getməyəcək və hətta mənim təhlilimə görə Siz də getməyəcəksiniz. Heç kim İlham Əliyevin ən güclü vaxtlarında onun qarşısına çıxıb, mübarizə aparmaq istəməyəcək. Əgər getməyəcəksinizsə, mən dəqiq bilim və işlərimi bu perspektivə görə qurum”. Aramızda belə bir razılaşma oldu ki, o mütləq seçkiyə gedəcək və bizim də dəstəyimizlə daha bir səsvermə prosesini udacaq. Çox təəssüf ki, bu baş vermədi. Ötən ilin oktyabrında seçkiyə getməklə bağlı qərar qəbul edilsə də, bu il avqustun 2-də həmin qərarın əksinə qərar qəbul edildi, mövqe dəyişdirildi. Sanki bilərəkdən bunu ən son anda, məxfi əməliyyat kimi apardılar ki, digər iddialı adamlar üçün vaxt qalmasın, hamı seytnota düşsün. Mən razıyam ki, vaxt çox azdır, qəti qərar vermək və prosedurlara başlamaq, dəstək qrupları yaratmaq, seçki qərargahı formalaşdırmaq faktiki olaraq mümkünsüz görünür. Elə bu baxımdan bütün imkanları ölçüb biçməkdəyəm. Müsavat fəalları bu məsələ ilə bağlı mənimlə fikirlərini və dəstək imkanlarını bölüşmək istəyirlərsə, hamı ilə təmasa hazıram”. R. Arifoğlu bildirib ki, onu tələsik qərar verməkdən çəkindirən amillərin biri də atacağı addımın nəinki Məclisin qərarına, bütövlükdə partiyanın qərarlarına, xüsusilə də İsa Qəmbərə qarşı çıxmaq kimi qiymətləndirilmə ehtimalıdır: “Avtomatik olaraq bu belə dəyərləndiriləcək. Amma mənə elə gəlir ki, partiyanın qərarlarına qarşı çıxmaq Azərbaycana qarşı çıxmağa bərabər sayılmır. Mən isə partiyanın seçkidə iştirak etməməsini Azərbaycanda demokratiyaya qarşı çıxmaq kimi qiymətləndirirəm. Bax bu müqayisədən çıxış edərək, yekun qərar verəcəyəm”.
Müsavat Məclisinin iclasında bir qrup şəxsin iclas zalından çıxarılması və onların R. Arifoğlu tərəfindən Məclisə göndərilməsi ilə bağlı iddialar isə baş redaktor bunları təkzib edib: “O hərəkəti kim edibsə, partiyada tutduğu vəzifəsindən asılı olmayaraq ona ayıb olsun. Mən bunu aydınlaşdırmışam ki, zaldan çıxarılanlar partiyanın Gənclər Təşkilatının üzvləri, müsavatçı qadınlar olublar. Qaraguruh dəstəsi yaradıb ora göndərməkdə marağım nə ola bilərdi ki? Partiyanın üzvləri Müsavat Məclisinin ötən ilin oktyabrında qəbul etdiyi qərarı dəstəkləyirlər və oraya ona görə getmişdilər ki, İsa Qəmbərin prezidentliyə namizədliyi təsdiqlənməli idi. Kimin xəbəri vardı ki, orada hansı proseslər olacaq və ora da adam göndərilsin. Sadəcə insanlar öz taleyinə aid qərarlarla maraqlanırlar və orada İsa Qəmbərin namizədliyini dəstəkləyən çıxışlara əl çalınıb. Yəni Məclis zalından qovulanlar İsa Qəmbərə əl çalıblar. Onların ünvanına “kimin tərəfindənsə öyrədilmiş aldamlar” ifadəsinin işlədilməsi, onları təxribatçı kimi qələmə vermək, müsavatçıların zaldan çıxarılması özü ayıb bir hərəkətdir. Bunu həm müsavatçılara, həm də özümə qarşı sayğısızlıq hesab edirəm. Bir daha bildirirəm ki, mənim o biabırçı prosesə heç bir aidiyyətim yoxdur. Mənə qarşı şantaj başlatmaq fikrindədirlərsə, başqa bəhanələr uydursunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR