Müstəqillik dövründə əldə edilən təcrübəyə əsaslanaraq əhalinin siyahıyaalınmasının müfəssəl keçirilməsi üçün zəruri təşkilati məsələlərin həlli və aidiyyəti resursların cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.
Baş nazir bildirib ki, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi çərçivəsində Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq ediləcək: “Dövlət başçısı tərəfindən bunun üçün Nazirlər Kabinetinə iki aylıq icra müddəti müəyyən edilib.
Bununla əlaqədar Dövlət Statistika Komitəsinə tapşırılıb ki, aidiyyəti dövlət orqanları (qurumları) ilə operativ qaydada razılaşdırılmış müvafiq təkliflər qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunsun. Bu işin icrası üçün bir aylıq müddət müəyyənləşdirilib.
Eyni zamanda, Dövlət Statistika Komitəsinin 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi üzrə Təqvim planını tərtib edərək təsdiqləməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.