Bank Of Baku

Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qalxmasına partiyaların münasibəti

Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qalxmasına partiyaların münasibəti
# 08 yanvar 2007 15:27 (UTC +04:00)
Azərbaycanda enerji daşıyıcılarının qiymətinin artırılması ölkənin siyasi elitası tərəfindən birmənalı qarşılanmayıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin bu gün keçirilən toplantısında elektrik enerjisinin, təbii qazın, benzinin, dizel yanacağının və suyun qiymətinin artırılması ilə bağlı Taarif Şurasının qərarı pislənilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya atılan addımın ölkənin iqtisadi inkişafına və vətəndaşların həyat səviyyəsinə neqativ təsir göstərəcək. BAXCP hökumətin qərara yenidən baxmasını və qiymətlərin aşağı salınması üçün təxirəsalınmaz addımlar atmasını istəyir. Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) isə qiymətlərin artırılması ilə bağlı bəyanat verib. AYSH-dan APA-ya daxil olan bəyanatda qərarın parlamentdə müzakirə edilmədən qəbul olunması qanuna zidd addım kimi qiymətləndirilir, bunun əhalinin yoxsulluq həddində yaşayan təbəqəsi üçün problem yaradacağı qeyd olunur. AYSH hökuməti yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməyə çağırıb. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında isə bununla bağlı təcili olaraq parlamentin növbədənkənar iclasının çağırılması və müzakirələrin aparılması vacib hesab edilib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya bildirilib ki, bununla bağlı partiyanın deputat qrupuna parlament rəhbərliyinə müraciət etmək həvalə olunub. Partiya Divanı qiymətlərin artırılmasına etiraz olaraq kütləvi tədbirlərin keçirilməsini də vacib sayıb. Bununla bağlı digər müxalifət partiyaları ilə müzakirələrin aparılması qərara alınıb. Ümid Partiyasının bu gün keçirilən toplantısında da enerji daşıyıcılarının qiymətinin artırılması məsələsi müzakirə olunub və bu qərarın əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşacağına səbəb olacağı qeyd edilib. Ümid Partiyasından APA-ya bildirilib ki, toplantıda bu məsələ ilə bağlı etiraz aksiyalarının keçirilməsi də müzakirə olunub. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da enerji daşıyıcılarının qiymətinin artırılmasının ölkədəki sosial-iqtisadi gərginliyi bir qədər də dərinləşdirəcəyi qeyd olunub. Qiymət artımı ilə bağlı Ədalət Partiyasının APA-ya daxil olan bəyanatında isə dövlət başçısı İlham Əliyevin məsələyə müdaxiləsinin və qərarın ləğvinin zəruriliyi vurğulanır.
Yeni Azərbaycan Partiyası (YAP) isə ölkədə enerji daşıyıcılarının qiymətinin artırılmasını iqtisadi zərurətdən irəli gəldiyi qənaətindədir. YAP-dan APA-ya bildirilib ki, Azərbaycanda enerji daşıyıcılarının qiyməti MDB ölkələri və Avropa dövlətləri ilə müqayisədə aşağı olduğundan hökumətin bu addımı müsbət qiymətləndirilməlidir: “Bu qərar nəticə etibarı ilə iqtisadi xarakter daşıyır. Azərbaycan hökuməti enerji daşıyıcılarının qiymətinin artırılmasına baxmayaraq, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR