Bank Of Baku

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilib

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilib
# 25 yanvar 2007 16:48 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycan və Ermənistan nümayəndə heyətinin üzvləri və hər iki ölkə üzrə həmməruzəçilər iştirak ediblər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasdan sonrakı brifinqdə görüşü konstruktiv adlandırıb: “ Belə görüşlərin keçirilməsi və davam etdirilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin həlinə müsbət təsir göstərə bilər. Bu kimi görüşlərin davam etdirilməsi həm də AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsinə müsbət təsir edə bilər. Bu gün həm mən, həm də nümayəndə heyətinin digər üzvləri bu qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsini kəskin qaldırdıq. Çünki ötən dövr ərzində Dağlıq Qarabağ üzrə Alt Komitənin yaranmasından başqa qətnamənin heç bir tələbi yerinə yetirilməyib”. İclas çərçivəsində Lord Rassel Constonun rəhbərlik etdiyi AŞ PA missiyasının regiona səfərinin müzakirə olunduğunu və bunun lazımlılığının qeyd edildiyini vurğulayan S. Seyidov Lordun Ermənistana, hətta işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək, həqiqətləri öz gözləri ilə görməsinin vacibliyini söyləyib: “Bununla yanaşı biz burda da qeyd etdik ki, Dağlıq Qarabağa gedib ermənilərlə görüş keçiriləcəyi təqdirdə, həm də həmin ərazidə yaşamış, indi bu ərazidən zorla çıxarılaraq məcburi köçkün həyatı yaşayan azərbaycanlılarla da görüşüb, onların mövqeyini öyrənmək mütləqdir”.
Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Tiqran Torosyan isə bu məsələdə S. Seyidov qədər optimist olmadığını deyib: “Çünki bu təşkilatın daxilində belə, nifrəti dərinləşdirən çıxışlar səsləndirilir. Əgər belə çıxışlar azalsa, o zaman görüşlərin keçirilməsini səmərəli hesab edərəm. Amma ümumiyyətlə komitədə və siyasi qruplarda münasibətimiz normal görünür”.
T. Torosyanın açıqlamasına cavab verən Səməd Seyidov isə çıxışlarda yalan ifadələrin səsləndiyini deyib: “Bəzən çıxışlarda çox yalanlar söylənilir, düzgün informasiyalar verilmir. Alt Komitənin də vəzifəsi həm də ona yönəlib ki, bu yalanları süzgəcdən keçirsin, həqiqət üzə çıxsın, Avropa Şurasına üzv olan ölkələr Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və dolğun informasiya ala bilsinlər”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR