Bank Of Baku

Deputat güc strukturlarının rəhbərlərinin və xarici işlər nazirinin parlamentə dəvət olunmasını təklif edib

Deputat güc strukturlarının rəhbərlərinin və xarici işlər nazirinin parlamentə dəvət olunmasını təklif edib
# 06 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir. APA-nın xəbərinə görə, Mili Məclisin spikeri Oqtay Əsədov iclasın əvvəlində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın millət vəkillərini və bütün Azərbaycan qadınlarını təbrik edib. Qadın deputatlara hədiyyələr təqdim edilib. Millət vəkili Məlahət İbrahimqızı qadınlara göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan qadınına dövlət səviyyəsində diqqət göstərildiyini deyib. Deputat bildirib ki, Azərbaycanda qadınlara böyük qayğı var. M. İbrahimqızı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadınlarla bağlı böyük işlər gördüyünü də vurğulayıb.

Cari məsələlərlə bağlı çıxış edən deputatlar bir sıra məsələlərə münasibət bildiriblər. Millət vəkili Qüdrət Həsənqulivev MM-in növbəti iclasında hökumətin hesabatın dinlənəcəyini xatırladaraq, ölkənin bütün güc strukturlarının rəhbərlərinin və xarici işlər nazirinin parlamentə gəlməli olduğunu bildirib: “Bizim xarici işlər nazirinə suallarımız var. O burda Ermənistan-Türkiyə münasibətlərinə aydınlıq gətirməlidir”. Q. Həsənquliyev onu da deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana buraxılmamalı, onların həmsədrliyindən imtina olunmalıdır: “Onların mövqeyi Azərbaycanın maraqlarına uyğun gəlmir”. Deputat Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevin qətli ilə bağlı indiyə kimi heç bir məlumat verilmədiyini qeyd edərək, bu barədə açıqlama verilməsini istəyib.

Spiker O. Əsədov isə cavab olaraq bildirib ki, Türkiyə-Ermənistan münasibətləri son günlər çox müzakirə olunur. Azərbaycanla Türkiyənin “Bir millət iki dövlət” olduğunu qeyd edən spiker böyük dövlət olan Türkiyənin müstəqil siyasət yürütdüyünü vurğulayıb: “Biz qardaş dövlətlərik. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da açıqlamasında dedi ki, narahatlığa əsas yoxdur”.

Deputat Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı qeyd edilən məqamları tənqid edib. MM üzvü deyib ki, hesabatda Azərbaycana qarşı haqsızlıqlar var.

Millət vəkili Fazil Mustafa isə orta məktəblərdə və bir sıra müəssisədə hicaba qadağa qoyulduğunu deyib: “Əgər belədirsə, Azərbaycanda hicaba qadağa qoyulması ilə bağlı qanun qəbul edək. Birdəfəlik bilək ki, hicab qadağandır”.

O. Əsədov isə deyib ki, hicabla bağlı qadağa MM-də müzakirə ediləsi məsələ deyil, bununla məşğul olmaq üçün müvafiq qurumlar var.

Bununla da, cari məsələlərə ayrılan vaxt başa çatıb, Ombudsman Elmira Süleymanovanın 2008-ci ilin yekunları ilə bağlı ilik məruzəsinin dinlənilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR