Bank Of Baku

Azərbaycanın diplomatik nümayəndəliklərindəki konsullara əlavə səlahiyyətlər veriləcək

Azərbaycanın diplomatik nümayəndəliklərindəki konsullara əlavə səlahiyyətlər veriləcək
# 18 yanvar 2007 14:55 (UTC +04:00)
18.01.2007. BAKI. “Hazırda Azərbaycanının xarici ölkələrdə 39 səfirlik, beynəlxalq təşkilatlar yanında 4 daimi nümayəndəliyi və 5 baş konsulluğu fəaliyyət göstərir. 2007-ci ildə daha bir neçə diplomatik nümayəndəlik və konsulluğun açılması nəzərdə tutulub”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, səfir Nadir Hüseynov APA-ya eksklüziv müsahibəsində bildirib. O bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycanın yeni konsulluq Əsasnaməsini hazırlayaraq, Milli Məclisə təqdim edib: “ Bu Əsasnamədə diplomatik nümayəndəlik və konsulluqlarımızda fəaliyyət göstərən konsullara yeni bir neçə səlahiyyət verilməsi nəzərdə tutulub. Həmin səlahiyyətlərdən biri vətəndaşların şəxsiyyətini müəyyən etmək və bu barədə müvafiq arayışların verilməsindən ibarətdir. Bu da öz növbəsində xarici ölkələrdə yetkinlik yaşına çatan və ilkin şəxsiyyətini təsdiq edən sənədi olmayan Azərbaycan vətəndaşlarının hazırkı qanunvericilik çərçivəsində şəxsiyyətlərinin müəyyən edilməsi və sənədləşdirilməsinə imkanı verəcək”. N. Hüseynov bildirib ki, başqa bir səlahiyyət diplomatik nümayəndəlik və konsulluqlar vasitəsilə Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi funksiyasıdır. XİN-in hazırladığı “Azərbaycan Respublikasına qayıdış haqqında şəhadətnamənin” Əsasnaməsi də Milli Məclisə təqdim olunub: “Bu Əsasnamə xarici ölkələrdə pasportunu itirən və sənədinin etibarlıq müddəti bitən, pasportu yararsız hala düşən, xarici ölkədə anadan olan, xarici ölkədə 18 yaşına çatan Azərbaycan vətəndaşlarının vətənə qayıtmasına əsas verən “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”nin diplomatik nümayəndəlik və konsulluqlarımız tərəfindən verilməsi qaydalarını müəyyənləşdirir”. Onun sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanuna son dəyişikliklərdən sonra xarici ölkələrdə dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər, həmçinin xaricdə cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya deportasiya edilən vətəndaşlar ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə tutulan 40 ABŞ dolları məbləğində rüsumdan azad ediliblər. Həmçinin Azərbaycanda xaricilərə vizaların verilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsumun səviyyəsi ilə müəyyənləşdirilir.
N. Hüseynov onu da qeyd edib ki, XİN-in Konsulluq İdarəsi Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə xarici ölkələrin biometrik məlumatlarla təchiz edilən yeni nəsil pasportlara keçid sahəsindəki təcrübələrini öyrənib, bu məqsədlə yaradılan komissiya təqdim edir. Konsulluq İdarəsinin rəisi İranla Naxçıvan MR arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “ 2005-ci ildə İran vətəndaşlarının və Naxçıvan Muxtar Respublikasında daimi yaşayanların sadələşmiş qaydada gediş-gəlişi haqqında iki ölkə hökumətləri arasında memorandum imzalansa da, İran tərəfindən memorandumun icrasına dair dövlətdaxili prosedurlar yerinə yetirilmədiyindən sadələşmiş viza rejimi tətbiq oluna bilmir. Ümidvarıq ki, yaxın gələcəkdə imzalanmış memorandumun həyata keçirilməsi üçün İranda mövcud olan maneələr aradan qaldırılacaq”.
N. Hüseynov bildirib ki, Konsulluq İdarəsi Azərbaycan vətəndaşlarının diplomatik və xidməti pasportlarını rəsmiləşdirir: “ Hazırda İdarəmiz tərəfindən etibarlılıq müddəti qüvvədə olan 550 diplomatik və 2800 xidməti pasport Azərbaycan vətəndaşlarına rəsmiləşdirilib. Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan vətəndaşların hüquqlarının müdafiəsini təşkil etmək üçün Xarici İşlər Nazirliyinin vəsaiti hesabına
Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsi tərəfindən rəsmiləşdirilən ümumvətəndaş pasportlarının müddəti 5 ildən 10, Xarici İşlər Nazirliyi tərəfindən verilən xidməti pasportların müddəti isə 3 ildən 5 ilədək uzadılıb”.
Azərbaycanla İran, Türkiyə, Pakistan, Türkmənistan, Çin, Macarıstan, Kuba, Laos, Monqolustan, Slovakiya, Rumıniya və digər MDB dövlətlər arasında “Diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəliş haqqında” sazişlərin mövcud olduğunu deyən idarə rəisi diplomatik və xidməti pasportu olanların qeyd olunan ölkələrə vizasız gediş-gəlişinin nəzərdə tutulduğunu vurğulayıb.
N. Hüseynov deyib ki, xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarının diplomatik nümayəndəlik və konsulluqlara müraciətləri əsasən vətəndaş vəziyyəti aktlarının qeydiyyatı, notariat əməliyyatları, pasport və viza rəsmiləşdirilmələri, vətənə qayıdış şəhadətnamələrinin alınması, sənədlərin leqallaşdırılması, hüquqların müdafiəsinin təşkili və s. məsələlərlə əlaqədar olur. Azərbaycanda yaşayan xarici vətəndaşlara viza verilməsi məsələsinə toxunan idarə rəisi onların uçotu və qeydiyyatı məsələsi ilə DİN-in Miqrasiya Xidmətinin məşğul olduğunu söyləyib. Onun sözlərinə görə, ölkəyə giriş vizaları Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə, həmçinin, Konsulluq İdarəsinin Heydər Əliyev və Gəncə Beynəlxalq Hava Limanlarındakı viza bölmələri tərəfindən rəsmiləşdirilir: “Hava limanlarında rəsmi diplomatik nümayəndəlik və konsulluqlarımız olmayan dövlətlərin vətəndaşlarına isə dövlət orqanları və təşkilatların dəvətnaməsi əsasında giriş vizası rəsmiləşdirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR