Bank Of Baku

Abbasəli Həsənov: “Azərbaycan vətəndaşları İranın viza məsələsində yaratdığı bürokratik əngəllərdən əziyyət çəkirlər”

Abbasəli Həsənov: “Azərbaycan vətəndaşları İranın viza məsələsində yaratdığı bürokratik əngəllərdən əziyyət çəkirlər”
# 12 yanvar 2007 09:35 (UTC +04:00)
O, Naxçıvanda Şahtaxtı körpüsünün tikintisinin aprel ayında başa çatacağını vurğulayıb. “Bu körpünün tikintisi bölgənin iqtisadi inkişafına təkan verəcək. İki ölkənin enerji mübadiləsi sahəsində əməkdaşlığı bu sahədə yaranan mövsümi problemlərin həllinə müsbət təsir göstərir. Əli Bayramlı ilə Parsabad elektrik stansiyaları arasında Astaradan keçməklə yeni xətt çəkilir. Bu xəttin çəkilişi üçün İran 85 milyon dollar kredit ayırıb. İki ölkə arasında əldə olunan razılaşmalardan biri yeni elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Naxçıvanın mavi yanacaqla fasiləsiz təminatı üçün də əlavə tədbirlər görülür. Səfir Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində keçid məntəqələrində yeni körpülərin tikildiyini və magistral avtomobil yollarının çəkildiyini bildirib. Onun sözlərinə görə, görülən işlər nəqliyyat sahəsində daşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Səfir bu sahədə işlərin ləng getməsinə də münasibət bildirib: “İranın nəqliyyat naziri Məhəmməd Rəhməti ilə görüşdə bu barədə söhbətimiz olub. Yəqin ki, Bakıdan qayıtdıqdan sonra görülən işlərlə tanış olmaq üçün tikinti aparılan əraziyə də gedəcəyəm. Tikintinin sürətinin zəifləməsi İran ərazisində işin həcminin çox olması ilə əlaqədardır. Belə ki, yolun cəmi 7 kilometri Azərbaycan ərazisinə düşdüyü halda, İranda bu məsafə bir neçə dəfə çoxdur. Digər tərəfdən İran ərazisindən keçən avtomobil yolunun böyük hissəsi dağlıq əraziyə düşür. Hazırda bu ərazilərdə tunellər qazılır ki, bu da işin sürətini aşağı salır”. Bu il İran-Azərbaycan hökumətlərarası komissiyanın 7-ci iclasının bu il keçiriləcəyini deyən A. Həsənov formal toplantıların əleyhinə olduğunu söyləyib: “2007-ci ildə hökumətlərarası komissiyanın iclası Bakıda keçiriləcək. Hesab edirəm ki, bu toplantıda mühüm qərarlar veriləcək. Amma iclasın vaxtı hələ müəyyən olunmayıb. Bunun da səbəbi müzakirə olunacaq məsələlərin tam dəqiqləşməməyidir”. A. Həsənov Xəzər statusu ilə bağlı ikitərəfli danışıqların uğurla getdiyini deyib. Səfir viza məsələsi ilə əlaqədar yaranan müzakirələrə də münasibət bildirib: “Vaxt gələcək İran-Azərbaycan arasında viza rejiminin tətbiqi aradan qaldırılacaq. Amma bu, indi reallaşa bilməz. Çünki proses göründüyü kimi sadə bir iş deyil. Proses qanun çərçivəsində tənzim olunmalıdır. Bununla belə viza rejiminin aradan qaldırılması məsələsində tərəflərin bir-birini günahlandırması düzgün deyil. Kimin nə isə deməsindən asılı olmayaraq, bunun həyata keçirilməsində dövlət maraqlıdır”. A. Həsənov İran tərəfinin vizaların verilməsində problemlər yaratdığını, Azərbaycan vətəndaşlarının bundan əziyyət çəkdiyini deyib: “İrana getmək istəyən Azərbaycan vətəndaşı müqavilədə nəzərdə tutulduğundan 38 ABŞ dolları çox pul ödəməli olur. Müqavilədə bu məbləğ 40 ABŞ dolları göstərilib. İran tərəfi isə özlərinin təşkil etdiyi tibb məntəqəsindən sağlamlıqla bağlı arayış da tələb edirlər. Buna görə də Azərbaycan vətəndaşı 38 ABŞ dolları ödəyir və nəticədə onun İrana getmək üçün vizaya xərclədiyi pul 78 ABŞ dollara çatır”. Səfir qonşu ölkəyə səfər edən soydaşlarımızın Tehranın İmam Xomeyni adına hava limanında da viza problemi ilə qarşılaşdığını qeyd edib: “Hava limanında 50 ABŞ dollarına birdəfəlik vizalar verilir. Bu da Azərbaycan vətəndaşı üçün problem yaradır. Çünki səfər zamanı nə ilə qarşılaşacağını əvvəlcədən müəyyənləşdirmək olmur. Məsələn, Bakıdan Tehrana cərrahi əməliyyat olunmaq üçün gedən Azərbaycan vətəndaşı İrana gələndən bir gün sonra yıxılaraq ayağı və qolunu sındırıb. Viza hava limanından alındığından onun müddətinin uzadılması mümkün olmayıb. Nəticədə xəstə qolu və ayağı sınıq vəziyyətdə Azərbaycana gətirilib, sonra isə yenidən Tehrana aparılıb. Bu bürokratik və qeyri-normal əngəl insanların rahat gediş-gəlişinə mane olur. Bu kimi hallarla bağlı İran hökumətinə müraciət etmişəm”. A. Həsənov İran-Azərbaycan sərhədində yeni gömrük keçid məntəqələrinin açılacağını da deyib: “Yaxın gələcəkdə Yardımlı, Lerik və Horadizdə yeni keçid məntəqələri açılacaq. Bununla bağlı danışıqlar davam etdirilir”. Azərbaycanla İran arasında mədəniyyət sahəsindəki əlaqələrə toxunan A. Həsənov vəziyyətin onu qane etmədiyini söyləyib: “Siyasi münasibətlər yaxşı olduğu halda mədəni əlaqələrimiz inkişaf etdirilməsi üçün görülən işlər azdır. Dinimiz, mədəniyyətimiz bir olsa da, bu sahədə axsamalar var. Lakin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir. Bununla bağlı İranın Mədəni İrsin Qorunması Təşkilatının vitse-prezidenti Taha Haşimi ilə görüşümüz olub. Tehrana qayıtdıqdan sonra həmin qurumun prezidenti ilə də görüşəcəyəm. Görüşdə Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin açılması haqda da məsələ müzakirə ediləcək. Hər halda belə bir mərkəzin açılmasına cəhd edəcəyik”. Səfir təhsil sahəsində də əlaqələrin qaneedici olmadığını və əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görüləcəyini deyib. İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı yaranan məsələyə də münasibət bildirən A. Həsənov problemin soydaşlarımızın özlərinə aid olduğunu vurğulayıb: “İranın rəsmiləri də deyirlər ki, ölkə əhalisinin 52 faizi azərbaycanlılardır. Ölkə əhalisinin yarıdan çoxu azərbaycanlı olduğu halda azərbaycanlılar məsələni niyə həll edə bilmirlər? Ölkənin dini lideri Seyid Əli Xamneyi, hökumət üzvlərinin əksəriyyəti azərbaycanlılardır. İran parlamentində 90-dan artıq azərbaycanlı deputat var. Bir daha deyirəm, bu, İranda yaşayan azərbaycanlıların özünə aid məsələdir. Biz buna müdaxilə etmirik və heç kimə də bizim daxili işimizə qarışmağa icazə vermirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR