Bank Of Baku

Eldar İbrahimov: “2010-cu il sülh ili olacaq”

Eldar İbrahimov: “2010-cu il sülh ili olacaq”
# 29 dekabr 2009 11:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Hesab edirəm ki, 2010-cu il sülh ili olacaq. 2009-cu ildə bunun təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev bu il Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək məqsədilə 6 dəfə görüşüb. Bu il münaqişənin həlli istiqamətində olan aktivlik heç vaxt müşahidə edilməyib”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov deyib. 2009-cu ilin yekunlarını şərh edən komitə sədri bildirib ki, 2009-cu il Azərbaycan tarixində özünəməxsus yer tutacaq bir ildir. O, bu il ölkənin inkişaf etdiyini, iqtisadi böhranın dünyanı bürüməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişafdan qalmadığını diqqətə çatdırıb: “Bunun hamısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycan nəinki böhranla üzləşməyib, hətta böhran ilində Ümumi Daxili Məhsulda 8 faizlik göstərici əldə olunub. Bunu tək biz yox, bütün dünya deyir. MDB dövlətləri içində bu mənada birinci yeri Azərbaycan tutur”.

E. İbrahimov 2009-cu ilin Azərbaycan Milli Məclisi üçün də uğurlu keçdiyini söyləyib: “Bütün sessiyalarda ölkə üçün dəyərli qanunlar qəbul olunub. Bizim komitədə də bir neçə vacib qanun hazırlanıb. Əminəm ki, gələn ilin parlament seçkiləri də uğurla keçəcək və bu dəfə də xalqın ən layiqli övladları parlamentdə təmsil olunacaqlar. Seçki təcrübəmiz gələn ilin parlament seçkilərinin yüksək səviyyədə keçəcəyini söyləməyə əsas verir”.

E. İbrahimov 2010-cu ildə keçiriləcək parlament seçiklərində iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib: “Mən parlament seçkisində iştirak etmək arzusundayam. Bu sahədə uzun illər ərzində qazandığım təcrübəni ölkəmin xeyrinə sərf etmək fikrindəyəm. Ancaq təbii ki, heç vaxt özbaşına qərar çıxarmıram. Bu məsələdə qurucusu olduğum Yeni Azərbaycan Partiyası qərar verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR