Bank Of Baku

AŞ PA Nazirlər Komitəsinə “Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin qeyri-qanuni fəaliyyətinə dair” adlı sorğu göndərilib

AŞ PA Nazirlər Komitəsinə “Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin qeyri-qanuni fəaliyyətinə dair” adlı sorğu göndərilib
# 16 yanvar 2007 16:07 (UTC +04:00)
Q. Paşayevanın APA-ya verdiyi məlumata görə, “Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin qeyri-qanuni fəaliyyətinə dair” adlı sorğuda
Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etməsi, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparması, minlərlə dinc sakinin qətlə yetirilməsi, 1 milyona yaxın azərbaycanlının yurd-yuvasından didərgin düşərək, 12 ildən çoxdur ki, məcburi köçkün vəziyyətində yaşadığı qeyd olunub. Həmçinin ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmaları, bu torpaqlardan azərbaycanlıların izlərini itirməyə çalışmaları da vurğulanıb: “ Avropa Şurası Parlament Assambleyasının 2003-cü ildə qəbul edilmiş 1416 saylı qətnaməsində göstərilir ki, “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməlidir və məcburi köçkünlərin ləyaqətlə öz yurd-yuvalarına dönməsi təmin olunmalıdır”. Qətnamənin qəbul edilməsindən keçən müddət ərzində Ermənistan nəinki AŞ PA-nın qətnaməsini yerinə yetirib, hətta işğal olunmuş Azərbaycan ərazilərində beynəlxalq hüquq normalarına və konvensiyalarına zidd addımlarını daha da genişləndirib. Ermənistan və Dağlıq Qarabağın separatçı erməni rejimi müxtəlif yollarla dünyanın bir çox ölkələrinə məxsus xarici şirkətləri işğal etdikləri Azərbaycan ərazilərinə qeyri-qanuni olaraq investisiya qoymağa cəlb edib və bu proses davam edir. Bu isə beynəlxalq konvensiyalara ziddir. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Bakının icazəsi olmadan bəzi ölkələrə məxsus 70-ə yaxın xarici şirkət çalışır. Onların arasında ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İsveçrə və digər dövlətlərə məxsus şirkətlər var”. Q. Paşayeva qeyd edib ki, sorğuda həmçinin işğal olunmuş ərazilərin xarici şirkətlərə icarəyə verilməsi, meşələrin məhv edilməsi və s faktlar əksini tapıb: “Təkcə 2006-cı ilin 8 ayı ərzində işğal edilmiş Azərbaycan ərazilərində 897 hektar meşə massivi məhv edilib. Bu ərazidə qeyri-qanuni olaraq, 7 ağac emalı zavodu fəaliyyət göstərir. İşğal olunmuş Laçın və Kəlbəcərin təbii su mənbələrinin də xarici şirkətlər tərəfindən istismarına başlanılır”. Millət vəkili bu ölkələrin və xarici şirkətlərinin tam siyahısının, həmçinin bu şirkətlərin məşğulluq sahələrinin sənəddə əksini tapdığını vurğulayıb.
Millət vəkili xatırladıb ki, Haaqa Konvensiyasının 55-ci maddəsində “İşğalçı dövlət yalnız zərər çəkmiş ölkənin işğal olunmuş ərazisindəki ictimai (dövlət) binaları, daşınmaz əmlak, meşələr və kənd təsərrüfatı mülkiyyətləri üzərində inzibatçı və istifadəçi hesab oluna bilər. O, bu mülkiyyətlərin kapitalın qorumalı və onları istifadə qaydalarına uyğun idarə etməlidir” deyə bildirilib. Başqa sözlə, mülkiyyətə olan hüquq işğalçıya keçə bilməz və müharibə bitdikdən sonra müsadirə olunan əmlak bərpa olunmalıdır: “Düşmənə məxsus daşınmaz əmlak heç bir hal və ya şəraitdə işğalçı tərəfindən mənimsənilə bilməz. Əgər özəl əmlak və ya binalar müsadirə oluna və ya satılarsa, alıcı tərəf mülkiyyət üzərində heç bir hüquq almır. Əgər işğalçı belə əmlakı satıb və ya mənimsəyibsə, bu, hərbi qruplaşma tərəfindən legitim olaraq özününkiləşdirilə bilməz və sonradan heç bir kompensasiya ödənilmədən alıcıdan geri tələb oluna bilər”.
Q. Paşayeva sorğusunda Avropa Şurasının quruma üzv dövlətləri Azərbaycan hökumətinin icazəsi olmadan və işğalçı rejimlə əməkdaşlıq edərək, bu ərazilərdə iş quran milli şirkətlərinin qanunsuz fəaliyyətinə yenidən baxmağa və buna son qoymağa çağırmasını istəyib :”Niyə üzv dövlətlərin xarici işlər nazirlikləri Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Avropa Şurası məkanına daxil olan Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi münaqişə zonaları və bu zonalarda mili şirkətlərinin qanunsuz fəaliyyətdə iştirakına dair müfəssəl məlumat açıqlamırlar? Bu, münaqişə zonalarında təbii sərvətlərin vəziyyətinin öyrənilməsi ilə məşğul olan monitorinq qrupunun yaradılmasını asanlaşdırardı”. Millət vəkili həmçinin Nazirlər Komitəsinin səlahiyyətində olan effektiv mexanizmlərdən istifadə edərək, Ermənistan hökumətini regionda uzun müddətli sülhün bərqərar olmasını əngəlləyən fəaliyyətini və AŞ PA-nın 1416 saylı (2003) qətnaməsinə əməl etməməsini soruşmamasının səbəbini də sual edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR