Bank Of Baku

Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır
# 22 yanvar 2007 11:33 (UTC +04:00)
Yanvarın 26-dək davam edəcək sessiyada Azərbaycanı Səməd Seyidovun rəhbərliyi ilə AŞPA-dakı nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin sədri S.Seyidov APA-nın Strasburqdakı müxbirinə bildirib ki, sessiyanın gündəliyində birbaşa Azərbaycanla bağlı bənd olmasa da, ölkəmiz üçün maraq doğuran məsələlər var: “Bu məsələlər arasında sabah Ermənistanın ASPA qarşısında götürdüyü öhdəliklərin müzakirəsi, eləcə də sessiyanın üçüncü günü Əhali, Qaçqınlar və Miqrasiya üzrə Komitənin iclasında Azərbaycan, Gürcüstan və Ermənistanda itkin düşmüş şəxslərə dair Leo Platvoetin hazırladığı hesabatın müzakirəsini qeyd etmək olar. Bundan başqa, dördüncü gün 1416 saylı qətnaməyə uyğun olaraq, Dağlıq Qarabağ üzrə Alt Komitənin iclası keçiriləcək. Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərin də iştirak edəcəyi iclasda hər iki ölkə parlamentinin ASPA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında fikir mübadiləsi aparılacaq”.
S.Seyidov bildirib ki, bu sessiyaya Azərbaycan nümayəndə heyəti yüksək səviyyədə hazırlıq görüb, kifayət qədər suallar və çıxışlar olacaq: “Hesab edirəm ki, nümayəndə heyəti çox aktiv fəaliyyət göstərəcək. Monitorinq Komitəsində Azərbaycanın öhdəlikləri yerinə yetirilməsi məsələsinə dair aparılacaq müzakirələr isə bizim üçün daha önəmlidir”.
Qeyd edək ki, sessiyanın bugünkü iclasında Konstantinopol Patriarxı I Varfolomey mədəniyyətlər və dinlərarası dialoq mövzusunda çıxış edəcək, Avropada narkomaniya və cinsi zorakılıqla bağlı məsələlər müzakirə olunacaq, Avropa Şurasının baş katibi Terri Devis çıxış edəcək və mətbuat konfransı keçirəcək. Rusiya ilə Gürcüstan arasında münasibətlərin müzakirəsi isə gündəlikdən çıxarılıb. Buna səbəb Rusiyanın sentyabrda Gürcüstandan geri çağırdığı səfirin Tiflisə geri qayıtması olub. Bununla belə, AŞPA Monitorinq Komitəsinin Rusiya və Gürcüstan üzrə həmməruzəçilərinə iki ölkə arasında münasibətləri izləmək və AŞPA-nın aprel sessiyasında bu haqda məruzə etmək tapşırığı verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR