Bank Of Baku

“2008-ci ildəki prezident seçkilərində YAP-ın vahid namizədi Azərbaycan prezidenti İlham Əliyevdir”

“2008-ci ildəki prezident seçkilərində YAP-ın vahid namizədi Azərbaycan prezidenti İlham Əliyevdir”
# 17 yanvar 2007 09:38 (UTC +04:00)
“YAP-ın builki fəaliyyətinin əsas prioriteti 2008-ci ilin prezident seçkilərinə hazırlıq olacaq. Prezident seçkilərinə hazırlıq çərçivəsində YAP bir daha malik olduğu resursları nəzərdən keçirəcək və dəyərləndirəcək. Bu baxımdan partiyanın şəhər və rayon təşkilatlarının resursları səfərbər ediləcək”. Bu sözləri APA-ya eksklüziv müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov prezident seçkilərinə hazırlığın uğurla həyata keçiriləcəyini də bildirib. Onun sözlərinə görə, YAP ictimai-siyasi fəaliyyətindəki uğurlarını bu il də davam etdirəcək və bu istiqamətdə səylərini artıracaq: “Partiyanın digər prioritet fəaliyyəti gənclərlə işinin güclənməsindən ibarət olacaq. Bununla bağlı YAP geniş proqram hazırlayıb, bu proqramın gerçəkləşməsi sahəsində partiyanın gənclərlə işi daha geniş miqyas alacaq. YAP parlamentdə də fəaliyyətini gücləndirmək niyyətindədir. Artıq parlamentin 2 bitərəf deputatı, Aydın Həsənov və Əhəd Əhmədov YAP-a üzv olublar, bununla da partiyanı təmsil edən millət vəkillərinin sayı 64-ə çatıb. Bununla da YAP parlamentdə mütləq çoxluğa sahib çıxıb”. Prezident seçkilərində YAP-ın vahid namizədinin məlum olduğunu deyən Ə.Əhmədovun bununla bağlı bəyanatı birmənalı olub: “Qanunla prezident seçkiləri kampaniyası səsvermədən 4 ay əvvəl elan olunur və bütün rəsmi proseduralar bu müddət ərzində reallaşır. Prinsip etibarı ilə partiyanın 2008-ci il prezident seçkilərində vahid namizədi məlumdur. Bu, YAP-ın sədri, Azərbaycan prezidenti İlham Əliyevdir. Hesab edirəm ki, YAP-ın vahid namizədi ilə bağlı cəmiyyətdə də fərqli fikir mövcud deyil”. YAP sözçüsü prezident seçkiləri ilə bağlı bu il siyasi həyatda aktivliyin artacağını vurğulayan Ə.Əhmədov siyasətdə uğur qazanmağın ən başlıca şərtlərindən biri kimi partiyanın istənilən situasiyaya hazır olmasını qeyd edib: “YAP əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də bütün situasiyalarda siyasi proseslərə çevik reaksiya verəcək və bu istiqamətdə gücünü göstərəcək. YAP-ın kifayət qədər siyasi təcrübəsi və burada cəmləşən insanların intellekti imkan verir ki, partiyaya qarşı yönələn bütün hücumlara sinə gələ bilsin. Xüsusilə də bu hücumlar əsassız olduqda, bunun arxasında ciddi qüvvələr dayanmadıqda onları dəf etmək o qədər də çətin olmur. YAP-ın ən böyük gücü sədri, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətidir. Bunun nəticəsi olaraq Azərbaycan vətəndaşları birmənalı olaraq prezidentini dəstəkləyir. Prezidentin dəstəklənməsi isə onun sədri olduğu partiyanın dəstəklənməsi deməkdir. Hansı qüvvələr istənilən siyasi sürprizi ortalığa atsa, bu, onun özünə qarşı çevriləcək. YAP-ın gücü və prezidentə artan inam əks qütbdə fəaliyyət göstərən siyasilərin mövqeyini zəiflədib. Nəticədə isə müxalifətin fəaliyyəti pərakəndə haldadır və daxildə didişmələr mövcuddur. Ona görə də bu il siyasi mübarizənin əhəmiyyətli dərəcə kəskinləşəcəyi haqqında proqnozları real hesab etmirəm”. Azərbaycan Demokrat Partiyasının (ADP) YAP-la əməkdaşlıq təklifinə gəlincə, Ə.Əhmədov bu əməkdaşlığı mümkün sayıb: “Bu təkamül prosesi uzun müddətdir davam edir və nəhayət ki, bəzi müxalifət partiyaları tərəfindən bu cür bəyanatlar səsləndirilib. Prinsip etibarı ilə ADP funksionerlərinin YAP-la bağlı səsləndirdikləri bəyanatları yüksək qiymətləndirirəm. Bu cür bəyanatlar bir tərəfdən Azərbaycanda gerçəkliklərin etiraf edilməsi deməkdir. Digər tərəfdən partiyalararası sivil münasibətlərin qurulması istiqamətində həm niyyətlərin, həm də addımların ortalığa qoyulması kimi müsbət məqamlara malikdir. YAP-ın doğurdan da cəmiyyətdə həm güclü, həm də yüksək intellektə malik olan insanları ətrafında birləşdirən partiya olduğu həqiqətinin müxalifət partiyalarının etiraf etməsi siyasi münasibətlərdə yeni çalarların əmələ gəlməsində əsas yaradacaq məqamlardan biridir. Həmişə YAP-a qarşı müxalif mövqedə dayanan bəyanatları səsləndirən insanlar nəhayət ki, cəmiyyətdə normal siyasi münasibətlərin qurulmasında bu kimi bəyanatların ziyan vurduğunu başa düşüblər. İnanmaq istəyirəm ki, ADP-nin bəyanatları sadəcə səsləndirilən fikirlər deyil, formalaşdırılmış münasibətlərdir”. Ə.Əhmədov ADP-nin bu mövqeyinin digər müxalifət partiyaları tərəfindən süngü ilə qarşılanmasını anlamadığını deyib: “Sivil siyasi münasibətlərin qurulması vacibdir. Kiminsə buna qarşı çıxması başa düşülən deyil. Bununla da həmin siyasi qüvvələr konstruktivizmdən kənar olduğunu nümayiş etdirir. Ancaq inanıram ki, bu gün tamamilə başqa mövqedə dayanan, praqmatik, rasional mövqeyi qəbul edə bilməyən müxalifət partiyaları da müəyyən zaman keçdikdən sonra həqiqətin nədən ibarət olduğunu dərk edəcəklər”. Ə.Əhmədov bildirib ki, ADP-nin əməkdaşlıq təklifinin və bunun arxasında duran məzmunun nədən ibarət olduğu təhlil olunmalıdır. Bundan sonra atılacaq konkret addımlar barəsində düşünmək olar: “Məni daha çox cəlb edən məsələ praqmatik yanaşmanın, xoş niyyətin ortada olmasıdır. Hesab edirəm ki, bu cür niyyətlər olacaqsa, hansısa əməkdaşlığın qurulması və birgə tədbirlərin, dəyirmi masaların keçirilməsi mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR