Bank Of Baku

BMT: “Azərbaycanda gender bərabərliyinin təmin olunmasına dair qanunların qəbulu təqdirəlayiqdir”

BMT: “Azərbaycanda gender bərabərliyinin təmin olunmasına dair qanunların qəbulu təqdirəlayiqdir”
# 25 yanvar 2007 14:59 (UTC +04:00)
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsi Azərbaycanda gender bərabərliyinin təmin olunmasına aid bir sıra qanunların qəbul edilməsini alqışlayır. APA-nın məlumatına görə, bu fikir komitənin Nyu-Yorkda keçirilən 37-ci iclası zamanı Azərbaycanın BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyası üzrə 2-ci və 3-cü dövri hesabatı ilə bağlı keçirilən dinləmələrdə səslənib. Sessiyada çıxış edən ekspertlər qeyd ediblər ki, bu tədbirlər Azərbaycanda qadınların real vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmayıb. Komitə üzvləri Azərbaycan ailələrində başçının kişi olması, qadının isə ikinci yerdə olması stereotipindən narahatçılıqlarını bildiriblər. Ekspertlər həmçinin ailələrdə qız uşaqları dünyaya gətirməmək səbəbindən abortların sayının artması və qazların yetkin yaşında nikah münasibətlərinə girməsindən narahatlıqlarını dilə gətiriblər. Dinləmələr zamanı qeyd olunub ki, Azərbaycanın cənub bölgəsində ərə gedən qızların 70 faizi yetkinlik yaşına çatmamış qızlardır, hətta nikah münasibətlərinə girənlər arasında 12 yaşlı qızlar da var. Azərbaycanda qadın alverinin mövcud durumunu dəyərləndirən komitə üzvləri əsasən aztəminatlı, qaçqın və köçkün ailələrindən olan qadınlar bu bəlanın qurbanı olduğunu bildiriblər. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan hökuməti qadınların hüquqlarının qorunmasına və onların vəziyyətinin yaxşılaşdırılmasına dair beynəlxalq öhdəlikləri yerinə yetirməkdə israrlıdır. Cəmiyyətdə müəyyən stereotiplərin olması ilə razılaşan Hicran Hüseynova bildirib ki, bu stereotipləri yalnız hökumətin müdaxiləsi ilə aradan qaldırmaq olmaz, bunun üçün uzunmüddətli mədəni dəyişikliklər edilməlidir. Sessiya başa çatdıqdan sonra adı çəkilən qurum Azərbaycana öz tövsiyə və nəticələrini təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR