Bank Of Baku

Azərbaycan Milli Məclisinin komitə sədri Nizami Cəfərov: “Mən də soyadımı dəyişməyəcəyəm” - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisinin komitə sədri Nizami Cəfərov: “Mən də soyadımı dəyişməyəcəyəm” - <font color=red>MÜSAHİBƏ</font>
# 23 fevral 2010 10:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun APA-ya müsahibəsi

- Necə oldu ki, birdən-birə soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı komissiya yaradıldı?

- Bu komissiya Azərbaycan Milli Elmlər Akademiyasının yanında Adlar və Soyadlar üzrə Xüsusi Komissiya adlanır. Akademiya rəhbərinin 2009-cu il 16 iyun tarixli, 86 nömrəli sərəncamı ilə yaradılıb. Təşəbbüs Akademiyadan gəlib, ancaq bu vaxta qədər də cəmiyyətdə adlar və soyadlarla bağlı passiv və aktiv şəkildə müzakirələr olub. Məsələ Milli Məclisdə də dəfələrlə qaldırılıb. Hətta mənim rəhbərlik etdiyim komitə Rafael Hüseynovun hazırladığı qanun layihəsini də iş planına daxil etmişdi. O vaxta qədər isə Sabir Rüstəmxanlı bir sıra təkliflər vermişdi. Sabir bəy məsələni kəskin qoyaraq deyirdi ki, ilk növbədə məmurlar, rəsmi şəxslər soyadlarında “ov”, “yev” sonluğundan imtina etməli, sonra sadə vətəndaşlar bu addımı atmalıdırlar. Problem gündəmə gəldiyi zamanlar tamamilə düzgün olaraq, belə bir fikir səslənib ki, bu cəmiyyətin öz işidir. Yəni biz demokratik cəmiyyətdə yaşayırıq, kim hansı soyad formasını istəyirsə, daşıya bilər. Məsələyə ciddi yaşananda problemin bu formada həlli indi də mümkündür. Ancaq bunun üçün VVAQ orqanları müxtəlif sənədlər istəyirlər. Məsələn, yaşlı bir adamın cəmiyyət, dövlət, beynəlxalq təşkilatlar qarşısında çoxlu öhdəlikləri var. Belə bir şəxsin soyadını dəyişməsi isə müəyyən mürəkkəblik yaradırdı. Nəhayət, yaranmış vəziyyətə uyğun olaraq, belə bir komissiya meydana çıxdı. Bu komissiyanın sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovdur. Komissiyada Prezident Administrasiyasının humanitar-siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin də olmağı o deməkdir ki, bu təkcə elmi deyil, həm də dövlət siyasətini həyata keçirmək üçün nəzərdə tutulan komissiyadır. Bu komissiya işlədi və bir neçə ay əvvəl Adlar və Soyadlar Dövlət İnformasiya Sisteminin yaradılması Konsepsiyasını təqdim elədi. Bundan sonra komissiya ötən sərin 50-ci illərdən sonra Azərbaycanda adlar və soyadlarla bağlı getmiş proseslərin statistikasını hazırladı. Burada ancaq rəsmi qeydiyyatda olan adların və soyadların statistikası aparıldı və müxtəlif maraqlı nəticələr meydana çıxdı.

- Nə kimi nəticələr?

- Məlum oldu ki, ötən əsrin 50-ci illərindən 2000-ci illərə qədər olan dövrdə “ov”, “yev” soyad sonluğu 90 faizdən, 80 faizə yenib. Bu günün statistikası belədir ki, “ov”, “yev”lə olan soyad sonluqları təxminən 80 faizə qədərdir. Bundan başqa, “zadə” 10 faiz, “lı”, li” “lu”, lü” də 10 faizə qədərdir. Cüzi faizlə isə “oğlu”, “qızı”, “gil” və “soy” soyad sonluqları var. Bu statistikanın aparılması bizim üçün çox vacib idi. Eyni zamanda biz adamlara daha çox hansı adların verilməsini də müəyyənləşdirdik. Biz Azərbaycanda ən çox istinad edilən yüz kişi adini müəyyənləşdirdik. Bu gün Azərbaycanda ən populyar kişi adı Əlidir. Hazırda Azərbaycanda 40 494 Əli var. İkinci populyar ad isə Elçindir, indi ölkədə 33337 Elçin adını daşıyan şəxs var. Bundan başqa 32569 Vüqar, 31056 Anar, 29083 Elnur var. Sonrakı yerlərdə Samir, Elşən, Rəşad, İlqar, Vüsal adları gəlir. Bu adların əksəriyyəti alınma adlardır.

- Belə vəziyyətin olması yaxşıdır, pis?

- Bu o deməkdir ki, xalqın adqoyma ilə bağlı fantaziyası, təfəkkür imkanları zəifdir. Ancaq bir şeyi deyim ki, bu statistika hazırkı dövrə aiddir. Əgər belə bir statistikanı XIX əsrin sonu, XX əsrin əvvəllərində aparsaydıq təbii ki, Əhməd, Məmməd, Hüseyn, Həsən adı daha çox olacaqdı. Yəni mən inanmıram ki, həmin dövrdə Elçin, Elnur, Anar adı o qədər populyar ola bilərdi. Ad sistemində dəyişiklik olsa da təkrarçılıq həddən artıq çoxdur. Azər adının Azərbaycanda işlənməsi çox mühüm cəhətdir. Amma təsəvvür edin ki, 25 mindən artıq insanda Azər adının olması təbii ki, düzgün deyil. Yəni komissiya elə-belə havadan işləmir.

- Maraqlıdır, Sizin adınız yüzlükdə neçənci yerdədir?

- Mənim adım 63-cü yerdədir. Bu o deməkdir ki, hazırda ölkədə 13374 Nizami var.

- Populyar qadın adlarını necə, müəyyənləşdiribsiniz?

- Bəli, bu gün Azərbaycanda ən populyar qadın adı Sevincdir. İndi ölkədə 46937 Sevinc var. Bundan başqa, 40215 Günel, 35395 Leyla, 35276 Aygün, 35138 Günay, 31675 Sevda, 31453 Vüsalə, 31308 Könül, 29956 Təranə, 28600 Samirə adlı xanım var. Əgər bu statistikanı da XIX əsrin sonu, XX əsrin əvvəlləri ilə müqayisə etsək, fərqlilik görərik. Həmin vaxt daha çox Zeynəb, Fatimə, Zübeydə və digər adlara rast gəlinirdi. Ötən əsrin 40-cı 50-ci illərində ən populyar qadın adı Cəfər Cabbarlının eyni adlı əsərinə görə Sevil idi. İndi isə Sevil adı 32-ci yerdədir və bu gün ölkədə 21077 bu adı daşıyan insan var. Biz bu məsələdən sonra advermənin sosial-psixoloji tərəfini də izah edə bilərik. Adətən ailənin ilk övladı qız olanda onun adını Sevinc qoyurlar. Və ya bir neçə oğlandan
sonra doğulan qıza Sevinc adı verilir.

- Yəqin ad və soyadı eyni olanlar da çoxluq təşkil edər?

- Bu məsələ də araşdırılıb. Bu gün Azərbaycanda 3055 Məmmədova Sevinc var. 2951 Əliyev Əli, 2558 Məmmədova Günel, 2435 Məmmədov Məmməd, 2419 Əliyeva Sevinc, 2381 Məmmədov Elçin, 2299 Məmmədov Əli, 2281 Məmmədova Aygün, 2260 Məmmədova Günay, 2192 Məmmədova Sevda var. Göründüyü kimi Məmmədov və Məmmədova soyadları çox təkrar olunur. Bu eyni ilə ən populyar soyadı da müəyyən edir. Deməli ən populyar soyadlar Məmmədov, Əliyev, Hüseynov, İsmayılovdur. Bu statistika hansı işlər görməli olduğumuzu ortaya qoyub. Belə olanda biz ilk növbədə ad və soyad bankını yaratdıq. Bu banka folklorda və yazılı ədəbiyyatda olan adlar, tarixi, coğrafi yerlərin adları ilə adlandırılan insan adları, flora və faunadan olan insan adlarını topladıq və siyahı hazırladıq. Bu siyahı VAQ orqanlarına təqdim edilib. Komissiya hansı adların qoyulmasının məqsədəuyğun olmadığını da müəyyənləşdirib.

- Bunu necə müəyyənləşdiribsiniz?

- Bu gün elə adamlar var ki, uşaqlarına təhqiramiz ad verirlər. Bir vaxtlar uşaqlara Kombayn, Kolxoz, Traktor kimi adlar qoyulurdu. İndi belə adlar lüğətdən çıxarılır. Məsələn, bu gün uşağa Hitler adı qoya bilməzsən. Əvvəllər uşaqlara Avropa mənşəli adlar da qoyulub. Kimsə uşağının adını Yelizaveta qoymaq istəyəcəksə, ona izah olunacaq ki, bu ad lüğətdə yoxdur. Burada bir neçə göstərici əsas götürülüb. Elə ad var ki, təhqiramiz olmasa da, milli deyil. Kimsə, uşağının adını Maradona qoyubsa, biz bilirik ki, bu adam hər hansı təhqiramiz fikirdə olmayıb. Amma məqsədəuyğun deyil. Birdən kiminsə ağlına gəlir və o uşağının adını Canavar, Pişik qoymaq istəyir. Artıq belə şeylərə yol verilmir. Bunlar təhqiramiz ad hesab olunur. Bir prinsip də var ki, ideoloji məzmun daşımayan adı qoymaq olmaz. Məsələn, erməni Andranik adı qoya bilər, azərbaycanlı yox. Bu yaxınlarda hansısa azərbaycanlı uşağına Bin Laden adını qoyub. Buna yol vermək, aqressiya yaradan adlar qoymaq olmaz. Bu məsələlər nəzərə alınır. Bundan başqa, iki komponentdən artıq ad qoyulmasına icazə verilmir. İşarələrlə, qısaltmalarla da ad və soyad qoymaq olmaz. Birdən kimsə uşağının adını SS, PMK, MM qoymaq istəyərsə, buna yol verilməyəcək. Bununla yanaşı, adlarda və soyadlarda səslərin sayı üçdən az olmamalıdır. Yəni ən azı üç səsdən istifadə olunmalıdır. Bu məsələlər hamısı konsepsiyada var. Yəni iş təkcə soyad sonluqları ilə bitmir.

- Bu sahədə beynəlxalq təcrübə öyrənilibmi?

- Konsepsiya hazırlanarkən Türkiyə, Almaniya, Moldova, Belarus, Estoniya və digər ölkələrin təcrübəsi öyrənilib. Konsepsiyada, həmçinin tövsiyə xarakterli qaydalar verilir. Məsələn, deyilir ki, kommunizm ideologiyası və keçmiş sovet reallıqları ilə bağlı adlardan yeni doğulan uşaqlar üçün adların və soyadların seçilməsi tövsiyə olunmur. Yəni bu adlar ad yaradıcılığının milliyini və estetikasını pozur. Belə adlardan bir neçəsini sadalamaq istəyirəm. Məsələn, Karlen, Faktura, Kolxoz, Seçki, Təşkilat, Selpoy, Marlen, Kondidat, Mexanik, Təftiş, Siyahı, Növbə, Marks, Məqalə, Sovetxanım, Təşviqat, Sovetnaz, Vəzifə, Məruzə, Estoniya, Vetranə və s adları olanlar var. İndi bu kimi adların verilməsi tövsiyə olunmur. Bundan başqa, gülüş, nifrət və ikrah doğuran adlardan istifadə olunması tövsiyə edilmir. Belə adlara Dobleyka, Əliqayıt, Qəqiş, Vaxtilə, Zəlzələ, Lubiyə, Türməxanım, Əmiş, Amlet, İşıqlan, Nazikbədən Olimpiada, Yerevan, Kələk, Məşuqə, Qarkom, Qığılcım, Xaya, Kükü, Uxay, Xiyar, Şokalad, Ördək, Koroğlan, Argentina, Telefon, Sidney, Xaşxanım, Sərxoş, İbiş, Kukla, Opera, Sumqayıt, Şulu, Şofer və digərləri daxildir. Reallıq budu ki, belə adlar var. Sonra çətin tələffüz olunan adlar gəlir. Məsələn, Sevinddş, Xırda, Rustəm, Babayrıza və bu kimiləri. Müxtəlif vaxtlarda təhrif olunaraq istifadə olunan adların ədəbi dilin normalarına uyğun düzəldilməsi tövsiyə olunur. Kiminsə dədəsinin adı Usup olubsa, artıq bu adın Yusif kimi qoyulmasına icazə verilmir. İrahilə olubsa, Rahilə kimi verilməlidir. Əsas məsələ yenə də soyadlarla bağlıdır.

- Burada konkret hansı variantlar təklif olunur?

- Burada dörd variant tövsiyə şəklində müəyyənləşdirilib və dövlətə təklif olunub. Bu, ya Azərbaycan prezidentinin sərəncamı ilə müəyyənləşdirilə bilər, ya Milli Məclis ayrıca qanun layihəsi qəbul edə bilər, və ya Ailə Məcəlləsinə düzəliş edilməsi mümkündür. Təklif olunan birinci variant belədir. Soyad sonluğuna “oğlu” artırılır və bu zaman “oğlu” sözü artıq şəkilçiləşdirilir və soyada bitişik yazılır. Məsələn Ağaoğlu Rəşid Həsən oğlu. Qız da elədir. Eloğlu Rəhilə Cəfər qızı.

- Burada artıq soyad əvvələ keçir?

- Əgər siyahıdırsa, birinci soyadla başlayır. Ancaq mən fikirləşirəm ki, yalnız əlifba sırası ilə verilən siyahılarda birinci soyad gedə bilər. Bəzən minlərlə insanın siyahısı təqdim olunur və bu zaman əlifba sırası ilə soyadların verilməsi işi asanlaşdıra bilər. İkinci nəzərdə tutulan “lı” şəkilçisinin dörd variantda olan formasıdır. Məsələn, Həsənli Cəfər Məmməd oğlu. Üçüncü nəzərdə tutulan şəkilçisiz formadır. Məsələn, Bəhruz Soltan Baxış oğlu. Bəhruz burada şəxsin soyadı kimi gedir. Nəhayət dördüncü “gil” və ya “soy” kimi verilir. Məsələn, Əhmədsoy Həsən və ya Əhmədgil Həsən filankəs oğlu. Əsas bu variantlardır.

- Bəs, “zadə” məsələsi nə yerdə qalıb?

- “Zadə” formatının qəbul olunmaması mübahisəli məsələdir. Bu konsepsiyada “zadə”nin fars mənşəli olduğuna görə qəbul olunmadığı bildirilir. Ancaq mən düşünürəm ki, hər halda “zadə” formatına ehtiyac var. Ortada statistika var, həm bu forma artıq 10 faizə qədər insanın soyadında sonluq kimi işlənir, həm də müəyyən qədər milliləşib. İkincisi də bu konsepsiya yalnız Azərbaycan vətəndaşlarını yox, dünya azərbaycanlılarını da əhatə edəcək. Həm Cənubi Azərbaycanda, həm də dünya azərbaycanlıları arasında “zadə” formatı geniş yayılıb. Bu mənada biz əlbəttə ona vətəndaşlıq verməliyik.

Konsepsiyanın əsas məqsədi ondan ibarətdir ki. Bizə məcburiyyət şəklində və repressiv formada qəbul etdirilən “ov”, “yev” formatından imtina etməliyik. Amma heç kimi məcbur etmirlər ki, on illər boyunca daşıdığı soyad formatından imtina eləsin. Bu məsələ yeni doğulacaq uşaqlara aid ediləcək. Hətta yeni doğulan uşaqlara yeni soyad verilə bilər. Kimsə öz adını oğluna soyad kimi götürə bilər. Bu aid olur yalnız azərbaycanlılara... Yəni biz Azərbaycanda yaşayan heç bir rusu, ukraynalını, belarusu, tatarı buna məcbur edə bilmərik ki, onlar ənənəvi soyadını atıb bizim dediyimizlə getməlidirlər.

- Bəs milli azlıqların məsələsi necə həll ediləcək? Məsələn, ləzgilər, talışlar, kürdlər və digər milli azlıqların məsələsi necə həll olunacaq?

- Bunlar azərbaycanlıdır və biz necə edəcəyiksə, onlar da elə edəcək. Ukraynalılara aid olan məsələ onlara şamil edilmir. Məsələn, Anar Məmmədxanov deyir ki, heç kim onu soyadından imtina etməyə məcbur edə bilməz. Söhbət burada Nizaminin və ya Anarın soyadından imtina etməsindən getmir. Məsələn, mən neçə illərdir fikirləşirəm ki, görəsən, bu “ov”u dəyişdirim, ya yox. Hər dəfə də düşünürəm yəqin ki, mən dəyişdirməyəcəyəm. Çünki artıq mən bu cür tanınıram və bu şəkildə də getməlidir. Amma yeni doğulanlara yeni soyad verilməlidir. Biz “ov”, “yev”ləri o həddə qədər azaltmalıyıq ki, aparıcı mövqedə olmasınlar. Millətinə son əsrdə səksən faiz qəbul etdirilmiş formatı saxlaya bilmərik.

- Niyə Sovet sistemində ancaq bizim soyad sonluqlarımızı qarşı repressiya ediblər?

- Bizə qarşı təzyiq bir qədər çox olub. Bizim eyni zamanda əlifbamızı da dəyişiblər. Slavyanlardan sonra SSRİ-də ən çox türklər olub. Bu bir qədər də bizim canımızda olan məsələdir. Azərbaycanın böyük ziyalıları formal şəkildə bu sonluğu qəbul etsələr də, ancaq “ov”, “yev”siz imzalar da olub. Məsələn, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun və digərləri kimi. Heç kim onları “ov” və ya “yev” sonluqlu soyadla yazmağa məcbur eləməyib. Yəni bu məcburiyyət kütlə üçün olub. Bu gün də bəzi fikirlər səslənir ki, “ov”, “yev” sonluqlarını kimlərsə saxlayacaq. Qoy, kim istəyir saxlasın. Yəni müəyyən qədər “ov”, “yev” sonluqlu soyad da qala bilər. Ancaq nə qədər liberallıq etsək də, bu 10 faizdən artıq ola bilməz. Və yaxud kimsə “inski” soyad sonluğunu saxlamaq istəyirsə, belə istisnalar ola bilər. Yəni müəyyən məsələləri müzakirə etməyə hələ də ehtiyac var. Amma bütövlükdə konsepsiya hazırdır. Məsələ Prezident Administrasiyasında da müzakirə olunur.

- Məsələnin bu il ərzində həlli mümkündürmü?

- Bu artıq ölkə rəhbərliyinin səlahiyyətindədir. Alimlər nə iş görə bilərdilərsə, görüblər. Amma yenə də müəyyən təkliflər olarsa, müzakirə edə bilərik. Biz bəzi formatlarla da tanış oluruq. Məsələn “can” və “az” formatı ilə bağlı. Bunlar maraqlı təkliflər olsalar da, ənənəsi yoxdur. Ona görə də bu formatları qəbul etmək mümkün deyil.

- Rəhbərlik etdiyiniz Mədəniyyət komitəsi bu beş ildə nə iş görüb?

- Bizim əsas işimiz “Teatr haqqında” qanunu qəbul etmək olub. Yaxşı olardı ki, ilin sonuna kimi “Mədəniyyət haqqında” qanunu da yeni formatda qəbul edək. Bizim qəbul edə bilmədiyimiz qanunlar da olub. Məsələn, “Yaradıcı şəxslər və yaradıcı qurumlar haqqında” qanunu qəbul edə bilmədik. Ancaq çox məsələləri müzakirə etdik. Mədəniyyət ümumi bir prosesdir. Bu sahəni ayrı-ayrı sahələrlə eyniləşdirmək olmur. Yaxşı olardı ki, ayrıca Mədəniyyət Məcəlləsi qəbul etməklə bu məsələlərin çoxunu ümumiləşdirək. Bu gün mədəniyyətlə bağlı qanunda prodüser anlayışı yoxdur. Bundan başqa, yaradıcı şəxsin statusu məsələsi də var. Bunları qanuna gətirmək lazımdır.

- Adınız Yazıçılar Biliyinə sədr olacaq şəxslər sırasında hallanır...

- Mən bunu istəmirəm. Bu heç vaxt ağlıma gələ bilməz. Əvvəla həqiqətən də Yazıçılar Birliyini dövrün mürəkkəbliyindən, problemlərdən Anar çıxarıb. Bu gün Yazıçılar Birliyi yaşayırsa, birinci növbədə ümummilli liderimizə borcluyuq ki, bu təşkilat üçün bütün şəraiti yaradıb. Anar isə dediyim kimi bu qurumu böhrandan çıxarıb. Hesab edirəm ki, Anar bu işi sonsuza qədər davam etdirməlidir. Ancaq ortaya çıxan müəyyən iddiaları da təbii hesab edirəm. Hər bir qələm sahibinin ixtiyarı var ki, bu iddiaya düşsün və sədr seçilsin. Bu iddiaya görə kimisə qınamaq düzgün deyil. Ancaq mən səs verəsi olsam, birinci növbədə Anara səs verərəm.

- Bu yaxınlarda Azərbaycanda dövlət mükafatlarını müəyyənləşdirəcək komissiya yaradılıb. Komissiyanın üzvü olmasanız da, bu barədə fikirləriniz maraqlı olardı.

- Bu çox yaxşı işdir. Bu gün Azərbaycanda “xalq” fəxri adının verilməsi ənənəsi var. Ancaq mənə elə gəlir ki, dövlət mükafatının verilməsi daha məqbuldur, nəinki “xalq” fəxri adının... Burada artıq qiymət əsərə verilir. Bir də ki, fəxri adların verilməsi məsələsi artıq bütün dünyada aradan qalxmaq üzrədir. Dövlət mükafatlarının, orden və medalların verilməsi isə çox populyardır. Biz sadəcə ənənəni davam etdiririk. Yəqin ki, gələcəkdə fəxri adların verilməsi daha az olacaq və tədricən sıradan çıxacaq...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR