Bank Of Baku

Alan Vaddams: “Xəzərin enerji ehtiyatlarının Avropaya nəqli üçün yeni boru kəmərlərinin çəkilməsi mümkündür”

Alan Vaddams: “Xəzərin enerji ehtiyatlarının Avropaya nəqli üçün yeni boru kəmərlərinin çəkilməsi mümkündür”
# 12 yanvar 2007 13:20 (UTC +04:00)
- Azərbaycanda Avropa İttifaqının (Aİ) nümayəndəliyinin açılması nə ilə bağlıdır? Digər Cənubi Qafqaz ölkələrində belə nümayəndəliklər varmı?
- Azərbaycanla Aİ arasında münasibətlər inkişaf edir. Müəyyən səbəblərdən əvvəl nümayəndəlik açılmamışdı, indi isə bu vacibdir. Mərkəzi Asiya və Qafqazda nümayəndəliklərin açılması bir qədər ləng proses oldu, bir neçə il əvvəl isə Tiflis və Almatıda nümayəndəliklərimiz açılıb. Lakin indi qonşuluq siyasəti proqramı var, ona görə Azərbaycanda nümayəndəliyin açılması çox vacibdir. Ermənistanda kiçik ofisimiz fəaliyyət göstərir, planda nümayəndəlik açılması da var, amma indi vacib deyil. Mənim əsas ofisim Brüsseldədir, daim Azərbaycanda oturmuram, gedib-gəlirəm. Əsas vəzifəm Azərbaycan hökuməti ilə əlaqə yaratmaq və nümayəndəliyin burada açılmasına yardım etməkdir. Nümayəndəlik açılanda isə onun başçısı səfir statusuna malik olacaq və xüsusi elçi kimi mənim funksiyalarım bitmiş olacaq.
- Fəaliyyət Planının qəbul olunması ilə əlaqədar TACİS proqramı bitməli idi. Proqram yekunlaşıbmı, proqram çərçivəsində həyata keçirilən layihələrin ümumi dəyəri nə qədər olub?
- TACİS proqramı, əslində, bu il yanvarın 1-də bitib, lakin tam bitməmiş layihələr, görüləsi işlər var və bu proses davam edir. Avropa Yeni Qonşuluq Siyasəti proqramı çərçivəsində yeni proqramlar nəzərdə tutulub, yeni proqram çərçivəsində həyata keçiriləcək layihələrin maliyyəsi də artıb, onlar daha geniş miqyaslıdır. İndi maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. TACİS proqramı 1992-ci ildən yardım layihələrini əhatə edən proqram kimi keçid dövrində olan postsovet ölkələrində həyata keçirilib. Azərbaycanda həyata keçirilmiş layihələrin ümumi dəyəri 400 milyon avrodan çox olub.
- Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulan layihələrin reallaşmasına nə zaman başlanacaq?
- Fəaliyyət Planının əsas məqsədlərindən biri Azərbaycanın sosial, siyasi, iqtisadi sahədə Avropa standartlarına çatmasına nail olmaqdır. Buraya sənayedən başlamış insan haqları, demokratiya məsələlərinə qədər bütün məsələlər daxildir. Hazırda planlaşdırma mərhələsidir. Ötən ilin dekabrında Avropa Komissiyasının ekspertləri Azərbaycana gəlmişdilər, burada danışıqlar apardılar. Aİ Azərbaycan hökumət ilə razılaşdırma aparır - Aİ nə istəyir, Azərbaycan nə istəyir, hansı layihələrin necə həyata keçirilməsi müəyyənləşdirilir. Planlaşma ilə layihəyə start verilməsi arasında müəyyən qədər vaxt tələb olunur, ilk layihənin həyata keçməsinə isə ilin sonunda başlanacaq. Birinci layihə “İctimai maliyyə idarəetməsi” adlanır, iqtisadi layihədir, məqsədi keçid iqtisadiyyatına yardım etməkdir. İkinci layihə, çox güman ki, enerji sahəsinə aid olacaq.
- Fəaliyyət Planı 3 Cənubi Qafqaz ölkəsi ilə eyni vaxta qəbul olundu. Həmin planlar arasında hansı fərqlər var? Azərbaycanla qəbul edilmiş planda 10 prioritet göstərilib, qonşu ölkələrlə Aİ hansı prioritet sahələr üzrə əməkdaşlıq edəcək?
- Əslində, fəaliyyət planları çox oxşardır. Bununla belə, ölkələrin spesifikasından asılı olaraq planlarda müəyyən fərqlər var. Ermənistanla qəbul edilmiş Fəaliyyət Planında 8, Gürcüstanla planda isə 10 prioritet məsələ var.
- Fəaliyyət Planından bir neçə gün öncə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan Enerji Protokolu hansı layihələri nəzərdə tutur. Enerji Protokolu çərçivəsində iqtisadi layihələrin həyata keçirilməsi planlaşdırılırmı?
- Bəli, nəzərdə tutulub. Əslində, partnyor ölkələrlə belə əlaqələr qurmaq Avropa İttifaqının xarici siyasətinin bir hissəsidir. Aİ enerji siyasətini “İnogeyt” proqramı çərçivəsində həyata keçirir ki, bu da Mərkəzi Asiyadan Avropaya neft və qaz nəqlini nəzərdə tutur. Bu yaxınlarda Belarusda yaranmış problemdən sonra artıq enerji təhlükəsizliyi məsələsi Avropa üçün yenidən gündəmə gəlib. Lakin bizim Azərbaycanla münasibətlərimiz tək enerji deyil, bütün sahələri - siyasi, iqtisadi sahələri əhatə edir. Avropa Yeni Qonşuluq Siyasətinin əsas məqsədi Avropanın qonşuluğunda olan ölkələrdə elə bir zona yaratmaqdır ki, qarşılıqlı, səmərəli şərtlər əsasında işgüzar münasibətlər qurulsun. Avropada insan hüquqları, demokratiya kimi məsələlər iqtisadi münasibətlər qədər vacibdir.
- Avropaya enerji daşınması üçün mövcud olan BTC və tikilməkdə olan Cənubi Qafqaz Qaz Kəmərindən istifadə ediləcək, yoxsa yeni kəmərlərin tikintisi nəzərdə tutulur?
- Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya nəqli üçün alternativ marşrutların tapılması, yeni boru kəmərlərinin çəkilməsi mümkündür. Çünki mövcud kəmərlər nəzərdə tutulduğu həcmdə yanacaqla dolduqdan sonra yeni alternativ marşrutlar tapmaq lazım gələcək. Bu istiqamətdə danışıqlar mütəmadi olaraq aparılır, bunun reallaşması üçün maliyyə lazımdır. Bu sahədə Azərbaycan çox böyük əhəmiyyət daşıyır, çünki həm sabit, həm enerji daşıyıcıları istehsal edən ölkədir, bu sahədə aparıcı rol oynayır. Ona görə də biz buranı sabit, inkişaf edən region kimi görmək istəyirik. Avropa tərəfdaşı olan regionda sabitlik olmalıdır.
- Aİ Azərbaycanda nümayəndəliyini açandan sonra bu sabitliyin bərpası üçün Qarabağ münaqişəsinin həllində vasitəçilik edə bilərmi? Nəzərə alaq ki, Azərbaycanın bəzi ekspertləri Aİ-ni həmsədrlərdən biri kimi görür.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk Qrupu vasitəçilik edir. Müəyyən təkliflər olarsa, Avropa İttifaqının bu vasitəçiliyə qoşulması bəlkə də mümkün ola bilər. Fəaliyyət Planında prioritet sahələrdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR