Bank Of Baku

Qüdrət Həsənquliyev: “AzAL” Naxçıvanı havadan blokadaya alıb”

Qüdrət Həsənquliyev: “AzAL” Naxçıvanı havadan blokadaya alıb”
# 11 noyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) iclasında “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir.
APA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Deputat İqbal Ağazadə deyib ki, büdcə layihəsi iqtisadi inkişafa yox, siyasi proseslərə hesablanıb.

Millət vəkili Əli Əhmədov qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına qiymət verdiyini qeyd edərək bildirib ki, böhran nəticəsində ölkədə işsizlik yaranmayıb. Deputat deyib ki, büdcə layihəsi sosial-iqtisadi inkişafın təmin olunması üçün əsas yaradır.
Ə. Əhmədov, həmçinin xaricdə təhsil alıb qayıdan şəxslərin potensialından istifadə olunması haqqında proqram hazırlanması təklifi ilə çıxış edib. Millət vəkili uşaq evlərində saxlanan uşaqların gələcək taleyinə diqqətlə yanaşılmasını, onların böyüyəndən sonra yaşamaları üçün şəhərcik tikilməsini təklif edib.

Millət vəkili Qüdrət Həsənquliyev isə çıxışında deyib ki, dünyada gedən proseslər təhlil olunsa, hökumətin büdcəyə düzgün yanaşmadığı aydın olar: “Büdcə xərcləri azalmamalı, Azərbaycanın xarici banklarda olan valyuta ehtiyatlarının bir hissəsi ölkəyə gətirilməli idi”. Büdcədə sahibkarlığın inkişafına 44 milyon manat ayrıldığını deyən deputat bunun çox az olduğunu, ümumiyyətlə, qorxaq büdcə layihəsi hazırlandığını deyib. Millət vəkili büdcədə hərbi xərclərin artırılmasını da təklif edib. Q. Həsənquliyev Zaqatala və Lənkəranda tikilən aeroportlar barədə danışaraq hazırda onların işləmədiyini, qapılarına qıfıl vurulduğunu deyib: “Bunu vaxtında düşünmək, onların yerinə velosiped zavodu tikmək lazım idi. Diaqnostika mərkəzləri, olimpiya kompleksləri və digər tikililər dövlətin yox, sahibkarların hecasına inşa olunmalıdır. Bu daha faydalı olar”.

Q. Həsənquliyev daha sonra “AzAL” QSC prezidentinin Cahangir Əsgərovun fəaliyyətini tənqid edib: “Ermənilər Naxçıvanı qurudan, “AzAL” isə havadan blokadaya alıb”.

Deputat Naxçıvana təyyarə reyslərinin qiymətlərinin artırılmasına etiraz edib, MR-ə təyyarə reylərinin sayının 7-dən 4-ə endirilmənin düzgün olmadığını deyib: “Niyə Cahangir Əsgərovun şəxsi təyyarəsi var? O kimdir ki? Prezident, baş nazir, spiker deyil. Niyə o ümumi reyslə uçmur? Onun şəxsi təyyarəsi ilə ora-bura uçmasına sərf olunan vəsait Naxçıvanda yaranan problemin həlinə yönəldilə bilməzmi?”

Deputat Fəzail İbrahimli isə Cəlilabad rayonundakı problemlərdən danışıb. Millət vəkili rayonun bərbad vəziyyətdə olduğunu deyib, ölçü götürülməsini xahiş edib.

Müzakirələr davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR