Bank Of Baku

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” Zavodunun açılışında iştirak edib

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” Zavodunun açılışında iştirak edib
# 16 mart 2009 11:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Cihaz” İstehsalat Birliyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Radioquraşdırma” zavodunun açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı ulu öndər Heydər Əliyevin müəssisənin həyətindəki büstü önünə gül dəstəsi qoyduqdan sonra zavodun açılışını bildirən lenti kəsib və müəssisə ilə tanış olub.

Prezidentə müəssisə, habelə Müdafiə Sənayesi Nazirliyi yaradılandan - 2005-ci ildən bəri görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, MSN-in tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istifadəyə verilib, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanıb. Prezidentin tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.

Dövlət müdafiə sifarişi proqramına görə, 2007-ci ildə 213 adda, 2008-ci ildə isə 300 adda müdafiə təyinatlı məhsul və onların ehtiyat hissələri istehsal edilərək güc strukturlarına təhvil verilib. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı da mənimsənilib. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılıb. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, mühəndis döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin də istehsalına başlanılıb. Ötən il sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artıb. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulur. Bunlardan ən müasir tipli zirehli transportyorların yığımını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını və s. göstərmək olar. İndiyədək Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belarus, Koreya Respublikası və digər ölkələrdən 163 dəzgah və texnoloji avadanlıq, 5000-dən çox isə müxtəlif növ alətlər alınıb. Daha 7 növ müdafiə təyinatlı məhsul istehsalı sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınaraq quraşdırılması 2009-cu ildə başa çatdırılacaq. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulub.

Dövlət başçısına bildirilib ki, Azərbaycanda radio sənayesinin ilk müəssisəsi olan Bakı radio zavodu 1947-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılıb. Müxtəlif vaxtlarda burada radioqəbuledicilər, televizorlar, universal elektron hesablama maşınları (HEM) istehsal edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR