Bank Of Baku

Bakıda Seyid Cəfər Pişəvərinin anadan olmasının 117 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakıda Seyid Cəfər Pişəvərinin anadan olmasının 117 illiyinə həsr olunmuş tədbir keçirilib
# 26 avqust 2009 12:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycanda 1945-46-cı illərdə Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının və Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü və 21 Azər Təşkilatının dəstəyi ilə baş tutub. Tədbirdə çıxış edən millət vəkili Gövhər Baxışəliyeva Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətindən geniş söz açıb: “Bu gün Azərbaycanın görkəmli oğlu və azadlıq mücahidinin doğum günüdür. Seyid Cəfər Pişəvəri Azərbaycan xalqının tarixində çox böyük iz qoyub. O, 1945-46-cı illərdə Cənubi Azərbaycanda yaranan Milli Hökumətin, 21 Azər İnqilabının başında duran bir şəxs olub. Onun rəhbərliyi ilə həmin Milli Hökumət bir il fəaliyyət göstərib və qısa zaman ərzində həm sosial, həm iqtisadi, həm də mədəni sahədə çox böyük işlər görüb. Bir il müddətində torpaq kəndlilərə paylanıb, dil haqqında qanun qəbul olunub və bu qanunla Cənubi Azərbaycandakı dil problemi həll olunub. Həmin qanundan sonra Azərbaycan Universiteti yaradılıb, Azərbaycan dilində dərsliklər, kitablar nəşr olunmağa başlayır, çox böyük dirçəlmə müşahidə olunur. Çox təəssüflər olsun ki, Sovetlər İttifaqının və eləcə də böyük dövlətlərin o zamanlar apardığı xəyanətkar siyasət nəticəsində böyük dövlətlərin bir ildən sonra bu hərəkat süquta uğrayır. Bəzi məlumatlara görə, Seyid Cəfər Pişəvəri 1947-ci ilin əvvəlində bəzi məlumatlara görə, onu məcburən Şimali Azərbaycana gətirirlər və təqribən təxminən 171 gün sonra burda avtomobil qəzasında həlak olur. Bəzi məlumatlara görə, bu süni şəkildə hazırlanmış qəza olub”. Millət vəkili bildirib ki, ümumiyyətlə bu insan Azərbaycan xalqının tarixində çox parlaq sima və çox istedadlı şəxsiyyət olub. Tədbirdə iştirak edən siyasətçilər, tarixçilər, DAK nümayəndələri Seyid Cəfər Pişəvərinin fəaliyyətinə toxunublar və onun danılmaz xidmətlərindən söz açıblar.
Tədbir çərçivəsində Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətindən bəhs edən Əkrəm Rəhimlinin müəllifi olduğu kitab da oxucuların ixtiyarına verilib. Tədbir iştirakçıları daha sonra Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR