Bank Of Baku

Spiker: “Azərbaycan ABŞ-ın Dağlıq Qarabağa yardım ayırmasına münasibət bildirəcək”

Spiker: “Azərbaycan ABŞ-ın Dağlıq Qarabağa yardım ayırmasına münasibət bildirəcək”
# 30 iyun 2009 10:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış edilər. APA-nın xəbərinə görə, millət vəkili Nəsib Nəsibli Qarabağ problemi ilə bağlı milli proqram qəbul olunmasını, MM-in problemin həllində rolunun artırılmasını təklif edib. Deputat deyib ki, MM məsələni müzakirə edib, qərar verməlidir: “Mən bununla bağlı layihə hazırlamışam, parlamentə təqdim edəcəyəm”.

Millət vəkili Qüdrət Həsənquliyev İran mətbuatında İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri barədə yazılanlara toxunub: “Yazırlar ki, Azərbaycan xalqı guya bu səfərə etiraz edib. İranın Azərbaycandakı səfirinin geri çağırılması barədə məlumatlar verirlər. İranın yanaşması düşmən yanaşmasıdır. Bütün ölkə istəyir ki, Azərbaycanın İsraildə səfirliyi açılsın. Məlumatlar gəzir ki, rəsmi Tehran Azərbaycanın İrandakı səfirini ölkədən çıxarmaq istəyir. Bizim bu məsələlərə reaksiyamız olmalıdır”.

Deputat Siyavuş Novruzov isə Azərbaycanda orta məktəblərdə keçirilən imtahanlar nəticəsində 20 min şagirdin attestat ala bilmədiyini qeyd edib: “Biz Təhsil Nazirliyini başa düşürük, düzgün münasibətdir. Lakin birdən-birə belə addım atmaq olmaz. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Orta məktəblər də bu prosesə hazır deyil. İmtahanlardan kəsilənlər yenidən imtahana buraxılmalıdırlar. Lazımdırsa, biz bununla bağlı prezidentə müraciət edək”.

Millət vəkili İqbal Ağazadə də orta məktəblərdə yaranan attestat probleminin həllinin vacibliyini vurğulayıb.

Deputat Pənah Hüseyn isə rayonlarda taxıl biçininin özbaşına qaldığını, bu məsələdə yiyəsizliyin olduğunu deyib: “Taxılın kiloqramını hətta 6-8 qəpiyə belə alan yoxdur. Məhsul ortada qalıb. Texnikalar tapşırıq əsasında ancaq imkanlı adamlara verilir”. P. Hüseyn təhsildəki problemlərdən də danışaraq deyib ki, bütün bunlar islahatlar aparılmadan həllini tapmayacaq. Spiker O. Əsədov ona cavab olaraq “Fikrimiz üst-üstə düşür” söyləyib.

Millət vəkili Baba Tağıyev İranda yaşayan 40 milyon azərbaycanlının dövlətin güclənməsi üçün böyük xidmətlər göstərdiyi halda, onların haqqının tapdalandığını deyib: “Onların oxumaq, təhsil almaq hüququ tanınmır”.

Deputat Zahid Oruc deyib ki, ABŞ-ın 907-ci düzəlişi ləğv etməməsi ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurur. ABŞ-ın Dağlıq Qarabağa yardımı barədə danışan deputat deyib ki, bu, həmin ölkənin Qarabağ probleminə münasibətini göstərir.

O. Əsədov isə bildirib ki, ABŞ-ın Dağlıq Qarabağa yardımı məsələsi MM-in Beynəlxalq əlaqələr və digər komitələrində müzakirə olunur: “Bu məsələyə reaksiya veriləcək. Dağlıq Qarabağa istənilən yardım ancaq Azərbaycan üzərindən edilə bilər”.

Sonra gündəliyin müzakirəsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR