Bank Of Baku

ALP sədri Müsavat başqanını cinayətdə ittiham edib

ALP sədri Müsavat başqanını cinayətdə ittiham edib
# 26 yanvar 2010 13:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “İsa Qəmbərin son vaxtlar əcinnə ovuna çıxması müxalifət daxilində ziddiyyətlər yaradır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandakı bəzi partiyaların İran, Rusiya xüsusi xidmət orqanlarına və hakimiyyətə işləməsi barədə ittihamlarına münasibət bildirən Ə. Temirxan deyib ki, kim onların xoşuna gəlmirsə, onu agent adlandırırlar: “Agent axtarışına gələndə əks arqumentlər ortaya qoya bilərik ki, Müsavat rəhbərliyinin müəyyən məqamlarda atdığı addımlar Rusiyanın da xeyrinə olub, İranın da, hakimiyyətin də. İsa Qəmbər konkret deməli idi ki, hansı partiya Rusiyaya, İrana, hakimiyyətə işləyir. Necə ki, mən Müsavat Partiyasının yeritdiyi siyasətin həmişə nəticə etibarı ilə iqtidarın maraqlarına cavab verdiyini deyirəm. İsa Qəmbərdə fakt varsa, ad çəksin. Bunu açıqlamırsa, bu cinayət barədə bilə-bilə xəbər verməməkdir. Cinayəti bilə-bilə xəbər verməmək isə cinayət sayılır. Bu, hər bir vətəndaşın konstitusion borcudur. Amma belə faktları yoxdursa, deməli, İsa Qəmbər şantajla məşğuldur. Yaxşı olar ki, İsa Qəmbər çəkinməsin, cəsarətlə partiyaların adını çəksin”.

Ə. Temirxan bildirib ki, hazırda İsa Qəmbərin hədəfi məhz Liberal Partiyadır: “Amma düşünməsin ki, ALP onun qarşısından qaçacaq. Mən hesab edirəm ki, ən yaxşı müdafiə hücumdur. Onlar bizə böhtan atdıqca, layiqli cavablarını alacaqlar”.

Ə. Temirxan İ. Qəmbərin məlum çıxışından sonra “Yeni Müsavat” qəzetinin ALP-yə böhtan atdığını, buna görə də məhkəməyə iddia ərizəsi hazırladıqlarını qeyd edib.

Müsavat Partiyasının parlament seçkiləri ilə bağlı yalnız “Azadlıq” blokuna daxil olan AXCP ilə əməkdaşlıq təklifini dəyərləndirən Ə. Temirxan Müsavatın bu təklifinin etik çərçivəyə sığmadığını deyib: “Çünki Müsavat təqribən belə deyir ki, “Ən ağır günlərində səninlə olmuş müttəfiqlərdən imtina et, əməkdaşlıq edək”. Halbuki Müsavat Partiyası 2005-ci ildə “Azadlıq” blokunda idi və çətin gündə bloku tərk elədi. İndi isə belə təkliflə çıxış etmək etik çərçivəyə sığmır. Bu, əslində, müxalifət daxilində parçalanmaya yönəlmiş bir addımdır. Məqsəd “Azadlıq” blokunun parçalamaqdır. Müsavat AXCP-ni öz tərəfinə çəkməklə, müxalifət görüntüsü yaradıb divident götürmək, daha çox deputat mandatı əldə etmək istəyir”.

Ə. Temirxan AXCP-nin bu təkliflə razı olmayacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR