Bank Of Baku

Lalə Şövkət: “Bu gün camaata yalançı ümidlər verib parlament seçkilərində qələbə çalacağımızı demək istəmirəm” - MÜSAHİBƏ

Lalə Şövkət: “Bu gün camaata yalançı ümidlər verib parlament seçkilərində qələbə çalacağımızı demək istəmirəm” - <font color=red>MÜSAHİBƏ</font>
# 15 yanvar 2010 12:35 (UTC +04:00)
- Bu il Azərbaycanda parlament seçkiləri ilidir. Seçkilərlə bağlı müxalifət daxilində hazırlıq başlayıbmı?

- İl yeni başlayıb və biz parlament seçkiləri ilə bağlı fikir bildirmək üçün bir neçə gün əvvəl keçirilmiş bələdiyyə seçkilərinə diqqət yetirməliyik. Bələdiyyə seçkiləri hakimiyyət üçün parlament seçkiləri üçün bir məşq idi. Müxalifətin isə seçkilərdə azad şəkildə iştirakı üçün şərait yaradılmadı. Ona görə də müxalifət bütün qüvvələrini toplayıb parlament seçkilərində vahid qüvvə kimi iştirak etməlidir. Əks halda bələdiyyə seçkilərindəki vəziyyət parlament seçkilərində də təkrarlana bilər.

- Müxalifət seçkilərdə hansı formada iştirak edəcək. Bununla bağlı müzakirələr aparılırmı?

- Demokratik qüvvələrin üzləşdiyi bu ağır durumda bütün müxalifət bir cəbhədə birləşməlidir. Bu niyyətimiz isə yalnız müxalifət partiyaları arasındakı ayrı-seçkiliyə son qoyulmaqla reallaşa bilər. Partiyaların balaca, böyük olması iddialarını kənara qoymaq lazımdır. Əgər həqiqətən bütün müxalifət qüvvələri bir cəbhədə birləşə bilsələr, o zaman hansısa müsbət nəticə əldə etmək mümkündür. Mən həmişə birlik tərəfdarı olmuşam. İstərdim ki, müxalifət, nəhayət, vəziyyətinin çox ciddi olduğunu başa düşsün və bütün iddiaları kənara qoyub vahid qüvvə kimi seçkilərdə iştirak etsin. Bu zaman bəlkə hansısa nəticə əldə edə bilərik. Mən yalançı ümidlər vermək istəmirəm, ona görə ki, hər şey cəmiyyətin nə dərəcədə fəal olmasından asılıdır. Çünki seçki prosesində bütün millət iştirak etməlidir. Son illərin təcrübəsi göstərir ki, seçicilər bu prosesdə o qədər də fəallıq nümayiş etdirmirlər. Əgər müxalifət yenə bir neçə blokla seçkilərə gedərsə, o zaman uğur qazanacağına ümid etmək olmaz. Onda çox çətin ki, biz parlament seçkilərində dəyişikliklərə nail olaq. Biz həmçinin "Azadlıq" bloku çərçivəsində fəaliyyət göstəririk və ümumi birlik olmasa belə şübhəsiz ki, həmin blok da parlament seçkilərində iştirak edəcək.

- Belə bir təklif var ki, seçkilərlə əlaqədar Azadlıq bloku ilə Müsavat Partiyasının ittifaqı yaradılsın. Bununla bağlı blok daxilində müzakirələr aparılıbmı?

- Hesab etmək olmaz ki, bununla bağlı böyük müzakirələr aparmışıq. Amma yenə də deyirəm, mən bunu tərəfdarıyam ki, bu blok bütün demokratik qüvvələrin bloku olsun. Yəni mən birliyin tərəfdarıyam. Ona görə ki, biz bir blok yaradacağıq, başqa bir neçə partiya başqa bir blok yaradacaq. Bir neçə blok mövcud olacaq və yenə də cəmiyyətdə çaşqınlıq olacaq. Belə bir vəziyyətdə mən düşünürəm ki, gərək müxalifət seçkilərə bir cəbhə ilə çıxsın. Yəni bütün demokratik qüvvələrin bir cəbhədə birləşməsi lazımdır.

- Blok daxilində aparılan müzakirələrin nəticəsi necə olub?

- Hələ müzakirələr keçirilməyib. Ona görə də heç bir nəticəsi də ola bilməz.

- Bundan əvvəl Azərbaycanda keçirilən parlament seçkilərində birlik yaradılmışdı və müəyyən uğur əldə edilmişdi. Bu təklifin özünü necə qiymətləndirirsiniz?

- Mən düşünmürəm ki, 2005-ci il seçkilərində hansısa uğur var idi. Hansısa uğur olsa da, hamı bilir ki, bu gün parlamentdə müxalifət necə təmsil olunur. Hansı uğurdan söhbət gedə bilər. Sözsüz ki, bu gün əhalidə iqtidara qarşı narazılıq var. Belə bir vəziyyətdə müxalifət bir yerdə olmalıdır. Biz qalib gələ bilərik, amma bunu təsdiq edə bilmirik. Bu təsdiq də sözsüz ki, cəmiyyətin öz fəallığından asılı olacaq. Mən istəmirəm ki, bu gün camaata yalançı ümidlər verim, ki parlament seçkiləri gəlir, biz qələbə çalacağıq. Yox. Mən həyatımda yalan danışmamışam, bu gün də bunu demək istəmirəm. Hər şey özümüzdən asılı olacaq. Hər birimizdən. Bu çox mühüm bir məsələdir.

- Bu təklif səslənəndən sonra Müsavat Partiyası belə bir şərt irəli sürdü ki, biz yalnız AXCP ilə ittifaq yarada bilərik. Blokda olan digər partiyalarla birlik yaratmaq niyyətində olmadıqlarını bildirirlər. Müsavatın bu mövqeyinə münasibətiniz necədir?

- Bütün bunlar hamısı mətbuatda yazılan məlumatlardır. Ona görə bir gün bir söz yazılır, sonra bundan imtina olunur. Ona görə də mən yalnız öz müzakirələrimiz barədə fikir deyə bilərəm. Hələ ki belə müzakirələr aparılmayıb.

- Siz müxalifətin ümumi ittifaqının yaradılması təklifini irəli sürürsünüz. Burada hansı partiyalar nəzərdə tutulur?

- Bütün həqiqi demokratik qüvvələri bir yerə yığmaq lazımdır.

- Ümid Partiyası da burda varmı?

- Niyə də olmasın? Ümid Partiyası referendum olanda hərəkata daxil idi və onda da hərəkatın daxilində birgə fəaliyyət göstərirdik. Mən bu məsələni Ümid partiyasının üzərində qurmaq istəməzdim, amma düşünürəm ki, bütün demokratik qüvvələr bir mərkəzdə birləşməlidirlər.

- Seçki ili başlayıb. Müzakirələrə start verməyə ehtiyac varmı? Vaxt udmaq baxımından müxalifətin müzakirələri sürətlə aparmasına ehtiyac görürsünüzmü?

- Müzakirələrin nə zaman başlamasının o qədər də fərqi yoxdur. Çünki elə olub ki, erkən müzakirələrə başlamışıq, 3-4 ay bu davam edəndən sonra heç nə alınmayıb. Və yaxud da elə olub ki, 3 gün ərzində müzakirələr aparmışıq və nəyəsə nail olmuşuq. Bu baxımdan da nəticəni əldə olunması vaxtdan asılı deyil. Bu niyyətdən asılıdır. Partiyalar uzun-uzadı müzakirələr apara bilərlər, amma sonda heç nə alınmaya bilər. Nəticəni olması üçün səmimilik lazımdır. Və biz son illərdə görmüşük uzun müddət aparılan müzakirələrdən sonra hər bir partiya öz yolu ilə gedir. Bəzən partiyalar öz imzalarına baxmayaraq belə, ayrı yol seçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR