Halal sənayesi qlobal böhranlara qarşı daha dayanıqlı olmalıdır.
APA xəbər verir ki, bu fikri “Halal Products Development” şirkətinin Baş İnvestisiya Direktoru Ameen Alsaadi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə təşkil olunan "Etik Halal Biznes Modelləri və Risklərə Dayanıqlı Maliyyələşdirmə üzrə Strateji Liderlik Dialoqu" adlı sesiyasında çıxışı zamanı səsləndirib.
“Dayaniqlıq artıq seçim deyil, zərurətdir. Dünyada baş verən hər hansı bir pozuntu bütün şirkətlərə və regionlara təsir edir. Buna görə də halal sənayesində fəaliyyət göstərən bütün qurumlar böhranlardan əvvəl dayanıqlılıq strategiyalarını hazırlamalıdır”, - o qeyd edib.
O bildirib ki, qlobal halal sənayesi dəyişən dünya şəraitində getdikcə daha çox risklə üzləşir və bu səbəbdən dayanıqlılıq strategiyaların mərkəzində olmalıdır. Alsaadi qeyd edib ki, ən vacib yanaşmalardan biri diversifikasiyadır: “Biz yalnız bir və ya iki təchizatçıya və ya müəyyən regionlara bağlı ola bilmərik. Təchizat və dəyər zəncirləri mütləq şəkildə şaxələndirilməlidir ki, fasiləsiz təchizat təmin olunsun”.
O həmçinin bazarların da diversifikasiyasının vacibliyini vurğulayıb: “Fərqli bazarlara çıxış şirkətləri böhran dövrlərində risklərdən qoruyur və dayanıqlılığı artırır”.
Onun sözlərinə görə, istehsal imkanlarının hədəf bazarlara yaxın yerləşdirilməsi də mühüm amildir: “Şirkətlər hansı bazara fokuslanırlarsa, istehsal və əməliyyat güclərini də həmin regionlara yaxın qurmalıdırlar”.
Alsaadi halal sektorunda əsas faktor kimi tərəfdaşlar arasında etimad və strateji əməkdaşlığı qeyd edib: “İnvestorlar, maliyyəçilər, təchizatçılar və istehsalçılar arasında güclü etimad və əməkdaşlıq böhran zamanı əməliyyatların fasiləsizliyini təmin edir”.
O əlavə edib ki, güclü idarəetmə düzgün qərarların vaxtında qəbul edilməsinə imkan yaradır və bu da şirkətlərin dayanıqlılığını artırır.
“Ən vacib məqamlardan biri də odur ki, etik və halal biznes modelləri öz mahiyyətinə görə daha dayanıqlıdır. Çünki belə şirkətlər ədalətli, etibarlı və uzunmüddətli inkişafı prioritet edən struktura malik olur”, - o vurğulayıb.