Bank Of Baku

Fazil Mustafa: “Azərbaycan müxalifəti hakimiyyətlə hesablaşmırsa, pasportdan da, bu ölkədə yaşamaqdan da imtina etməlidir” - MÜSAHİBƏ

Fazil Mustafa: “Azərbaycan müxalifəti hakimiyyətlə hesablaşmırsa, pasportdan da, bu ölkədə yaşamaqdan da imtina etməlidir” - <font color=red>MÜSAHİBƏ</font>
# 16 aprel 2009 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Martın 18-də keçirilən referendumdan sonra ölkədə nə dəyişib?
- Bütövlükdə referendum ölkənin həyatında ciddi hadisə kimi qəbul olunmalıdır. Amma Azərbaycan cəmiyyətində dinamizm öldüyünə, cəmiyyətdə passivləşmə getdiyinə və siyasi münasibətlərdə çevik dəyişilmə olmadığına görə referendumdan sonrakı vəziyyətdə də bir yenilik üzə çıxmadı. Hüquqi şəraitin dəyişməsi ölkədə heç nəyə ciddi təsir göstərmir. Real vəziyyətin dəyişməsi üçün isə müəyyən çalışmalar lazımdır ki, bunun üçün də dialoq mühitinə ehtiyac var. Dialoq mühitinin vacibliyi ondan ibarətdir ki, Azərbaycanda siyasətin formalaşmasında partiyalar önə çıxmalıdır. Azərbaycanda isə bürokratiyanın öndə olması prosesləri müəyyən nöqtədə yanlışlığa gətirib çıxarar. Çünki plüralist müzakirə mühiti olmayan yerdə istər daxili, istərsə də xarici siyasətdə birxətli kurs götürülməsi cəmiyyətdəki münasibətləri kifayət qədər zədələyə bilər. Bu, həm də demokratik mühitin formalaşmasına əngəl yaradar. Bizim çalışmamız bu istiqamətdədir. Buna görə də “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təklif etdik, keçmədi, dialoq üçün çağırışlar edirik, buna da reaksiya yoxdur. Referendumdan sonra hakimiyyət ən azı özü üçün müəyyən mürəkkəb hesab olunan proseduraları ortadan qaldırdı. Əgər bundan sonra da dialoqa gedilmirsə, münasibətlərdə yumşalma olmursa, bu, artıq hakimiyyətin günahı sayılmalıdır. Biz daxili uzlaşma yarada bilməsək, çox ciddi problemlərlə üz-üzə qalacağıq.

- Bu istiqamətdə daha hansı addımlar atmaq fikriniz varmı?
- Artıq qeyd etdiyim kimi, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsi təqdim etmişik. İkinci çalışmamız odur ki, partiyaların cəmiyyətdə rolunun qaldırılması üçün siyasi partiyaların dialoqu başlasın. Bu günlərdə Yeni Azərbaycan Partiyasına müraciət edəcəyik ki, hakim partiya kimi cəmiyyətdə partiyaların rolunun artırılması istiqamətində müzakirələrə başlasın. Çox maraqlıdır ki, dövlətdən QHT-lərə, Yazıçılar İttifaqına, digər ictimai qurumlara vəsait ayrılır, siyasi partiyalara yox. Dövlətin siyasətini partiya formalaşdırırsa, başqa ölkələrdə partiyalar önə çəkilirsə, icra və qanunverici orqanın formalaşmasında əsas mexanizm olaraq partiyalar götürülürsə, Azərbaycanda bu niyə arxa planda saxlanılmalıdır? Özü də təkcə radikal partiyalara deyil, konstruktiv partiyalara da bu münasibət var. Ona görə də biz istəyirik ki, artıq siyasət mədəni münasibətlər fonunda inkişaf etsin.

- Sizin səsləndirdiyiniz təkliflər demək olar ki, illərdir, müxtəlif partiyalar tərəfindən irəli sürülür, lakin heç biri həyata keçmir, qarşı tərəfdən reaksiya verilmir...
- Ölkədə qurulan münasibətlər sistemi belədir ki, plüralist idarəetmə düşüncəsi Azərbaycanda tətbiq olunmur. Biz plüralist idarəetmə forması təklif edirik ki, cəmiyyətin formalaşmasında hər kəsin payı olsun. Birinin payı 60-70 faiz ola bilər, amma heç olmasa, 10-15 faiz də müxalifətin fikirləri nəzərə alınmalıdır. Azərbaycanda artıq siyasət iylənmə və çürümə mərhələsinə gəlib çıxıb, siyasət yaradıcı mahiyyət daşımır. Siyasətə yeni impulslar gətirilmir. Hakimiyyətdəkilər düşünürlər ki, hər zaman bu tempdə cəmiyyətin idarə olunması mümkün olacaq. Amma unudurlar ki, Azərbaycan təkcə özünün daxilinə qapılmış, başını zirehi altında gizlədən tısbağa deyil. Xaricdə hər hansı dəyişikliklər olarsa, bu, Azərbaycanın daxili siyasətinə də təsir edəcək. İndidən buna hazır olmaq lazımdır, daxildə funksiyalar bölgüsü aparılmalıdır. Bilinməlidir ki, hakimiyyətin qanunla tənzim olunan funksiyası harada tamamlanır, müxalifətin funksiyası nədən ibarətdir. Bu bölgü olmadığına görə, problemlər yaranır. Məsələn, götürək elə Türkiyə ilə Azərbaycan arasında bağlı yaranın problemləri. Bir qayda olaraq Azərbaycan hakimiyyətini tənqid edən, yaxud müdafiə edən fikirlər Türkiyə müxalifəti tərəfindən gəlir. Azərbaycanda isə hakimiyyət müxalifətin imkanlarını məhdudlaşdırdığına görə, dövlət dövlətə qarşı jestləri də özü etməli oldu. Bu isə dövlətlərarası münasibətləri zədələyə bilər. Halbuki bu funksiyanı müxalifət yerinə yetirməlidir. Amma müxalifəti əziblərsə, ona meydan verilməyibsə, onda bu o deməkdir ki, müxalifətin nüfuzu az olur, beynəlxalq aləmdə də sözü keçmir. Bu amil isə hakimiyyətin və bütövlükdə dövlətin ziyanına işləyir.

- İndiki Azərbaycan reallığında bu münasibətlərin dəyişməsini nə qədər mümkün sayırsınız?
- Bu mümkün idi, amma fürsət qaçırıldı. Prezident seçkilərindən sonra çox gözəl fürsət yaranmışdı. Seçkidə iştirak edən bütün müxalifət partiyaları seçilən prezidenti təbrik etdi, prezident də seçkidə konstruktiv mövqe tutan bütün namizədlərin bu addımını alqışladı və təşəkkürünü bildirdi. Bu o demək idi ki, yeni münasibətlər başlamalı idi. Lakin sonradan həm müxalifətin jesti, həm də prezidentin təşəkkürü unuduldu. Sərkisyan 52 müxalifət partiyasını dəvət edib, Qarabağ məsələsi ilə bağlı məsləhətləşmə aparır, niyə Azərbaycanda bu addım atılmır? Vladimir Putin də müxalifətlə məsləhətləşmə apardı. Axı ölkənin elə funksiyaları var ki, bunu müxalifət öz üzərinə götürməlidir. Bunu düşünmək lazımdır.

- İqtidar-müxalifət münasibətlərindəki problemdən danışdınız. Amma müxalifət partiyalarının arasında da ciddi qarşıdurmalar var axı... Bu münasibətlər necə tənzimlənməlidir?
- Bunun yolu odur ki, cəmiyyətdə dediyim kimi normal funksiya bölgüsü aparılmalıdır. Müxalifət partiyalarının özünün arasında da mədəni münasibətlər sistemi formalaşmalıdır. Bunun üçün isə partiyalar artıq bir-birini ittiham etmək taktikasından çəkinərək daha çox əməkdaşlıq yolunu seçməlidir. Ölkənin o qədər ciddi problemləri var ki, bu məsələlər ətrafında məncə bir yerdə hərəkət etmək mümkündür. Bütövlükdə inkarçı mövqedən çıxış etmək yanlışdır. Məsələn, son referendumda müxalifətin iştirakını çox müsbət qarşılayıram. Yəni prosesdə aktiv iştirak edib fikirlərini çatdırdılar. Amma prezident seçkilərində iştirak etmədilər. Bu taktiki cəhətdən yanlış addım idi. Seçki prosesindən kənarda qalıb boykot eləmək, inkar etmək yolunu tutmayan qüvvələrlə əməkdaşlığa hazırıq. Hətta prosesi uduza bilərsən, çox az səs ala bilərsən. Amma söhbət partiyanın cəmiyyətlə ünsiyyətindən gedirsə, bu ünsiyyətdən imtina etmək lazım deyil. Bizim əsas tələbimiz budur.

- Siz də partiya başqanısınız. Hazırda digər müxalifət partiyaları ilə münasibətləriniz nə yerdədir?
- Bütün müxalifət partiyaları ilə bizim tərəfimizdən çox normal münasibətlər var. Bizə qarşı olan münasibətlər isə bəzi məsələləri əngəlləyir. Məsələn, biz saxtakarlığın əleyhinəyik və birbaşa mövqeyimizi bildiririk. Deyirik ki, biz bu hakimiyyətin oyun qaydalarını qəbul edirik, amma fikir qaydalarını yox. Biz hakimiyyətlə hesablaşırıq, amma razılaşmırıq. Bu isə ölkədə siyasi sistemin sabitliyi üçün vacibdir. Yəni ki, ən pis qanunsuzluqdansa, ən pis qanunun mövcud olması yaxşıdır. Ən azı parlament müstəvisində müxalifətin fəaliyyətinin genişlənməsi lazımdır ki, cəmiyyətin problemlərini dilə gətirə bilsin. Digər müxalifət partiyaları isə deyir ki, həm hakimiyyətlə hesablaşmır, həm də razılaşmırlar. Qanunu tətbiq edən bu hakimiyyətdir, hesablaşmırsansa, o zaman bu ölkənin pasportundan da, burada yaşamaqdan da imtina etməlisən. Bu baxımdan biz tədricən ölkənin demokratikləşməsi kursunu götürmüşük və səmimi şəkildə bunu bildiririk. Problemləri də açıq şəkildə cəmiyyətin diqqətinə çatdırırıq. Ona görə də qaydaları tanımayan müxalifət qüvvələri ilə münasibətlər hələ ki, “salam-sağ ol”dan o yana keçmir, hətta bəzən bu səviyyəyə də qalxmır. Bu da mədəniyyətsizliyin bir formasıdır. Əslində, hansı dünyagörüşündə olursan ol, salam Allah salamıdır. Amma parlamentdə təmsil olunan partiyalarla çox yaxşı münasibətlərimiz var.

- Ümumiyyətlə, Siz özünüzü müxalifətçi hesab edirsiniz? Çünki əksər halda hakimiyyətyönlü olmaqda ittiham edilirsiniz...
- İttiham etmək əsas deyil. Əsas odur ki, bu mövqe fikirlə, dünyagörüşü ilə müəyyən olunur. Hesab edirəm ki, Azərbaycanın ən ideal müxalifət modelini həyata keçirən insanlar bizik. Bizim müxalifətçilik anlayışı hesablaşmaq, amma razılaşmamaq üzərində qurulub. Biz süni inkarçılıqla, xarici təşkilatların gözünə yaxşı görünmək, hansısa ölkənin səfirinin təşəkkürünü qazanmaq üçün müxalifətçilik etmirik. Bizim müxalifətçiliyimiz ölkənin dəyişməsi üzərində qurulub. Ölkənin tədricən həm münasibətlər sisteminin dəyişməsi, həm də demokratiyaya doğru addımlamaq xəttini götürmüşük. Biz on illərlə əks yolu sınaqdan çıxardıq, meydanda, küçədə bu müqaviməti ortaya qoyduq, nəticəsi olmadı. Nəticəsi olmayan bir işin ardınca gedən insanlar ağıllı sayılmaz. Bu kiçik ölkədə amansız ölüm-dirim mübarizəsi aparan iqtidar-müxalifət münasibətlərinin əleyhinəyik. Biz tədricən iqtidarın da demokratikləşməsinə çalışırıq. İqtidarda kifayət qədər nöqsan var və bunu söyə-söyə deyil, ağıllı dəyişmək yolunu seçmişik. Bu isə kiminsə marağına uyğun gəlmir. Bizə deyirlər ki, mandatdan imtina edin. Onda başqa müstəvi desinlər, orada mübarizə aparaq. Biz başqa peşə seçsəydik, onda bundan imtina edərdik. Amma siyasət mümkün olanı həyata keçirmək sənətidirsə, bu gün bizim üçün mümkün olan parlament tribunasıdır. Biz bu tribunadan istifadə edərək vicdansız söz demirik ki, ölkənin problemlərini dilə gətiririk. Yəni biz müxalifətçiliyimizi sübut etmək xəstəliyinə tutulmamışıq. Müxalifətçiliyi cəmiyyətə fikirlərlə təqdim edirik. Bugünkü radikal hesab olunan müxalifətin ən naqis, nöqsanlı cəhətlərindən biri odur ki, həmişə ardınca gələn insanların taleyini düşünmədən addım atır. Əgər həbsdə olmaq pis şeydirsə, rəhbərlik etdiyini partiyanın üzvünü həbsə saldırmamalısan. Həbsxanaya düşmədən hakimiyyətə gəlmək yolunu tapmalısan. On illərlə Xalq Cəbhəsinin üzvləri həbslərdə oldular, ideoloji mübarizə apardıq, amma nəticə olmadı, bu mübarizədən qalib çıxmadıq. Deməli, bu taktikanın dəyişilməsi vacibdir. Biz də taktikanı dəyişirik. Buna görə mənəvi keyfiyyətləri aşağı olan, beş nəfər dostu olmayan adam bizi rahat şəkildə satqınlılıqda ittiham edə bilir. Amma siyasətlə məşğul olursansa, cəmiyyətə fayda verməyin yolunu tapmalısan. Mən cəmiyyətə fayda verməyin bu gün üçün mümkün yolunu parlamentdə təmsil olunmaqda tapıram.

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkilərdə hansı formada iştirak edəcəksiniz?
- Biz bələdiyyə seçkilərində ayrılıqda partiya olaraq iştirak edəcəyik. Amma əslində bu seçkilərdə iştirak etmək bizim üçün xüsusi əhəmiyyətli deyil. Birinci növbədə çalışırıq ki, bələdiyyələrin statusu artırılsın. İcra hakimiyyətləri ilə bələdiyyələr arasında ikili hakimiyyətə son qoyulmalıdır. Belə olmasa, seçkilərdə iştirakın mənası olmur. Tutaq ki, BQP-dən hər bələdiyyəyə bir nəfər seçildi. O bələdiyyə üzvü kimi evində oturacaq, vəsiqəsi də olacaq, amma xalqa heç bir xidmət edə bilməyəcək. Yerlərdə icra hakimiyyətinin rəyi əsas götürülürsə, bələdiyyənin heç bir rolu olmayacaq. Ona görə də xidmət olmayan yerdə əlavə yer tutmağın mənası yoxdur. Biz seçkilərə qədər statusun qaldırılması üçün çalışmalıyıq. Bu zaman seçkiyə maraq da artar. Bu olmasa, seçkidə təklikdə və ya birgə iştirak etməyin mənası yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR