MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev: “ Ötən bir il ərzində Fərhad Əliyevin səhhətində heç bir mənfi dəyişiklik müşahidə olunmayıb”

MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev: “ Ötən bir il ərzində Fərhad Əliyevin səhhətində heç bir mənfi dəyişiklik müşahidə olunmayıb”
# 09 yanvar 2007 14:51 (UTC +04:00)
Bu sözləri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sonuncu bəyanatı ilə bağlı APA-nın sualını cavablandıran Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib. A.Babayev bildirib ki, F.Əliyev və onun vəkilləri bir neçə dəfə həkim müayinəsinin keçirilməsi ilə əlaqədar müraciət ediblər. Hər dəfə bu müraciətlərə müsbət baxılıb, 5 müayinə, 2 ekspertiza keçirilib və nəticələri də eyni olub. F.Əliyevin sağlamlıq durumu ilə bağlı müxtəlif şayiələrin, qeyri-səhih xəbərlərin yayılmasına baxmayaraq, bir ildən artıqdır ki, onun səhhətində heç bir mənfi dəyişiklik müşahidə olunmayıb: ““Səhhət” məsələsinin gündəmdə qalmasına ciddi-cəhdlə çalışanların məqsədləri aydındır. Fərhad Əliyev müayinə olunmaq üçün bir daha özünün şəxsi həkimi olan, vəkillərinin və ailə üzvlərinin ən etibar etdiyi tanınmış mütəxəssis Abbasəli Abbasəliyevin dəvət olunmasını xahiş etdi. Onun xahişinə rəhbərlik tərəfindən yenə də müsbət baxıldı və bu il yanvarın 8-də Fərhad Əliyev Abbasəli Abbasəliyev tərəfindən təkrar müayinə olundu. Fərhad Əliyevi axırıncı dəfə ötən il oktyabrın 10-da müayinə etmiş Abbasəli Abbasəliyev bir daha bildirdi ki, onun ümumi vəziyyəti yaxşıdır, çəkilən elektrokardioqramada mənfi dinamika aşkarlanmayıb, onun bugünkü laboratoriya və instrumental müayinələrində əldə edilən nəticələr 3 ay əvvəl aparılan müayinənin nəticələri ilə eynidir. Hazırda vəziyyəti stabildir”. A.Babayev qeyd edib ki, F.Əliyevin hərdən ambulator müalicəyə ehtiyacı olduğu təqdirdə lazımi tədbirlər görülür. Vəkillərinin F.Əliyevin saxlandığı şəraitin xəstəliyinə adekvat olmaması barədə səsləndirdiyi fikirlərə gəlincə, A.Babayev bu fikirləri də əsassız hesab edir: “Fərhad Əliyev təqsirləndirilən şəxsdir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bir halda ki, bütün müayinələrin nəticəsi yalnız bir diaqnozu göstərirsə, yəni Fərhad Əliyev praktiki sağlamdırsa, onda müdafiəçiləri onun hansı xəstəliyindən və ya hansı adekvat şəraitin olmamasından danışırlar. Bu, bir daha onu göstərir ki, “səhhət” məsələsi bilərəkdən ortaya atılır”.
Qeyd edək ki, dünən Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhətinin pisləşməsi barədə məlumat yayıb./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR