Bank Of Baku

Ümid Partiyasının Lənkəran rayon təşkilatı tam tərkibdə istefa verib

Ümid Partiyasının Lənkəran rayon təşkilatı tam tərkibdə istefa verib
# 16 avqust 2008 10:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ümid Partiyası Lənkəran rayon (şəhər) təşkilatının rəhbərliyi təmsil olunduqları qurumdan çıxmaları ilə bağlı bəyanat veriblər. Təşkilatdan APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, bundan sonra Ümid Partiyasının Lənkəran rayon təşkilatının sədri Kazım Məmmədov, Məclis sədri Namiq Məmmədov, Nəzarət Təftiş Komissiyasının sədri Mais Məmmədov və qurumun 187 nəfər üzvü siyasi fəaliyyətlərini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında (BAXCP) davam etdirəcəklər: “Ümid Partiyasının üzvləri partiyanın siyasi rəhbərliyinin elan etdiyi prinsiplərə uyğun gəlməyən fəaliyyətini, Azərbaycanın milli və dövlət maraqlarına münasibətdə ikili standartlardan çıxış etdiyini nəzərə alaraq, bu təşkilatın sıralarından istefa verir”. Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Ənvər Ağayev isə deyib ki, 15 gün öncə partiyanın Lənkəran rayon təşkilatının fəaliyyətinə xitam verilib: “Bu rayon təşkilatının fəaliyyəti partiya rəhbərliyini qane etmədiyindən qurum buraxılıb”. Onun sözlərinə görə, rayon təşkilatının Məclis sədri Rusiyada ticarətlə məşğul olur, sədri isə tikinti sektorunda çalışır: “Bu şəxslər partiyanın qurultayında da iştirak etmədilər. Digər tərəfdən Kazım Məmmədov 2006-cı ildə Ümid Partiyasına BAXCP-dən keçmişdi. Bu mənada onun mövqeyini dəyişməsi bizi narahat etmir. Bu üç şəxsin 187 partiya üzvü adından danışması isə düzgün deyil”. Ə. Ağayev bildirib ki, hazırda partiyanın Lənkəran rayon təşkilatının formalaşdırılması istiqamətində zəruri işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR