Bank Of Baku

ACP-nin yeni sədri sentyabrın sonuna kimi bəlli olacaq

ACP-nin yeni sədri sentyabrın sonuna kimi bəlli olacaq
# 31 avqust 2009 10:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Sentyabr ayının sonuna kimi Açıq Cəmiyyət Partiyasına (ACP) yeni sədr seçiləcək. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri, sədr əvəzi Vaqif Mahmudov məlumat verib. O, partiyanın qeyri-müəyyən vəziyyətdə qalması barədə səslənən fikirlərlə razı olmadığını deyib: “Partiyanın Nizamnaməsinə əsasən sədr istefa verərsə, 3 ay müddətinə yeni sədr seçilməlidir. Akif Şahbazov iyunun sonlarında istefa verib. Bizim sentyabrın sonuna kimi vaxtımız var və bu müddətdə partiyaya yeni sədr seçiləcək”. V. Mahmudov bildirib ki, partiyanın lideri Rəsul Quliyevlə daim əlaqə saxlanılır və o, müəyyən təkliflər irəli sürür.

ACP sədrinin keçmiş müavini, İdarə Heyətinin üzvü Yaqub Abbasov isə ümumiyyətlə, son 2 ayda partiya rəhbərliyi ilə əlaqə saxlamadığını və rayonda olduğunu söyləyib: “Partiyanın fəaliyyətinin hansı formada davam etdiriləcəyi, yaxud fəaliyyətinin dayandırılması Rəsul Quliyevdən asılıdır. İnanmıram ki, o, fəaliyyətin dayanmasına razı olsun. Belə olsa, Rəsul Quliyev gərək siyasətdən getsin. Ona görə də partiyanın fəaliyyətinin dayandırılacağı gözlənilmir. Amma bu şəkildə fəaliyyət də məni qane etmir”. Y. Abbasov partiyanın bundan sonrakı mərhələdə aktivləşəcəyini gözləmədiyini də əlavə edib.

Partiya liderinin müşaviri Zəminə Dünyamalıyeva isə bəyan edib ki, Ali Məclisin iclası keçirilməli və bütün dedi-qodulara son qoyulmalıdır. Onun fikrincə, partiya fəaliyyətini davam etdirəcəksə, normal fəaliyyət göstərməli, əks halda isə fəaliyyətinə xitam verilməlidir: “Mən öz fikirlərimi Ali Məclisin iclasında da deyəcəyəm. Bir partiyanın yarandığı gündən bu günə kimi qeydiyyat məsələsi həll olunmayıbsa, qərargahı, maliyyəsi yoxdursa, deməli, həmin partiya yox kimi bir şeydir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR