Bank Of Baku

Robert Simmons: “Xəzər regionundakı tərəfdaşlarımızla enerji ehtiyatlarının müdafiəsi məsələsini müzakirə edəcəyik”

Robert Simmons: “Xəzər regionundakı tərəfdaşlarımızla enerji ehtiyatlarının müdafiəsi məsələsini müzakirə edəcəyik”
# 31 yanvar 2007 12:20 (UTC +04:00)
- Azərbaycanla NATO arasında İPAP (İndividual Partnership Action Plan - Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı) çərçivəsində əməkdaşlığı necə qiymətləndirirsiniz? İndiyədək bu istiqamətdə hansı işlər görülüb? Planda hər hansı dəyişikliklər gözlənilirmi?
- NATO ilə Azərbaycan İPAP çərçivəsində əməkdaşlıqla bağlı razılaşmanı 2005-ci ilin mayında imzalayıb, 2006-cı ilin yazında isə planın reallaşdırılmasına dair ilk hesabat təqdim edilib. Hesabatda müsbət qiymətləndirmə yer alıb. Azərbaycan planda nəzərdə tutulan məqsədlərin bir çoxunu yerinə yetirib. Ancaq Alyans hesab edir ki, müdafiə sahəsində islahatlarla bağlı daha böyük irəliləyişlər əldə etmək mümkün idi. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə sonuncu görüşüm zamanı o, atılacaq əlavə pozitiv addımlar haqqında məlumat verdi və mən bunu alqışlayıram. NATO bu addımların effektiv həyata keçirilməsinə çalışacaq. İPAP canlı bir sənəddir və hər iki tərəf ötən ilin payızında plana bəzi xırda dəyişikliklər edilməsi barədə razılığa gəlib. Düzəliş edilmiş sənəd 2007-ci ilin yazında təqdim ediləcək növbəti hesabat üçün baza rolunu oynayacaq. Bu hesabatdan sonra NATO ilə Azərbaycan sənəd üzərində işi başa çatdıracaq və qarşıdakı illər üçün bütün sahələrdə əməkdaşlığa dair yeni məqsədlər müəyyənləşdiriləcək.
- Gələcəkdə İPAP çərçivəsində Azərbaycanda yeni hərbi strukturlar yaradıla bilərmi?
- Azərbaycanda NATO və digər tərəfdaş ölkələrin hərbi qüvvələri ilə əməkdaşlıq edəcək, alyansın sülhməramlı əməliyyatlarına dəstək verəcək hərbi struktur yaradılması ilə bağlı razılıq artıq mövcuddur. Treninqlərdə, təlimlərdə iştirak etməklə, bu struktur NATO və digər tərəfdaş qüvvələrlə əməkdaşlıq imkanlarını inkişaf etdirəcək. Bu, yeni hərbi struktur deyil, artıq mövcuddur və onun daha da inkişafına nail olunacaq. Qeyd edim ki, Azərbaycanın müdafiə naziri ölkənin hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasında maraqlı olduqlarını da bildirib.
- NATO ilə Azərbaycan arasında intensiv dialoq nə vaxt başlayacaq? Bunun üçün stimul varmı?
- Hazırda tərəflər arasında intensiv siyasi dialoq aparılmaqdadır və buna misal kimi Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı ilin noyabrında NATO-ya səfərini, alyansın baş katibi ilə görüşünü göstərmək olar. Ötən il ərzində NATO ilə Azərbaycan arasında bir sıra bu cür yüksək səviyyəli görüş keçirilib. İntensiv dialoq texniki termindir və ölkənin Alyansa qoşulması yollarının axtarışını özündə ehtiva edir. NATO-ya yeni üzv olan bütün ölkələr intensiv dialoq mərhələsindən keçib. Bu yaxınlarda NATO Gürcüstan və Ukrayna ilə intensiv dialoqa başlamaq barədə qərar verib. Hazırkı məqamda Avroatlantik institutlara qoşulmaqla bağlı mövqeyini dəqiqləşdirməkdə olan Azərbaycan hələlik intensiv dialoqa başlamaq üçün müraciət etməyib. Biz Azərbaycanla İPAP çərçivəsində əməkdaşlığı davam etdiririk, amma NATO növbəti əməkdaşlıq mərhələsinə hazır olmayan ölkələrə bu mərhələyə keçmək üçün təzyiq göstərmir.
- Rusiya Gürcüstandakı hərbi texnikasını bu ölkədən çıxararaq Ermənistanda yerləşdirib, bununla da, regionda hərbi disbalans yaranıb....
- Uzun illərdir, Rusiya Ermənistan hökumətinin razılığı ilə bu ölkədə hərbi qüvvə saxlayır. Bu vəziyyət xarici hərbi qüvvələrin bu və ya digər ölkənin ərazisində dislokasiyasının yalnız həmin ölkənin razılığı ilə mümkün ola biləcəyinə dair ATƏT-in şərtinə uyğundur. NATO Rusiyanın İstanbul öhdəliklərinə uyğun olaraq öz qoşunlarını Gürcüstandan çıxarmasını alqışladı. Lakin bütün region ölkələri bölgədə münaqişələrin sülh yolu ilə həllinə dair cəhdlərə mane olacaq addımlardan çəkinməlidir.
- Cənubi Qafqazdakı münaqişələrin, konkret olaraq Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz? Bəzi analitiklər ATƏT-in yox, yalnız NATO-nun problemlərin həllinə qadir olduğunu bildirirlər.
- NATO Cənubi Qafqazdakı bütün münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllini dəstəkləyir. Bölgə ölkələri hazırda mövcud imkanlardan istifadə edərək, münaqişələrin həlli yolunu özləri tapmalıdırlar. NATO ATƏT-in Minsk Qrupunu və həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdikləri səyləri sözsüz dəstəkləyir. Biz Azərbaycan və Ermənistan prezidentlərinin, hər iki ölkənin xarici işlər nazirlərinin son görüşlərində irəliləyiş əldə olunmasını alqışlayırıq. Ancaq biz həmişə qeyd etmişik ki, NATO ölkələr arasındakı birbaşa danışıqlara və ATƏT-in Minsk Qrupunun bu yöndə səylərinə mane olmamaq üçün bu məsələdə birbaşa rol oynamır.
- Cənubi Qafqazdakı enerji ehtiyatlarının müdafiəsində NATO hansı şəkildə iştirak edə bilər? Bu məqsədlə Alyansın regionda mobil hərbi qüvvələrinin yerləşdirilməsi mümkündürmü?
- Bu yaxınlarda keçirilən Riqa sammitində Alyans ölkələrinin rəhbərləri razılığa gəldilər ki, NATO enerji ehtiyatlarının müdafiəsi üzrə beynəlxalq səylərin koordinasiyası işinə töhfə vermək üçün yollar axtarsın. Enerji ehtiyatlarının müdafiəsi bizim izləyəcəyimiz sahələrdən biridir və bu mövzuda partnyorlarımızla, o cümlədən Xəzər regionundakı tərəfdaşlarımızla müzakirələr aparacağıq. Bu, təhlükəsizliklə bağlı il ərzində keçiriləcək növbəti forumun mövzusu olacaq. NATO bu məsələləri öz tərəfdaşları ilə müzakirə etmək istəyir və regiona səfərim zamanı mən bunu etmişəm. İstənilən halda, NATO enerji ehtiyatlarının müdafiəsi üçün Cənubi Qafqazda hərbi qüvvə yerləşdirmək niyyətində deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR