Bank Of Baku

İmamverdi İsmayılov: “Bu gün Azərbaycanda kim deyə bilər ki, mən Dağlıq Qarabağ probleminin həllini İlham Əliyevdən çox istəyirəm?” - MÜSAHİBƏ

İmamverdi İsmayılov: “Bu gün Azərbaycanda kim deyə bilər ki, mən Dağlıq Qarabağ probleminin həllini İlham Əliyevdən çox istəyirəm?” - <font color=red>MÜSAHİBƏ   </font>
# 09 fevral 2010 08:16 (UTC +04:00)
- Sizdən müsahibə almaq üçün müraciət etdiyim vaxtdan gör nə qədər vaxt keçir. Nədir, müsahibə vermək istəmirsiniz?

- Nə edim, Milli Məclisin foyesində, elə ayaq üstə yaman haqlamısınız məni. İndi necə müsahibə verməyə bilərəm? (gülür). Düzünü deyim ki, həyatım boyu reklamdan uzaq qaçmışam. Düşünmüşəm ki, insan elə olduğu kimi görünsə, daha yaxşıdır. Reklam üçün mətbuata çıxmağı, nəyinsə xətrinə söz deməyi həmişə yanlış və mənasız bir iş hesab etmişəm. Sənin sözünə cəmiyyətdə ehtiyac varsa və bu söz öz içindən gələn mənəvi bir sifarişdən doğulursa, danışmağın tərəfdarıyam. Belə məqamlarda sözümü həmişə demişəm və deyəcəyəm. İctimai-siyasi proseslər, milli-mənəvi məsələlər, ümumiyyətlə, bir vətəndaş və ziyalı kimi, məni narahat edən problemlər barədə mətbuatda, televiziyada çıxışlarım olur. Axı mən də ixtisasca jurnalistəm, sözə-sənətə bağlı adamam. İmzam, qələmim kifayət qədər tanınır. Bu sənətə böyük sayğı və ehtiramım var, eyni zamanda sözün, mətbuatın da məsuliyyətini son dərəcə yaxşı dərk edirəm.
İndi min şükür, neçə ildir yaradıcı bir insan, millət vəkili olsam da, düşünürəm ki, həmişə özümə hesabat verməliyəm, unutqan olmamalıyam, şöhrətin cazibəsindən xoşallanıb, haradan gəlib, hara getdiyimi unutmamalıyam. Televiziya ekranlarına çıxmaq, danışmaq imkanlarım və şanslarım çoxdur. Mən də başqaları kimi, təşkil olunmuş verilişlərdə çiçəkləri iyləyib, əlimi çənəmə söykəyib, dəniz sahillərində xəyala gedə bilərəm. Əlimdə siqareti tüstülədə-tüstülədə, kamera qarşısında özümü düşüncələr dəryasına qərq olmuş kimi göstərə bilərəm (gülür). Ağlı-başı üstündə olan adamlar kimi, mən də, həmişə belə ucuz şöhrətdən uzaq durmağa çalışmışam. Bütün bu süni və qondarma jestlər kimə və nəyə lazımdır.

- Parlamentdə hərdən çıxış edirsiniz...

- Mənim üçün belə bir parametr yoxdur. Artıq on beş illik təcrübəm imkan verir deyəm ki, deputatın fəallığı seçicilərinin içində olmalıdır. O deputatlardanam ki, indiyə kimi heç bir şikayətçi, problemi olan seçici məni soraqlayıb, arxamca parlamentə gəlməyib. Harada görüşürüksə, elə oradaca söhbətləşir, həmdərd oluruq. Çünki hər gün bu xalqın içindəyəm, xeyir-şərində bir yerdəyəm. Camaatımızın nə xeyrindən, nə də şərindən qalıram. Axı sevinc bölüşəndə böyüyür, kədər bölüşəndə isə azalır. Bilirsiniz ki, mən köçkün ellərindən deputat seçilmişəm. Seçicilərim doğma ev-eşiyindən didərgin düşmüş insanlardır. Zəngilan və Qubadlı camaatı harada varsa, orda mənim gedəcəyim bir ünvan, toy-düyün, xeyir-şər yeri var. Mən hətta seçkilərin qızğın vaxtlarında belə televiziyaya çıxıb təbliğat aparmamışam, şablon sözlərdən ibarət seçki platforması da yazmamışam. Həmişə özümə hesabat verən adam olmuşam. Azərbaycan adlı məmləkətin başı üzərində bir Allah var, bir də ki, xalqın qayğı və problemləri ilə hər zaman yaşayan Prezidentimiz. Bəzən evinə hələ bir kilo ət ala bilməyən və deputat olmaq istəyənin birisi təbliğat dövründə efirə çıxır, özünə və cəmiyyətə hesabat vermədən, hətta Qarabağı qaytaracağına söz verir. Yadımdadır, 1995-ci ildə efirdə ayrılmış beş dəqiqəlik vaxtımın cəmi bir dəqiqəsindən istifadə etdim və dedim ki, əziz seçicilərim, mənim bir qələmim var, qələmimdən və sözümdən başqa sizə heç bir vəd verə bilmərəm, baxın, seçim sizindir...

- Həmin qələm bir iş görə bilir?

- Bəli, mən sonralar ictimai-siyasi fəaliyyətimdə qələmimi və əməlimi birləşdirməyə çalışdım. Hər halda üç dəfə eyni dairədən təkrar deputat seçilmişəmsə, deməli, əlimdəki bu qələm xalqın xeyrinə işləyib, milli ideallar naminə yazıb-yaradıb. Bizim dairədən deputat seçilmək heç də asan məsələ deyil. Qəribədir, hər dəfə an azı otuz namizəd olur. Demək istəyirəm ki, müsahibə verməklə, bir qrup insanın rəyinə hesablanmış pafoslu çıxışlar etməklə rəğbət qazanmağa ehtiyac yoxdur. Onsuz da xalq kimin kim olduğunu gözəl bilir. Ucuz teleşoularla, reytinqə hesablanan çıxışlarla, hay-küylə heç nə qazanmaq olmaz. “Elin gözü tərəzidir” sözünü təsadüfən deməyiblər. Tarix də, adamlar da hər şeyi yaxşı görür. İndi insanlar da cəmiyyətin özü kimi siyasi süzgəcə çevrilib. Daha adamları aldatmaq, yalançı şüarlarla tovlamaq mümkün deyil. Cəmiyyətdə nüfuz qazanmaq, hörmət sahibi olmaq və seçilmək çox çətindir. Əsl deputat öz seçicilərinin içində olmalı, onların dərd-səri ilə birgə yaşamalıdır.

- Seçiciləriniz konkret bir yerdə məskunlaşmayıblar. Onları necə qəbul edirsiniz?

- Qəbul anlayışı mənim üçün yoxdur. Kim məni harada görsə, orada da sözünü deyir. Mənim üçün müqəddəs el-oba anlayışı var və mən doğma ocağımızın tər-təmiz ətrini bu gün Azərbaycanın hər yerinə səpələnmiş köçkünlərimizin içində axtarıram. Yoxsa, gedib qəbul saatı düzəldim, kimisə orada qəbul eləyim, elə şey yoxdur. Belə sıcaq münasibətlər olan yerdə, Milli Məclisdə yeri gəldi-gəlmədi, lüzumsuz təkliflər verib, populist çıxışlar etməyə də ehtiyac duymuram. Aktivlik göstərən, tez-tez danışan deputatlara böyük hörmətim var. Bura siyasi plüralizm ocağıdır, çıxışlar, müzakirələr olmalıdır. Ancaq mən başqa yerdən yox, öz elimin - ölüsünü, dirisini, qəbrini, qibləsini yaxşı tanıdığım adamların seçimi ilə mandat sahibi olmuşam. Güman edirəm ki, hər zaman yanında olduğum camaatın da belə bir populizmə ehtiyacı yoxdur.

- Müşahidəmə əsasən deyə bilərəm ki, Milli Məclisdə sözü keçən deputatlardansınız. Çox vaxt parlamentdə müzakirələr zamanı Sizin maraqlı replikalarınızı eşidirik. Və qəribədir ki, hamı bunu səmimi qəbul edir və heç kim də incimir...

- Nə deyim vallah, bəzən deputatların çıxışlarında təcrübəsizlikdən, ya başqa səbəbdən irəli gələn təkliflər çox olur. Məsələn, elə beynəlxalq konvensiyalar var ki, onlar Konstitusiyanın tələblərinə əsasən ratifikasiya olunmalıdır və dövlət başçısı imzalayıb Milli Məclisə göndərir. Bir də görürsən kimsə başlayır ki, burada üç nöqtə əvəzinə vergül qoyulmalıdır, ya filan söz əlavə olunmalıdır, yaxud, böyük hərflə yazılmalıdır. Fikrimcə, bunlar hamısı söz xətrinə söz deməkdir. Yaxud da, hansısa deputat çıxışında tələb edir ki, filan qanunda “müvafiq icra hakimiyyəti” sözünün yerinə konkret qurumun adı yazılsın. Axı belə olmaz. Belə məsələlər qanun qüvvəyə minəndən sonra prezident fərmanlarında öz dəqiq əksini tapır. Bəzən də kimsə Qarabağ, Vətən ətrafında haylı-küylü, coşqun və eşqli çıxışlar edəndə, məcburiyyət qarşısında yerdən replikalar atmalı olursan. Bəyəm ginekologiyadan tutmuş, seysmologiyaya qədər hər şeyə münasibət bildirmək olar?! Nə etməli, hərə bir xarakterin sahibidir. Kaş hər birimiz, kimliyindən asılı olmayaraq, özümüzə kənardan baxmağı bacaraydıq...

- Oturduğunuz arxa sıradan baxanda parlament necə görünür?

- Hamı və hər şey olduğu kimi... Kimisə ayrıca olaraq qiymətləndirmək istəməzdim. Milli Məclisin hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunda özünəməxsus yeri var. Deyə bilərəm ki, maraqlı iclaslar, sanballı çıxışlar da çox olur. Və son nəticədə dünya standartlarına uyğun, milli mentalitetimizlə bağlı çoxlu faydalı qanunlarımız qəbul olunur.

- Yəqin ki, builki seçkilərdə namizədliyinizi yenidən verəcəksiniz?

- Mən partiya mənsubiyyəti daşıyan, partiyamızın monolit birliyinə çalışan və vahid intizam xəttinə tabe olan bir şəxsəm...

- Birdən məsləhət olmadı?

- Məsləhət bilinməməsinin özü elə məsləhətdir də...

- Yanınızda Milli Məclisin gənc deputatları əyləşirlər. Təcrübəli bir deputat kimi, onların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mənim onların fəaliyyətinə qiymət verməyim etik normadan kənar olardı. Ancaq deyə bilərəm ki, onların fəaliyyətini bəyənirəm. Hər biri savadlı, böyük-kiçik yeri bilən cavanlardır. Milli Məclis elə bir ocaqdır ki, orada ağılından və savadından asılı olmayaraq, hər kəs özünə hesabat verməyi bacarmalıdır. Ən əsası isə mandat qazanandan sonra heç kəs özünə vurulmamalıdır. Mən 1995-ci ildə seçkiyə müstəqil namizəd kimi qatılmışam. O vaxt çoxları mandatını alandan sonra siyasi mövqeyini dəyişib müxtəlif partiyalara qoşuldu. Mən isə qəlbimin hökmü ilə ulu öndərimiz Heydər Əliyevə ərizə yazıb, Yeni Azərbaycan Partiyasına üzv oldum. Sonralar isə iki dəfə parlament seçkilərində bu partiyanın siyahısından namizədliyim irəli sürüldü. Çox təəssüf ki, bəzən mandat alandan sonra parlamentdə çaşanlar olur. Mənə elə gəlir ki, Milli Məclisə daha çox dövlətə, dövlətçiliyə sadiq adamlar seçilməlidir. Parlamentdə yaranan böhran ciddi fəsadlara gətirib çıxara bilər. Bunu bir çox dövlətin təcrübəsində görmüşük. Güman edirəm ki, seçim təsnifatında dövlətçilik və mövqe sadiqliyi prinsipi çox önəmlidir.

- Seçicilərinizin ən çox istədiyi nədir?

- Əmin-amanlıq, sabitlik və bolluq... Şükür Allaha ki, bunların hamısı bizdə var. Hörmətli Prezidentimizin siyasəti sayəsində sosial rifah yolunda uğurlu işlər bir-birini sıralamaqdadır. Ancaq camaatımızın ən müqəddəs və əzəli arzusu öz dədə-baba yurdlarına qayıtmaqdır ki, inşallah, bu da öz həllini mütləq tapacaq. Xahiş edirəm, diqqət yetirin, bizim evdə üç nəsil təmsil olunur: Anam, mən və oğlum. Anamla mənim, mənimlə oğlumun torpağa bağlılığı bir deyil ki? Hər bir insan doğulduğu torpağa oxşayır. Bir yurdda doğulan insanı başqa yurdda saxlamaq olmaz. Anamın övkəsi yanırdı, burada qala bilmirdi. Yaşlı adamlar dözmür. Ölülərimizin tabutunu dəmirdən düzəltdirib, içimizdəki inamla bir yerdə dəfn edirik - nə vaxtsa götürüb öz yurdumuza aparmaq üçün... Çünki ölənlərimizin çoxu doğma yurdda, atasının, anasının, əzizinin yanında dəfn olunmasını vəsiyyət edir. Təsəvvür edin ki, kim harada məskunlaşıbsa, orada bir kənd qəbiristanlığımız var. Coğrafiyası səhv düşən bu qəbiristanlığa görə tarix bizi bağışlamaz... Ən böyük arzum da bax elə budur: elə, elata qayıdaq, ölülərimizi dədə-baba qəbiristanlığında dəfn edək...

- Bəs camaat ən çox istədiyi arzularından danışanda nə cavab verirsiniz?

- Mən boyundan hündürə tullananlardan deyiləm. Yeganə ümidim göydə Allaha, yerdə Azərbaycan prezidentinədir. Son vaxtlar ümidlərim getdikcə artır. Etiraf etməli və fəxrlə deməliyik ki, bu gün Azərbaycan qüdrətli bir dövlət kimi inkişaf etməkdədir. Dağlıq Qarabağ problemi beynəlxalq birliyin dəstəyi ilə, diplomatik yolla həll olunmalıdır. Hər kəs cəmiyyətdə hansı çəkidə olduğunu və bu işə necə kömək edəcəyini dəqiq bilməlidir. Biz hamımız bir nəfər kimi öz gücümüzü birləşdirib, ölkə başçısına bu məsələnin həllində dəstək verməliyik. Bu gün Azərbaycanda kim deyə bilər ki, mən Dağlıq Qarabağ probleminin həllini İlham Əliyevdən daha çox istəyirəm? Xalqımız gözəl bilir ki, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edə biləcək yeganə lider və şəxsiyyət İlham Əliyevdir və məhz onun uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad ediləcək, prezidentimizin qurucu xarakterinə uyğun olaraq, bu yurdlarda əmin-amanlıq bərpa olunacaq, abadlıq işləri aparılacaq.

- Siz ixtisasca jurnalistsiniz. Azərbaycan jurnalistikasının vəziyyətini necə qiymətləndirirsiniz?

- Vaxtilə jurnalist ən hörmətli peşə sahibi idi. Bu peşə sahibləri içərisində elə həmkarlarım olub ki, cırmaq-cırmaq çalışıb, istedadı və zəhməti hesabına neçə vəzifə dəyişəndən sonra baş redaktor rütbəsinə gəlib yetişiblər. İndi adamlar bir günün işində baş redaktor olurlar. Hərə bir qəzet açıb meydan sulayır. Onların qeyri-peşəkar fəaliyyəti jurnalistikanın imicinə təsir edir. Belə neqativ hallara çox təəssüflənirəm. Müstəqil dövlət kimi sağlam mətbuata böyük ehtiyacımız var. Təəssüf ki, mətbuat çox siyasiləşib. Bəzən ölkədə baş verən zəlzələni də az qala iqtidarın büdrəməsi kimi qələmə verirlər. Mən dünyanı gəzirəm və müqayisə edirəm: Azərbaycanda olan inkişaf göz qabağındadır. Bəzi yazarlarımız isə yaxşı şeyləri söyləməyə sanki çətinlik çəkirlər...

- Sizə daha yaxın olan televiziya jurnalistikası haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Dövlət Televiziyasının verilişlərinə daha çox baxıram və bəyənirəm. Sanballı, yetkin və ailə kanalı hesab edirəm. Bəzi kanallardakı tele-şoular milləti manqurtlaşdırmağa xidmət edir. Biz nə qədər yemək stollarına, sevgi məclislərinə, müğənni qarderoblarına baxacağıq? Son illərdə yaranan, dillər əzbəri olmuş və bir əlin beş barmağını dolduracaq əsil musiqi əsərinin, kinonun və yaxud da başqa bir sənət əsərlərinin adlarını sadalaya bilərsinizmi?

- Bəs yaxşı əsərlər niyə yaranmır?

- Sanki meyar itib. Yaradıcı insanlar olumla ölüm arasında səmtini itirmiş kimidir. Elə olur ki, səndən aşağı səviyyəli bir insanın qısa müddət ərzində varlandığını və böyük var-dövlət sahibi olduğunu görürsən. Belələri sənin elmini, oxuduğunu, ağıl və dərrakəni, istedad və qüdrətini elə bil ki, ayaqlayıb keçir. İnsanın xəyalı ilğımlar kimi havadan asılı qalır, ayaqları yerə çatmır. Ehtiyac, ailə qayğısı yaradıcı insanı qovub tamam ayrı istiqamətlərə aparır, dərin düşüncələrə qərq edir, beynini qurudur. Ancaq nə etməli, ümidli olmalıyıq, bütün bunlar zamanın axarında keçib gedəcək. Bazar iqtisadiyyatı ədəbiyyatı, mədəniyyəti təbəddülatlara uğratdı. Yenə sağ olsun, dövlət başçısı belə çətin dövrdə yaradıcı qurumlara öz dəstəyini əsirgəmədi. Yaxşı ki, indi yaradıcı adamlar və yaradıcı mühit özünə qayıtmağa başlayır.

- Siz yazıçı kimi bir neçə kitabın müəllifisiniz. İndi nə yazırsınız?

- Əvvəlki illərlə müqayisədə, demək olar ki, heç nə... Vaxtilə Sabir Əhmədli bir hekayəmin küncünə yazmışdı ki, “yazmasan, Allah sənə qənim olsun!” Sizə bir etiraf edim – ziyalı olsam da, kitab mağazasına çox az-az gedirəm. Şəhərdə yaxşı köynəyin harada satıldığını bilirik, amma kitabların yox... Müqəddəs söz elə bil urvatdan düşüb. Cəmiyyətdə ən qorxulusu hamının eyni cür düşünüb, başqa cür danışmasıdır. Təbii ki, bu gün ciddi əsərlərə hamının ehtiyacı var. Vaxt olduqca, mən də mütaliə etməkdən, hər hansı böyük bir yazıçının əsərini dönə-dönə oxumaqdan ləzzət alıram.

- Hazırda kimi oxuyursunuz?

- Bu gün Şoloxovun “Sakit Don” əsərini dördüncü dəfə oxuyuram. Rus klassiklərindən Bunini, Turgenevi xüsusi ilə sevə-sevə mütaliə edirəm. Və belə incə müşahidələrə malik böyük sənətkarların ruhu qarşısında baş əyirəm. Mənim nəzərimdə əsl yazıçı elə istedad və müşahidə deməkdir. İndi yaxşı oxucu da başqa bir problemdir və başqa bir söhbətin mövzusudur. “Səhər naxıra-axşam axura” – bu, heyvan ömrüdür. Axurla naxır arasında fərqi bilməyən, yaxud axurla naxır arasında vurnuxan adamlara yazığım gəlir.

- İstəyirəm sualın yönünü dəyişəm. Evdə-eşikdə nə var, nə yox?

- Şükür ki, hər şey yaxşıdır. Üç övladım, iki nəvəm var. Evimizdə yenicə ikinci İmamverdi İsmayılov dünyaya gəlib. Həyatdan gileylənməyə haqqım yoxdur. Dostlarımın köməyini hər zaman hiss edirəm. Bir ara çox üzüldüm, üzüntülü, kədərli anlar yaşadım. Həyatımın dərin mənası olan müqəddəs anamı itirdim. Özüm də, uşaqlarım da yamanca isinmişdik ona... İllər boyunca səsinə və nəfəsinə sığındığımız Asiya xanımsız yaşamaq çətin idi, çox çətin... Bütün analar gözəldir, ancaq tanıyanlar yaxşı bilir ki, mənim anam peyğəmbər kimi insan idi. Hər dərdini dilə gətirməyən, pərdəli, ağır taxtalı, köhnə adamlardan idi. Anam ölüm ayağında çətinliklə can verdi. Və belə bir andaca qız nəvəm dünyaya gəldi. Ona anamın adını qoyduq. Elə bil anam yol gözləyirmiş və “daha bundan sonra rahat ölə bilərəm...” deyib gözlərini yoldan çəkdi.

- Fikir vermişəm, elə bil ki, darıxırsınız, bəzən də kədərli və qayğılı görünürsünüz...

- Belə hallar olur. Qəribədir, bəzən elə toy olur ki, özümü tənha və yalqız hiss edirəm. İndi sizinlə danışanda da kövrək anlarım yadıma düşür. Uşaq vaxtı əmim oğlu balta götürüb dədə-baba yurdumuzu, aynabəndli evimizi uçurmaq istədi. Həmin anda anamın göz yaşlarına baxıb, əli heç hara çatmayan uşaq kimi üzümü Allaha tutub yalvardım ki, ay Allah, məni böyük adam elə, gəlib bunu tutub basım içəri. Ancaq tale gətirdi, imkanım oldu, hər şey tərsinə oldu: ona kömək elədim, evinə, uşağına əl tutdum, hətta öləndə də urvatlı götürdüm. Bilirsiniz, mənim düşüncələrim belədir ki, Allahın yaratdığı bəndəsinə əli yetməyəndə, onu müxtəlif mesajlarla idarə edir. Ona yuxu göndərir, səbir verir. Mən belə şeylərin hamısına inanıram. Gördüyüm bütün yuxularım çin çıxır. Yəqin bunların hamısı mənə anamdan keçib. Bunların hamısını mənə öyrədən anam oldu. Rəhmətlik deyərdi ki, bala, quşa qanad, kirpiyə tük, cüyürə qıç verən Allah sənə də bəxt çörəyi verəcək. Heç vaxt bəxt çörəyin gələndə boynunu dik tutma, dünəni unutma. Geriyə boylanmayan insan qabağı da görə bilməz...

- Niyə elmi dərəcəniz yoxdur?

- Üç fərqlənmə diplomum olsa da, elm adamı olmağı xoşlamamışam. Yoxsa, çoxdan elmi titullarım var idi. Amma nə yaxşı ki, belədir...

- Axı Milli Məclisin deputatlarının əksəriyyəti elmlər namizədi, elmlər doktorudur...

- İcazə verin, bu suala cavab verməyim. Gəlin başqa şeylərdən danışaq.

- Qərib yurdlarımız necə, yuxunuza girirmi?

- Mənim çətin günlərim çox olub. Uşaq vaxtı biçənəkdə, ot biçən zaman qolumu kərənti kəsdi. Hirsimdən deyinirdim ki, axı niyə bəzi qohumlarım mənə dədəmin halal biçənəyini də çox görüb, bizi daşlığa dirəyiblər. Sonralar, ad-san yiyəsi olanda da, bu hirsimi və qəzəbimi yadımdan çıxarmırdım. İndi həmin qohumlarım mənim adımdan o qədər alver edirlər ki, heçə nə deyə bilmirəm. Çünki anam mənə deyərdi ki, bala, axar su ol, murdarlıq götürmə. Yadında saxla ki, yol üstündəki qarışqanın da qafiyəsini pozmaq olmaz, hər şeyi zamana burax... Uşaqlığım o dağlarda və yaylaqlarda keçib. Bənövşə yığmışam, quzuqulağının, baldırğanın, üstünə düz səpib yediyim quşəppəyinin dadı indi də damağımdadır. Darıxanda, hərdən Qarabağ tərəfə gedirəm. Füzuliyə çatanda, bağlı yolları görəndə, dizlərim əsir, sümüyüm üşüyür. Təbiət də insan kimidir. Üzü qırxılmayan, saçına əl dəyməyən insan məhv olub getdiyi kimi, otu biçilməyən, suyu içilməyən, yolları tapdanmayan yurd gör nə günə düşər? İnsan həniri dəyməyən yurd - qəbiri olmayan ölü kimidir. Mən insanlarımıza qəbir üstündə, dəfndə yaranan səmimiyyəti tez unutmamağı və elə bu dəyərlərlə də yaşamağı arzulayıram. Unutmayaq ki, bu dünyada hər şey qurtara bilər, təkcə Allahın axtarışları davam edir... Allah amanında!...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR