Bank Of Baku

Nurəddin Məmmədli: “AXCP ilə Müsavatın ayrıca blok yaratmasının əleyhinəyəm”

Nurəddin Məmmədli: “AXCP ilə Müsavatın ayrıca blok yaratmasının əleyhinəyəm”
# 03 fevral 2010 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının (QLP) lideri Lalə Şövkətin parlament seçkiləri ilə bağlı müxalifətin ümumi koalisiyasının yaradılması təklifi “Azadlıq” blokunda olan digər partiyalar tərəfindən dəstəklənir. Bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya açıqlamasında bildirib ki, parlament seçkilərində siyasi müstəvi iki qütbdən - iqtidar və müxalifətdən ibarət olmalıdır. Müxalifətdə olan parçalanmanın seçiciləri çaş-baş salacağını, bunun narazı elektoratın parçalanmasına gətirib çıxaracağını bildirən Ə. Əliyev ən optimal variantın əsas müxalifət partiyalarının seçkilərə birgə qatılması olduğunu vurğulayıb: “Ona görə siyasi qüvvələr məsələyə ehtiyatla yanaşmalı, seçicini çaşdıracaq heç bir addım atılmamalıdır. Mən Lalə Şövkətin təklifini müsbət qiymətləndirirəm. Blok daxilində bu barədə müzakirələr gedir. Detalları açıqlamaq istəmirəm”.

Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli isə APA-ya deyib ki, bu seçkilərdə real müxalifət mövqeyində dayanan bütün partiyaların vahid siyahı ilə seçkiyə qatılmasına nail olmaq lazımdır: “Bu, yeganə şərt olmalıdır”. Müsavat Partiyası ilə Liberal Partiyası arasında yaranmış qarşıdurmanın müxalifətin vahid birliyinə nə qədər mane olacağına gəldikdə, N. Məmmədli bildirib ki, əslində, bu məsələləri mətbuata çıxarmağa ehtiyac yoxdur: “İttihamlar yolverilməzdir və bu gün bunun acılarını yaşamaqdayıq. Biz ALP və Müsavat arasında konsensusun əldə olunması üçün vasitəçi olmağa hazırıq. Belə qarşıdurmalar olmasa yaxşıdır”. AXCP ilə Müsavatın ayrılıqda blok yaratması barədə təkliflərə münasibət bildirən N. Məmmədli bunu qəbul etmədiyini deyib: “Mənim şəxsi mövqeyim belədir ki, istənilən bloklaşmada “Azadlıq” bloku bütöv şəkildə iştirak etməlidir. Partiyanın hansı qərar qəbul edəcəyini bilmirəm. Amma mən şəxsən AXCP ilə Müsavatın ayrıca blok yaratmasının əleyhinəyəm”.

Qeyd edək ki, Lalə Şövkət APA-ya müsahibəsində müxalifətin ümumi koalisiyasının yaradılması təklifini irəli sürüb. ALP AXCP və VİP-lə birgə “Azadlıq” blokunda təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR