Bank Of Baku

Siyavuş Novruzov: Azərbaycanda seçki komissiyalarının tərkibi parlament seçkilərindən sonra yenidən formalaşdırılacaq

Siyavuş Novruzov: Azərbaycanda seçki komissiyalarının tərkibi parlament seçkilərindən sonra yenidən formalaşdırılacaq
# 01 fevral 2010 11:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının qanunvericilik planı müzakirə olunarkən bildirib. Deputat İkram İsrafilin Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilməsi və seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı təklifinə münasibət bildirən S. Novruzov yeni parlament seçkiləri keçiriləndən sonra seçki komissiyalarının tərkibində dəyişiklik olunacağını deyib. Onun sözlərinə görə, bu, partiyaların parlamentdə təmsilçiliyi ilə bağlıdır: “Bələdiyyə seçkilərində 2 min namizəd tapa bilməyənlər seçki komisisyalarında təmsil olunmağa 10 min adamı harada tapacaq?”

Deputat Elmira Axundova isə akademik Zərifə Əliyevanın doğum gününün “Analar günü” kimi rəsmi bayramlar sırasına salınması təklifi ilə çıxış edib. Deputat dünyanın bir çox ölkələrində “Qadınlar günü” ilə yanaşı, “Analar günü”nün də qeyd olunduğunu deyib.

Müzakirələrdən sonra parlamentin yaz sessiyasının qanunvericilik planı səsə qoyularaq təsdiqlənib.

Qeyd edək ki, yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib. Buraya Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında”, “Pambıqçılıq haqqında”, “Fərdi məlumatlar haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “İctmai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında”, “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Bələdiyyələrin hesabatları haqqında”, “İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında”, “Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında” qanun layihələri daxildir. Eyni zamanda, Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

MM-in yaz sessiyasının ilk iclası günün ikinci yarısında işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR