Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərində birgə iştirak etmək barədə razılığa gəlib

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərində birgə iştirak etmək barədə razılığa gəlib
# 31 mart 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak etmək barədə ilkin razılığa gəlib. Əgər seçkidə birgə iştirak edəcəyiksə, o zaman seçki bloku da yaradıla bilər”. Bunu APA-ya açıqlamasında hərəkata daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, partiyaların seçkidə birgə iştirak edəcəyi halda detallar da müzakirə olunacaq: “Qarşıda hələ çox vaxt var və güman edirəm ki, ortaq məxrəcə gəlinəcək. Çünki hərəkatda olan siyasi partiyaların iradəsi bu istiqamətdə köklənib. Bundan başqa, cəmiyyətdəki ab-hava da müxalifətin birliyini istəyir. Ona görə də burada bu mövqedən geri çəkilmək üçün obyektiv səbəb yoxdur”. İ. Ağazadə bildirib ki, seçki bloku yaranarsa, hərəkata daxil olan partiyalar bələdiyyələrə vahid namizədlər müəyyənləşdirəcəklər.

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət də hərəkatda bələdiyyə seçkilərində birgə iştirakla bağlı razılığın əldə edildiyini deyib. APA-ya açıqlamasında o bildirib ki, hələlik konkret addımlarla bağlı qərar qəbul edilməyib: “Birgə iştirakın forması barədə hələlik qərar yoxdur. Amma vahid namizədlərlə iştirak edəcəyik”.

Hərəkata daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bələdiyyə seçkilərində ən geniş koalisiyanın qurulmasının tərəfdarı olduqlarını deyib: “Hesab edirik ki, bu koalisiyanın əsasını Qarabağ və Respublika Uğrunda Hərəkatda olan partiyalar təşkil etməlidir. Bələdiyyə seçkiləri dövründə müxalifətin ən geniş ittifaqının yaradılması istiqamətində səylər göstərmək vacibdir. İstisna deyil ki, bu ittifaqa hərəkatdan kənarda olan partiyalar da daxil olsun. Amma əsas üstünlük hərəkata daxil olan partiyalara verilir”.

Hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hərəkatın fəaliyyətinin üç istiqamətdə davam etdirilməsi barədə razılığın əldə edildiyini deyib: “Bunlar martın 18-də keçirilmiş referendumun nəticələrinin ləğvinə nail olmaq, növbəti bələdiyyə seçkiləri və Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərdir”.

S. Cəlaloğlu əsas məsələnin hərəkatın bələdiyyə seçkilərində vahid mövqedən çıxış etməsi olduğunu da deyib: “Başqa qüvvələrin hərəkata qəbul edilməsinə gəlincə, hələlik bu məsələni müzakirə etməmişik”.

Hərəkatın üzvü olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev APA-ya bildirib ki, bələdiyyə seçkilərində birgə iştirak etməklə bağlı niyyət var: “Amma hazırda referendumun nəticələri ilə bağlı məsələlər müzakirə edilir. Bələdiyyə seçkilərində 6 partiyanın iştirakı ilə seçki blokunun yaradılması da mümkün variantlardan biridir. Amma hələlik məsələylə bağlı dərin müzakirə aparılmayıb, yalnız belə bir niyyətin ortada olduğu bildirilib”.

Hərəkatda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov isə APA-ya müzakirələrin hələlik yekunlaşmadığını deyib. Onun sözlərinə görə, bununla bağlı qərar qəbul etmək hələ tezdir: “Blok şəklində, yaxud hərəkatın özünü saxlamaqla seçkilərdə iştirak edəcəyik. Seçkilərdə birgə iştirak etməyin mexanizmini tapacağıq. Hələlik konkret mexanizm müəyyənləşməyib. Əsas məsələ odur ki, seçkidə birgə iştirak etmək barədə ilkin razılıq əldə edilib”.

Hərəkatda təmsil olunan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov isə bələdiyyə seçkilərində iştirak forması ilə bağlı hələlik mövqeyini müəyyənləşdirmədiyini deyib: “Bu məsələni ciddi şəkildə müzakirə etdikdən sonra qərar verəcəyik. Hərəkata daxil olan partiyalarla da müzakirələr aparılacaq. Mən bələdiyyə seçkilərinə böyük əhəmiyyət verirəm və düşünürəm ki, bu məsələdə hər kəs fəal olmalıdır. Amma bunun hansı formatda olacağı müzakirələr nəticəsində aydınlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR