Bank Of Baku

AXCP-nin sədr müavini: ““Azadlıq” bloku formalaşdıqdan bəri ilk dəfədir ki, daxili mübahisələr yaranıb”

AXCP-nin sədr müavini: ““Azadlıq” bloku formalaşdıqdan bəri ilk dəfədir ki, daxili mübahisələr yaranıb”
# 25 yanvar 2010 10:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ““Azadlıq” bloku müxalifətçilik adına iddialı olan təşkilatların hansının bu statusa uyğun olduğunu müəyyənləşdirməyə başlayıb. Hazırda bu, “Azadlıq” blokunda ciddi müzakirə predmetinə çevrilən məsələlərdən biridir”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, əsas məqsəd parlament seçkilərində blokun əməkdaşlıq edəcəyi partiyaların çərçivəsini müəyyən etməkdir. N. Məmmədli blok daxilində bu məsələyə dair fərqli mövqelərin olduğunu söyləyib: “AXCP daxilində bu məsələyə münasibətdə kifayət qədər konsensus yaranıb. Amma müxalifətçilik ideyasını “Azadlıq” bloku daxilində müxtəlif cür qəbul edən adamlar var. “Azadlıq” bloku formalaşdıqdan bəri ilk dəfədir ki, daxili mübahisələr yaranıb. Buna qədər hər şey ən azı ciddi bir müzakirə ilə həll olunurdu. Bu problem bizim təsəvvür etdiyimizdən daha genişdir. Bu məsələlər konfidensial şəkildə müzakirə olunmalı, müəyyən sənəd ortaya qoyulmalı və deyilməlidir ki, biz bu səbəblərdən belə birlik yaradırıq və filan partiyaların da bu səbəblərə görə bu birliyə daxil olmasını məqbul saymırıq. Bu gün Azərbaycanda müxalifətlə heç bir əlaqəsi olmayan, formal olaraq özünü müxalifətçi hesab edən kifayət qədər partiya var, hətta onlardan bəzilərinin hakimiyyətlə bilavasitə əlaqələri mövcuddur. Belə təşkilatlar da biz müxalifətik deyib sinələrini cırırlar. Bunları təzədən öz sıralarımıza qaytarıb dirildərək ictimaiyyətə təqdim etməyi mən yersiz sayıram”.

Bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, müzakirənin gedişində ortaya çıxan məsələlər kifayət qədər mürəkkəb olduğundan qurumun Sədrlər Şurasının sonuncu iclasında bu müzakirə yarımçıq dayandırılıb və növbəti toplantıda davam etdiriləcək: “Ortaq məxrəcin əldə olunması üçün tərəflərin səsləndirdiyi arqumentlər dəyərləndirilməlidir. Çünki kifayət qədər ciddi arqumentlər səsləndirilir. Amma çalışmalıyıq ki, qısa müddətdə qərarın əldə edilməsinə nail olaq. Bu məsələyə münasibətdə blok daxilində fikir müxtəlifliyi var, amma bu, fikir ayrılığı deyil. Hələ yekun rəy mövcud deyil və fikir müxtəlifliyinin olması təbiidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR