Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına infotur təşkil edib.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün təşkil olunan infotur zamanı Aysel Novruzova, Günəş Heydərova və Xuraman Cəfərovanın proqramın dəstəyi ilə “Un məmulatları istehsalı” və “Qadın gözəllik salonu” zərfləri üzrə qurduqları kiçik biznes sahələrinə baxış olub.
Proqram iştirakçıları doğma yurdlarında daim dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək qurduqları ailə təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
İnfotur çərçivəsində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramları, habelə özünüməşğulluq proqramı barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib.
Bildirilib ki, qeyd edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 881 nəfər, o cümlədən Füzuli şəhəri üzrə 54 nəfər bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilib. Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurublar.
Görüşdə infotur iştirakçılarının sualları cavablandırılıb, fikir və təklifləri dinlənib.