Bank Of Baku

Azərbaycan prezidenti Bakının elektrik enerjisi təsərrüfatında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Bakının elektrik enerjisi təsərrüfatında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub
# 23 aprel 2009 15:54 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də “Hava limanı” yarımstansiyasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının elektrik enerjisinə tələbatını ödəmək məqsədilə köhnə yarımstansiyanın əvəzinə müasir tipli yarımstansiya inşa edilib.

“Siemens” firmasının istehsalı olan ən müasir elektrik avadanlığının quraşdırıldığı yarımstansiyada eleqaz açarlarla təchiz olunmuş 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular tikilib. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan 110/35/10 kilovoltluq iki transformator quraşdırılıb.

Yarımstansiya aeroport yolunun ətrafında inşa edilən biznes mərkəzlərinin və digər obyektlərin də elektrik enerjisi ilə fasiləsiz təchizatına, həmçinin gələcəkdə burada inşa olunacaq 35 kilovoltluq yarımstansiyaların qidalandırılmasına imkan yaradacaq.
Obyektin elektrik enerjisi təchizatı üzrə xüsusi kateqoriyaya aid olması nəzərə alınaraq, 220/110 kilovoltluq “Hövsan” yarımstansiyasından buraya birbaşa 16,1 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq hava elektrik ötürücü xətti də çəkilib.

Görülən işlərlə tanışlıqdan sonra prezident İ. Əliyev yarımstansiyanı işə salıb.

Dövlət başçısı bu gün Bakının Nərimanov rayonu ərazisindəki 203 saylı yarımstansiyanın tikintisi, 110 kilovoltluq 3-cü və 4-cü “Xırdalan” hava xəttinin yenidən qurulması işləri ilə də tanış olub. Prezidentə məlumat verilib ki, 203 saylı köhnə yarımstansiya tamamilə sökülərək, “Siemens” şirkətinin avadanlığından geniş istifadə olunmaqla yeni yarımstansiya tikilib. Ərazidə hər birinin gücü 50 meqavoltamper olan 110/35/6 kilovoltluq iki transformator quraşdırılıb.

Bakı şəhərinin əsas qidalandırıcı xətlərindən sayılan və yeni inşa edilən 203 saylı yarımstansiyanı elektrik enerjisi ilə təmin edən, 40 ildən çox müddətdə istismarda olan və texniki parametrlərini itirən 110 kilovoltluq 3-cü və 4-cü “Xırdalan” hava elektrik ötürücü xətti də yenidən qurulub. Görülən əsaslı tədbirlər sayəsində uzunluğu 20 kilometr olan bu xəttin nəqletmə qabiliyyəti iki dəfə artırılıb. Bu qurğu Bakının Nərimanov, Binəqədi, Xətai və Nəsimi rayonlarının elektrik enerjisi ilə təchizatını əsaslı şəkildə yaxşılaşdırıb.

Ərazidə “Bakıelektrikşəbəkə” üçün ümumi sahəsi 10 min kvadratmetrə çatan müasir tipli anbar inşa edilib, həmçinin elektrik sayğaclarının test laboratoriyası üçün ümumi sahəsi 2000 kvadratmetr olan ikimərtəbəli bina tikilib, işçilər üçün hər cür şərait yaradılıb, ətrafda yaşıllıqlar salınıb, abadlıq işləri görülüb.

Nərimanov rayonu ərazisində müasir tipli 110/35/10 kilovoltluq yeni yarımstansiyanın da inşa edildiyi qeyd olunub. Həmin yarımstansiya əsasən Nərimanov, Nəsimi və Binəqədi rayonlarını elektrik enerjisi ilə fasiləsiz təchiz etməyə imkan verəcək.

O da bildirilib ki, uzun illər Bakı şəhərinin elektrik təsərrüfatına rəhbərlik edən “Barmek” şirkəti şəhərin elektrik təchizatını yaxşılaşdırmaq əvəzinə, əhalidən yalnız pul toplamaqla öz maddi marağını güdüb. Qanunsuz işlərlə məşğul olan “Barmek” yarıtmaz fəaliyyəti ilə paytaxtın elektrik təsərrüfatını tamamilə baxımsız vəziyyətə qoyub. Fəaliyyət göstərdiyi müddətdə “Barmek” Bakının elektrik şəbəkəsinin inkişafına bir manat da olsun vəsait ayırmayıb, burada çalışan işçilərin və mütəxəssislərin iş şəraiti acınacaqlı vəziyyətdə olub. Yalnız Bakının elektrik şəbəkəsi dövlətin nəzarətinə keçdikdən sonra prezident İ. Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa vaxt ərzində paytaxtın elektrik enerji təsərrüfatı əsaslı şəkildə yenidən qurulub, şəhərin dayanıqlı enerji ilə tam təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb.

Görülən işlərlə tanış olan prezident İ. Əliyev yarımstansiyanı işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR