Bank Of Baku

Azərbaycan prezidenti Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb
# 06 avqust 2008 16:57 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılacaq. "Təmiz Şəhər" ASC Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərini həyata keçirir. ASC-nin fəaliyyətinin təşkil edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə verilib.

Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "Təmiz Şəhər" ASC-yə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı Şəhər İcra Hakimiyyətinə verilib. "Təmiz Şəhər" ASC-nin səhmlərinin saxlayıcısı funksiyalarını Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir.

Sərəncamda İqtisadi İnkişaf Nazirliyinə tapşırılır ki, "Təmiz Şəhər" ASC-nin Nizamnaməsinin layihəsini hazırlasın və Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün, ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının sədrini və üzvlərini təyin etsin, ASC-də dövlətə məxsus səhmlərin səmərəli idarə edilməsini təmin etsin hər il ASC-nin illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiqləsin.

Nazirlər Kabinetinə isə qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentinə təqdim etmək, Azərbaycanda məişət tullantılarının idarə olunmasının beynəlxalq təcrübəyə uyğun qurulması, tullantıların toplanması, daşınması və təkrar istifadə üçün emal sahələrinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti isə "Təmiz Şəhər" ASC-nin fəaliyyəti təşkil edilənədək məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı işlərin fasiləsiz həyata keçirilməsini təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR