Bank Of Baku

Pənah Hüseyn: “Müsavat Partiyası özünü potensial müttəfiqlərindən kənarlaşdırıb” - MÜSAHİBƏ

Pənah Hüseyn: “Müsavat Partiyası özünü potensial müttəfiqlərindən kənarlaşdırıb” - <font color=red>MÜSAHİBƏ</font>
# 04 may 2010 10:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat” deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseynin APA-ya müsahibəsi

- Parlament seçkiləri öncəsi ölkədə vəziyyəti necə qiymətləndirirsiniz?

- Siyasi-hüquqi baxımdan demokratik şərait yoxdur. Seçki Məcəlləsində seçki komissiyalarının formalaşması ilə bağlı hakim partiyaya və faktiki olaraq icra hakimiyyəti orqanlarına nəzarət etmək imkanlarının saxlanılması bu seçkilərdə əvvəlki ənənənin davam etdirilməsi deməkdir. Digər tərəfdən seçkinin mühüm atributlarında olan söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində problemlər var. İcra hakimiyyəti orqanları sərbəst toplaşmaq azadlığını məhdudlaşdırıblar. Siyasi partiyaların fəaliyyəti üçün normal şərait yoxdur, əksər partiyalar qərargahsızdır. Bütün bunlara baxmayaraq, ictimai və siyasi fəallığın yüksəldilməsi ilə bu problemləri aradan qaldırmaq, azad seçkilərin keçirilməsi mümkündür. Son vaxtlar kütləvi aksiyaların keçirilməsi aktivliyin başlandığını göstərir. Mənim fikrimcə, başlanğıc nöqtə kimi müxalifətin ümumi birliyi deyilən birlik yaranmalıdır. Təbii ki, bu da bütün müxalifətin sayca nominal birləşməsi yox, əsas etibarı ilə müxalifətin birliyi anlamına gələn partiyaların birləşməsidir. Bu istiqamətdə müəyyən addımlar atılır, əgər nəticələr əldə olunsa, seçki mühitdə müəyyən dəyişikliyə nail olmaq mümkündü. Mütəşəkkil siyasi etiraz və fəaliyyət zəifdir, amma narazılıq yüksəlib. Ona görə də mən hesab edirəm ki, seçkilərdə ciddi mübarizə olacaq. Beynəlxalq ictimaiyyətin Azərbaycana diqqətinin artması da burada əsas rol oynayan amillərdən biridir. Buna görə də biz demokratik seçki mübarizəsinə hazırlaşmalıyıq

- Seçkiyə hazırlaşmalıyıq deyirsiniz, amma seçkilərə az vaxt qalıb. Müxalifət düşərgəsində lazımi hazırlıq varmı?

- Atılan addımlar şəxsən məni qane etmir. Mənim mövqeyim ondan ibarətdir ki, müxalifətin daha geniş bir əməkdaşlıq mərkəzi yaranmalıdır. Demokratiya Uğrunda İttifaqa, “Azadlıq” blokuna daxil olan partiyaların, Müsavat Partiyasının, Demokrat və Milli İstiqlal partiyalarının da daxil olduğu – ola bilər ki, danışıqlar nəticəsində daha bir neçə partiya da bura daxil olsun – birlik yaranmalıdır. Belə birlik olsa idi və bu həqiqətən əməkdaşlıq çərçivəsini müəyyənləşdirsəydi, tutaq ki, namizədlərin müəyyənləşməsi, bu daha ciddi nəticə verərdi. Bu ictimai rəydə də müsbət qarşılanardı və siyasi fəallığa da impuls verərdi. Amma hələ ki buna nail olmaq mümkün deyil. Amma vaxt daralır və mən indiki vəziyyəti 2005-ci ilin vəziyyəti ilə müqayisə etməyin tərəfdarı deyiləm. İndiki tendensiyanı qiymətləndirmək üçün sadəcə 4-5 ay əvvəlki vəziyyətlə müqayisə etmək lazımdır. Məncə seçki dairələrinin əksəriyyətindən vahid namizədlə getmək, seçkilərdə birgə iştirak etmək məsələsi də hələ gündəmdən çıxmayıb. Amma hələ ki, partiyaların bu məsələyə soyuq münasibəti görünür. Bundan əlavə, müxalifətin birliyinin meydana gəlməsinin də gündəmdən çıxdığını, artıq qeyri-mümkün olduğunu düşünmürəm. Hələ seçkilərə xeyli müddət var və bu müddətdə bu məsələlərin həll edilməsi yaxşı olar.

- Siz müxalifətin birliyinin vacib olduğunu deyirsiniz. Amma İsa Qəmbərin fikrincə “müxalifət ona görə uduzur ki, o birləşə bilmir” tezisi doğru deyil. Bunu siz necə dəyərləndirirsiniz?

- Bu məsələdə mənim yanaşmam İsa bəyin yanaşmasından fərqlidir. Məsələn, biz hesab etmirik ki, 2005-ci ildə uduzmuşduq. Söhbət müxalifət namizədlərinə verilən səslərin təsbit olunmasından gedir. O baxımdan da bunu uduzuruq, ya da uduzmuruq kimi ifadə etməyək. Müxalifətin birliyi məsələsinə bizim yanaşmamızı şərtləndirən məsələlər barədə fikrimi dedim. Yəni səs almaq üçün, bu səslərin nəticəsini təsbit etmək üçün çox yüksək ictimai-siyasi fəallığa ehtiyac var. Gözləmək ki, bu ictimai-siyasi fəallıq olmadan hətta Seçki Məcəlləsi dəyişsə, demokratik mühit yaransa, demokratik seçki keçiriləcək, bu mümkün görünmür. Bir daha təkrar edirəm yalnız demokratik təzyiq və ictimai-siyasi fəallıq nəticəsində buna nail olmaq mümkündür. Bu baxımdan birlik məsələsinə mənim və mənim kimi düşünən insanların önəm verməsi bundan ibarətdir. Əgər ictimai-siyasi fəallıq yüksəlməyəcəksə, deməli, kütləvi aksiyalara da mane olunacaq, söz azadlığı məhdud olacaq, seçicilər səsverməyə gəlməyəcək və sair... O baxımdan da burada birlik məsələsi bir vasitədir və o qədər mühüm vasitədir ki, məqsəd kimi əhəmiyyətə malik olur. Bununla bağlı dəfələrlə müzakirələr aparılıb, amma məni inandıran bir dəlil-sübut ortaya qoyulmayıb ki, niyə bu birlik məsələsinə az əhəmiyyət verilməlidir və yaxud birinci şərt sayılmamalıdır. Bunun cavabını mən heç kimdən, o cümlədən İsa bəydən almamışam. İndiki real situasiyada müxalifətin bir nömrəli vəzifəsinin onların birləşməsi kimi formula olunmasının tərəfdarıyam. Doğrudur, bunu bəzən belə verirlər ki, birlikdən danışıb bu birliyə nail olunmur, sonra da iqtidar deyir ki, müxalifət birləşmədi, ona görə uduzdu. Bunu dilə gətirmək bu məntiqin tələsinə düşməkdir. Biz nəzərə almalıyıq ki, istənilən halda müxalifət haqqında iqtidar rəqib olaraq müəyyən fikirlər səsləndirəcək. Əlbəttə bunlar nəzərə alınmalıdır. Amma əsas məsələ nəticəyə səbəb olacaq addımların atılmasıdır. Belə fikir var ki, bir neçə partiya bu birliyə qoşulmasa, onda yenə də müxalifətin birliyi alınmayacaq. Amma Müsavat, Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları bir yerdə olarsa, artıq birlik effekti ortada olacaq. ADP, AMİP kimi partiyaların kənarda qalması bu birliyə müəyyən qədər xələl gətirər və ona görə də bu partiyaların da birlikdə olmasını istəyirik. İctimai rəyə də inanmaq lazımdır, müxalifət düşərgəsində olan insanlar əslində o qədər də cahil deyillər. Onlar müxalifətin birliyini istəyəndə nəyi istəyirlər, bunu çox yaxşı bilirlər. Hətta İsa bəy bəzən deyir ki, müxalifətin birliyi məsələsi iqtidar tərəfindən ortalığa atılır, az qala kim birliyi müdafiə edirsə, onu iqtidara işləməkdə ittiham etmək anlamına gələn mülahizələr söyləyir. Mən bunu doğru hesab etmirəm və ciddi yanlışlıq sayıram.

- Siz Müsavatla DUİ arasında imzalanmış niyyət protokolunda iştirak etməmək qərarı verdiniz. Buna səbəb nə oldu?

- Biz niyyət protokolu imzalanan gün DUİ-nin növbədənkənar toplantısını keçirdik və orada kifayət qədər izahat verdik. Müttəfiqlərimiz çalışdı ki, bizi belə bir mövqedən çəkindirsinlər. Əslində, bu məsələdən narazılıq biz mətbuata açıqlama verməmişdən əvvəl olub. Biz həmin toplantıdan sonra qərarımızı mətbuata elan etdik.

- Amma Arif Hacılı bildirib ki, onlar toplantıda iştirak edirdilər və narazılıqları vardısa, müzakirələr zamanı səsləndirəydilər...

- Mən bilmirəm, Arif Hacılı nəyi nəzərdə tutur. Söhbət ondan gedir ki, imzalanmadan sonra, orada müzakirələrin gedişində də müəyyən məsələlər meydana çıxıb. Yəni konkret olaraq DUİ-yə daxil olan partiya sədrlərinin seçkilərdə müdafiə olunub-olunmaması barədə ilkin razılaşmalar vardı. Müsavat Partiyası bu ilkin razılaşmaları ya etiraf etməyib, ya da bundan geri çəkilib. Ümumilikdə isə bizim mövqeyimiz zaman-zaman səslənib. Mən hər hansı partiya, o cümlədən Müsavatla əməkdaşlığa o zaman tərəfdar oluram ki, bu müxalifətin ümumi birliyinə xidmət etmiş olsun. Əksinə bu müxalifətin yarana biləcək birliyinə əngəl olmasın, bəzi partiyaların intriqalarında bundan taktiki gedişlər kimi istifadə olunmasın. İndi mən konkret olaraq Müsavat Partiyası və DUİ-yə qarşı belə bir iddia ilə çıxış etmirəm. Sözün doğrusu, Müsavat başqanının DUİ ilə ilk görüşlərində də müxalifətin birlik məsələsində ciddi fikir ayrılıqları olmuşdu. Konkret olaraq Xalq Partiyasının rəhbərliyi, o cümlədən mənimlə olmuşdu. İmzalanmadan sonra seçkilərdə iştirakın dərəcəsi ilə bağlı, dairələrdə ortaq namizədlər məsələnin müzakirəsində də ciddi fikir ayrılıqları meydana çıxmışdı. Baxmayaraq ki, niyyət protokolu özündə ümumi məsələləri ehtiva edir, amma bizim Müsavat Partiyası ilə əməkdaşlıqda məqsədimiz seçkilərdə birgə iştirak olmuşdu. Lakin niyyət protokolu imzalandıqdan sonra Müsavat Partiyasının seçkilərdə birgə iştirak haqqında hətta müzakirələrə belə hazır olmadığı üzə çıxdı. Xalq Partiyası da belə bir bəyanatla çıxış etmişdi. Biz özümüzü həmin niyyət protokolu ilə bağlı hesab etməsək də, DUİ-nin Müsavatla əməkdaşlığının əleyhinə deyilik. Hər halda mən təcrübəli siyasətçilərdən sayıla, buna iddia edə bilərəm. Mən çox nəhəng siyasi intriqalar görmüşəm. İndiki situasiya elədir ki, mənim anlamıma görə burada xırda partiya intriqalarına getmək çox zərərli olar. Bu birinci növbədə iri partiyaların özlərinin mənafelərinə uyğun deyil. Ona görə də müəyyən taktiki gedişlər ilk növbədə partiya maraqlarına xidmət etmək kimi anlaşılır. Mən açıq danışıqların və qəti qərarların tərəfdarıyam ki, sonradan tərəflərin bir-birini qeyri-səmimilikdə günahlandıran narazılıqlara aparıb çıxarmasın.

- Siz bildirmişdiniz ki, niyyət protokolu ilə razı olmamağınıza səbəb təkcə DUİ-yə daxil olan partiyaların sədrlərinin Müsavat tərəfindən dəstəklənməməsi deyil, başqa səbəblər də var. Bunlar hansı səbəblərdir?

- Onların o qədər də mühüm əhəmiyyəti olmadığı üçün açıqlamıram.

- Siz təcrübəli siyasətçi olduğunuzu bildirirsiniz və bu vaxta qədər sizin siyasi təcrübənizdə həmişə Müsavat Partiyası ilə bir yerdə olmusunuz. Amma son bir ildə Müsavatdan uzaqlaşıb DUİ ilə bir yerdə olmaq taktikası seçdiniz. Buna səbəb nə oldu?

- Müsavat Partiyasının rəhbərlərinin seçdikləri taktikaya hörmətlə yanaşıram və hansısa müdaxilə etməyi də siyasi etikaya uyğun saymıram. Mənim fikrimcə, Müsavat Partiyası elə bir taktika seçib ki, bu artıq Azərbaycanda təcrübədən keçirilib. AMİP-in və onun liderinin 90-cı illərin sonundan başlayaraq seçdiyi bir taktikadır və bu taktikanın sonu nə ilə qurtarıb, o da məlumdur. Müsavat Partiyası özünün ideoloji əsaslarına, sosial bazasına görə fərqli bir təşkilatdır. Amma hər halda, Müsavat Partiyasının lideri həmişə birliyin içərisində və buna görə də digərlərinə nisbətən üstün mövqe tutub. Burada irili-xırdalı siyasi partiyalar, ciddi ziyalılar, QHT-lər olub. 2003-cü ilə qədər belə davam etdi, amma ondan sonra yekun nəticənin əldə olunmaması əsas gətirilərək fərqli bir taktika seçilib. Mən bu taktikaya ən azı opponentəm. Mən Xalq Partiyasının üzvü olsam da, müsavatçıyam. O mənada ki, özümüzü Rəsulzadənin, Elçibəyin ideoloji dəyərlərinə, məfkurəsinə aid edirik. Əslində Müsavat Partiyası özünü potensial müttəfiqlərindən kənarlaşdırıb. Bu ciddi bir nüansdır və mütləq nəzərə alınmalıdır. Müsavat Partiyası proseslərdə daha çox tək iştirak etmək istəyir. Əvvəlki komanda rolundan əhəmiyyətli dərəcədə imtina edib.

- Hətta Sizinlə də bir yerdə olmaq istəmir?

- Bu taktika ilə mənim yanaşmam fərqlidir. Bir qədər yekə çıxmasın, mən də bir taktikaya sığan fiqur da deyiləm. İndi bu şəkildə alınıb. Amma təbii ki, ümumi prinsiplər uğrunda biz yenə də bir yerdəyik.

- “Müsavat” deputat qrupunda fəaliyyətiniz davam edəcəkmi?

- Əslində, bu deputat qrupunun adının “Müsavat” adlandırılmasının təşəbbüsçüsü mənəm. Şübhəsiz ki, qrup 5 nəfərdən ibarətdir və onun 4-ü Müsavat Partiyasının üzvüdür. Burada qərarlar sadə yetərsayla qəbul olunur və faktiki olaraq qurum Müsavat Partiyasının qərarlarının və xəttinin yürüdülməsinə xidmət edir. Amma bu bir partiya qrupu deyil, müstəqil bir qrupdur. Mənim Müsavatla münasibətlərimin deputat qrupunda fəaliyyətimə aidiyyatı yoxdur.

- Müsavatın seçdiyi taktika ilə bağlı Müsavat Partiyasının rəhbərliyi ilə hər hansı müzakirə aparmısınızmı?

- Müsavatın seçdiyi taktika ilə razı olub-olmamağım sırf subyektiv məsələdir. Partiyanın siyasi kursunu da onun rəhbər orqanları müəyyən edir. Əlbəttə ki, mən zaman-zaman bu fikri səsləndirmişəm, bəzən hətta kəskin formalarda da demişəm və fikir ayrılığına səbəb olub. Müsavat rəhbərliyinə daxil olan şəxslərin mənim fikirlərimə etirazları və neqativ münasibəti olub. Amma seçim onlarındır. Mən hesab edirəm ki, bu məsələyə nəticədə qiymət vermək mümkün olacaq. Parlament seçkilərində bu taktikanın nə qədər uğurlu olub-olmadığı görünəcək. Arzu edirəm ki, mənim fikirlərim özünü doğrultmasın.

- Parlament seçkilərində namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz?

- Namizədliyimi 22 saylı Nəsimi seçki dairəsindən irəli sürəcəyəm. Hazırda deputat seçildiyim 63 saylı Sabirabad seçki dairəsindən isə Xalq partiyasının sədri Qiyas Sadıqovun namizədliyi irəli sürüləcək. Bu il müxalifət partiyalarının rəhbərliyində təmsil olunan xeyli şəxsin paytaxtdan olan seçki dairəsindən namizədliyi irəli sürəcəyi nəzərdə tutulur.

- Amma hər seçkilərdə seçki dairəsini dəyişmək o qədər də uğurlu taktika hesab olunmur...

- Bunun üstünlükləri də, problemləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR