Bank Of Baku

Azərbaycanın partiya sədri: “Seçkilər Azərbaycanda hansı müxalifətin qalacağını müəyyənləşdirəcək” - MÜSAHİBƏ

Azərbaycanın partiya sədri: “Seçkilər Azərbaycanda hansı müxalifətin qalacağını müəyyənləşdirəcək” - <font color=red>MÜSAHİBƏ</font>
# 13 aprel 2010 09:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Azərbaycanda səfərdə olan NATO Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdə hansı məsələlər müzakirə edildi?

- Bu səfər Azərbaycan - NATO münasibətlərinə həsr olunub. Görüşdə bizim NATO-nun fəaliyyətindən narazılığımızı çatdırıldı. Həm Azərbaycan, həm də Ermənistanın NATO Parlament Assambleyasının assosiativ üzvü olmasına baxmayaraq, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Amma NATO bu problemin həllinə öz töhfəsini vermir. Gərgin bir müzakirə oldu, Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərbə əl atmaqdan başqa yolu qalmır. Mən də bildirdim ki, bizim NATO-ya bağlı təhlükəsizlik strukturu kimi ümidlərimiz boşa çıxıb. Əgər əvvəllər mən Azərbaycanın NATO-ya inteqrasiyasının tərəfdarı kimi çıxış edirdimsə, indi Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına daxil olmasının vacibliyini bildirirəm. Çünki ABŞ və Qərbin “ikili standartları” bölgədə təhlükəsizliyə ciddi ziyan vurur. Bu vaxta qədər cəmiyyətdə belə fikir var ki, Ermənistan torpaqları Rusiyanın dəstəyi ilə işğal edilib. Görüşdə şəxsən mən bildirdim ki, torpaqlar təkcə Rusiyanın yox, həm də ABŞ və NATO-nun dəstəyi ilə işğal olunub. Müharibənin ən qızğın vaxtında NATO-nun üzvü olan ölkələr işğalçı dövlətə ərzaq yardımı edib. ABŞ Azərbaycana 907-ci düzəlişi tətbiq edib. İşğala məruz qalmış dövlətə kömək etmək əvəzinə işğalçı dövlətə mütəmadi olaraq yardımlar edilir. Hətta ABŞ Dövlət Departamenti humanitar yardım adı altında separatçı rejimə də yardımlar edib. Bu ikili standartlar artıq Azərbaycan cəmiyyətində Qərbə və ABŞ-a qarşı münasibəti dəyişib. İclasdan sonra nümayəndə heyətinin üzvləri ilə qeyri-rəsmi söhbətlərimiz oldu. Nümayəndə heyətinin üzvlərindən biri bildirdi ki, ABŞ siyasətçiləri erməni lobbisinin təsiri altındadır. Belə bir fakt açıqladı ki, Türkiyəyə Ermənistan sərhədlərinin açılması ilə bağlı ABŞ ona görə təzyiqlər edir ki, nümayəndələr palatasının sədri ilə Obama arasında razılaşma olub. Nensi Pelosi Obamanın səhiyyə islahatları ilə bağlı proqramına dəstək verib, əvəzində də Obama Türkiyə ilə Ermənistan arasında sərhədin açılması ilə bağlı öhdəlik götürüb. Həmin şəxs bunu açıq formada bildirdi.

- Digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan NATO-ya nə qədər yaxındır?

- Bu dəqiqə biz Gürcüstan kimi bütün səylərimizi qoysaq da, bizi NATO-ya qəbul etməyəcəklər. Mən həmişə Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının tərəfdarı olmuşam. Amma Gürcüstana münasibətdə NATO-nun tutduğu mövqe mənim baxışlarımda ciddi dəyişikliklər yaradıb. Hesab etmirəm ki, doğrudan da Azərbaycan NATO-ya üzv olmaqla Dağlıq Qarabağ probleminin həllində Qərbdən dəstək almış olar. Və yaxud da Azərbaycan öz təhlükəsizliyini bu sistem daxilində təmin edə bilər. Çünki indiki reallıqda Ermənistanla müqayisədə Azərbaycan NATO ilə daha yaxından əməkdaşlıq edir. Bu gün faktiki olaraq NATO-nun genişlənməsinə qarşı çıxan Rusiyanın ən yaxın müttəfiqi Ermənistandır. Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistan NATO-ya qarşı olan hərbi birliyin üzvüdür. Amma faktiki olaraq, ABŞ Ermənistana daha çox dəstək verir, nəinki bizə. Yəni bu dəyərlər artıq itib. Siyasətçilərin şəxsi və karyera maraqları daha önə çıxıb. Məsələn, Obama erməni diasporundan asılıdır, öz şəxsi maraqlarını həm beynəlxalq hüquqdan, həm də insan haqlarından üstün tutur. O baxımdan, hesab edirəm ki, Azərbaycan NATO ilə əməkdaşlığı davam etməlidir, amma Rusiya ilə əməkdaşlığa da üstünlük verməlidir. Bu gün Azərbaycanın Qarabağ problemi olmasa idi, tamamilə fərqli bir siyasət yürüdə bilərdi.
Amma Qarabağ problemi var və bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın ən böyük dövləti və İranın ən böyük qonşusu olduğu halda nüvə ilə bağlı tədbirə dəvət olunmur. Bu, artıq Azərbaycana olan qərəzli münasibətin açıq nümunəsidir.

- Azərbaycanla ABŞ arasındakı münasibətlərdə gərginlik olduğu deyilir. Müxalifət əsasən bunun səbəbi kimi Azərbaycan hakimiyyətini göstərir. Sizcə, belədirmi? Azərbaycan hakimiyyəti xarici siyasətində gərginlik yarada biləcək hansı dəyişiklik edib ki?

- Özünü müxalifət lideri adlandıran şəxslərdən birinin açıqlamasını oxudum. O bildirir ki, hamı Azərbaycandan üz döndərib. Bu, Azərbaycanın milli maraqlarına zidd bir açıqlamadır. Əvvəla Azərbaycandan kim və niyə üz döndərir? 2008-ci ildə Azərbaycanı da, indiki hakimiyyəti də dəstəkləyən xarici qüvvələr indi niyə üz döndərirlər və ya döndəriblərmi? İlham Əliyevin apardığı siyasətə baxsaq, görərik ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə prezidentin konkret mövqeyi olub və o, bunun Azərbaycanın maraqlarına zidd olduğunu bildirib. Bu “sərhəd açılması” layihəsinin rəhbərinin Barak Obama olması heç kimə sirr deyil. Bundan sonra ABŞ Azərbaycana münasibətini dəyişib. Onda sual olunur ki, ABŞ-ın münasibətinin dəyişməməsi üçün İlham Əliyev nə etməli idi? Azərbaycan razılaşmalı idi ki, sərhədlər açılsın, bunun ardınca da Dağlıq Qarabağın müstəqil dövlət olmasına razılıq məsələsi gündəliyə gəlsin? Bu qədər aydın məsələni başa düşmədən özünə siyasətçi demək gülüncdü, qəsdən belə açıqlama vermək isə xarici maraqlara qulluq etməkdir.

Son vaxtlar hansısa müxalifətçinin xarici qəzetdə yazısının dərc olunması ilə bağlı ajiotaj yaradılır. Soruşan yoxdur ki, Əli Kərimli, sən 20 ildir Azərbaycan siyasətindəsən, bu müddətdə də Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ məsələsi olub. Nəyə görə bu müddətdə bir dəfə də olsun “Vaşinqiton Post”da bununla bağlı məqalə ilə çıxış edə bilməmisən? Özü də mənim gümanıma görə bu yazını Əli Kərimlinin adından yazıblar. Bu yazının onun stilinə heç bir aidiyyatı yoxdur. Yazını ya “Vaşinqiton Post”un hansısa əməkdaşı yazıb, ya da ABŞ səfirliyində kimsə, bunu bilmirəm. Bu yazı ABŞ-ın indiki administrasiyasına lazım olduğu üçün orda çap edilib. 90-cı illərdə Asim Mollazadə Əli Kərimlinin yanında olanda və cəbhədə ruh düşkünlüyü yarananda Asim bəydən xahiş edirdi ki, “uşaqlara bir Klinton nağılı danış”. İndi bu nağılı o özü danışır. Bu baxımdan da deyirəm ki, bu Azərbaycana qarşı aparılan təzyiq kampaniyasıdır və bunun da arxasında o dayanır ki, Azərbaycan güzəştlərə getsin.

- Türkiyənin baş naziri Ərdoğanla ABŞ prezidenti Obamanın arasında keçiriləcək görüşdən nə gözləyirsiniz?

- Bu görüşdən yaxşı mənada heç nə gözləmirəm. Əslində bu protokollar imzalanmaqla Azərbaycan zərbə altına qoyuldu. ABŞ-a dolayısı ilə mesaj verildi ki, Türkiyə protokolları imzaladı, indi Azərbaycanı razı salın. Bu görüşdə də Azərbaycana qarşı növbəti təzyiq mexanizmləri düşünüləcək.

- Bu il Azərbaycanda keçirilən parlament seçkilərindən nə gözləyirsiniz?

- Bu seçkilər Azərbaycanın gələcəyi baxımdan çox önəmlidir. O baxımdan yox ki, bu seçkilərdə müxalifət qalib gələcək, yox, bu seçkilərdə müxalifətin qalib gəlmək imkanları sıfıra bərabərdir. Müxalifət yalnız təmsilçilik uğrunda mübarizə aparacaq. Seçkilər Azərbaycanda hansı müxalifətin qalacağını müəyyənləşdirəcək. 2001-ci ildə biz elan etdik ki, Azərbaycanda qarşılıqlı tanımazlıq siyasətindən imtina olunmalı, iqtidarla əməkdaşlıq edilməlidir. Amma bu siyasət hələlik özünü doğrultmadı. Bir sıra müxalifət qüvvələri tərəfindən də analoji addım atılsa da, iqtidardan heç bir jest olmadı. Sonuncu bələdiyyə seçkiləri müxalifətin tam iflasa uğradığını göstərdi. Əgər bu seçkilərdə konstruktiv müxalifət xalqdan geniş dəstək ala bilməyəcəksə, o zaman bu da konstruktiv siyasətin tam iflası olacaq. Bu isə konstruktiv yolda olan insanların yenidən radikal müxalifə mövqeyinə qayıdacağı ehtimalını yaradır. Bu da Azərbaycanın maraqlarına uyğun olmayan proses olacaq.

- Hər hansı seçki blokunun yaranması nəzərdə tutulurmu?

- Belə təkliflər mətbuatda səslənir, qeyri-rəsmmi söhbətlər olub. Amma hələ insanlar gözləmə mövqeyi tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR