Bank Of Baku

Azərbaycan Prezidenti: “Gəncənin inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur”

Azərbaycan Prezidenti: “Gəncənin inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur”
# 11 fevral 2010 19:30 (UTC +04:00)
APA-nın “Azərtac” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Gəncənin Azərbaycanın digər bölgələri kimi sürətlə inkişaf etdiyini, həm xidmət sahəsində, həm sənaye potensialının inkişafında praktiki işlər aparıldığını, şəhərin abadlaşdığını vurğulayıb: “ Əminəm ki, 2010-cu ildə qarşıda duran bütün vəzifələr icra olunacaq və Gəncənin sürətli inkişafı gələcəkdə də təmin ediləcək. Əlbəttə ki, biz şəhərin sənaye potensialının inkişafına böyük diqqət göstəririk və göstərəcəyik. Şəhərdə yeni böyük sənaye müəssisələri yaradılmalıdır, ilk növbədə alüminium zavodu, ondan sonra böyük metallurgiya kompleksi. Bir müddət bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin təməli qoyulub. Ancaq müəyyən maliyyə çətinliklərinə görə onların tikintisi bir az yubanıb. Hesab edirəm ki, 2010-cu ildə işlər daha sürətlə getməlidir”.

Şəhər infrastrukturunun inkişafı üçün bütün lazımi tədbirlərin görüldüyünü deyən prezident bu il Bakı-Gəncə magistral avtomobil yolunun istifadəyə veriləcəyini də deyib.

Bütün dünya üçün ən çətin olan 2009-cu ildə də Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini deyən ölkə başçısı dünya miqyasında iqtisadi inkişaf templərinə görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb: “Bu ilin birinci ayının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artıb. Bu onu göstərir ki, uğurlarımız əsaslıdır. Bunun möhkəm əsası var, dünyada bir neçə ölkəyə böyük problemlər gətirən böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Biz özümüzü düşünülmüş siyasətlə, iqtisadi islahatlarla qoruya bildik. Ölkəmizin hərtərəfli inkişafının nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Regionların inkişafı davam edir. Mən sabah bölgələrdə olacağam. Yeni müəssisələrin istifadəyə verilməsi ilə bağlı tədbirlər keçiriləcək”.

Prezident deyib ki, Gəncənin inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu, şəhərin gözəlləşməsinə, öz tarixi simasını saxlamaqla müasirləşməsinə və şəhərdə yaşamaq, istirahət etmək üçün şəraitin daha da yaxşılaşmasına xidmət edəcək: “Bu məqsədlə əlavə tədbirlər planı hazırlanır və yəqin ki, yaxın zamanlarda bütün gəncəlilər bunu görəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR