Bank Of Baku

Azərbaycan prezidenti: “Bu ilin ilk üç ayı bir daha göstərir ki, bizim siyasətimiz düzgündür”

Azərbaycan prezidenti: “Bu ilin ilk üç ayı bir daha göstərir ki, bizim siyasətimiz düzgündür”
# 22 aprel 2009 17:34 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən prezident 2009-cu ildə Azərbaycan iqtisadiyyatı üçün yeni dövrün başlandığını bildirib. İlham Əliyev ötən 5 ilin bunun üçün əsaslı zəmin yaratdığını bildirib.

Prezident qeyd edib ki, ötən 5 ildə ölkə iqtisadiyyatı 2.6 dəfə, sənaye istehsalı 2.5 dəfə artıb. 2003-2008-ci illərdə 2 minə qədər məktəb, yüzlərlə səhiyyə, mədəniyyət və digər sosial obyektlər tikilərək istifadəyə verilib, yüz minlərlə yeni iş yeri yaradılıb.

Minimum əmək haqqı və pensiyalar, maaşlar xeyli artıb. Dövlət başçısı qeyd edib ki, mövcud iqtisadi böhran dünyanın bütün dövlətlərinə təsir etsə də, ötən 5 ildə ölkədə keçirilən uğurlu siyasət 2009-cu ilin birinci rübündə də Azərbaycanda sosial iqtisadi inkişafın davamlılığını təmin edib. Bunu ötən 3 ayın göstəriciləri də sübut edir: “Bütün çətinliklərə, böhrana baxmayaraq, birinci üç ayda Ümumi Daxili Məhsul Azərbaycanda 4.1 faiz artıb. Hesab edirəm ki, böhranlı il üçün bu çox mühüm nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunun inkişafı təxminən 14 faiz artıb”.

Prezident bütün bunlara güclü iqtisadi siyasət və davamlı islahatların həyata keçirilməsi nəticəsində nail olunduğunu bildirib. Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olaraq qaldığını qeyd edən ölkə başçısı bu günlərdə xarici sərmayə hesabına 300 milyon avrodan çox dəyəri olan yeni sement zavodunun tikintisinə başlanmasını bunun əyani sübutu kimi qiymətləndirib. Beynəlxalq bazarlarda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, dövlət yerli sahibkarlara himayəsini davam etdirir. Sahibkarlara Kömək Milli Fondundan ayrılan yardımın həcmi bu il də artırılıb.

Regionların sosial iqtisadi inkişaf üçün yeni proqramın icrasına başlandığını bildirən İlham Əliyev iqtisadi qüdrəti artan və müstəqil siyasət yürüdən Azərbaycanın regionda, həmçinin dünyada gedən proseslərə təsir gücünü artırdığını qeyd edib. Dövlət başçısı qeyd edib ki, siyasətdəki cəsarətli addımlar və regional əməkdaşlıqda konstruktiv mövqe beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirir: “Bu ilin ilk üç ayı bir daha göstərir ki, bizim siyasətimiz düzgündür, bu siyasət Azərbaycan xalqına xeyir gətirir, dövləti, müstəqilliyi daha da möhkəmləndirir”.


Qeyd edək ki, iclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri qurumların bu ilin ötən 3 ayı ərzində gördüyü işlər barədə məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR