Bank Of Baku

Conatan Henik: “Qarabağ münaqişəsinin həllində Kosovo modelinin tətbiq olunmasına çalışmamalıyıq”

Conatan Henik: “Qarabağ münaqişəsinin həllində Kosovo modelinin tətbiq olunmasına çalışmamalıyıq”
# 31 yanvar 2007 12:40 (UTC +04:00)
- Azərbaycan-ABŞ münasibətləri bu il hansı istiqamətlərdə inkişaf edəcək?
- Ölkələrimiz arasında güclü əlaqələr var və bu əlaqələr inkişaf etməkdə davam edir. Gələn həftə Bakıda hökumətlərarası iqtisadi komissiyanın iclası keçiriləcək. İnanırıq ki, əlaqələri və iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldırmağın vaxtı çatıb. Ölkələrarası əməkdaşlıq demokratiya, təhlükəsizlik, energetika sahəsində inkişaf etməkdədir. Növbəti həftələrdə təhlükəsizlik və hərbi sahədə Bakıda müzakirələr aparılacaq. ABŞ Minsk Qrupu çərçivəsində də fəallıq göstərməkdə davam edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli tapılsın.
- 907-ci əlavənin Azərbaycana qarşı tam ləğv olunacağını gözləmək olarmı?
- Mən ABŞ Administrasiyasının bu məsələdəki mövqeyini bir daha təkrar edə bilərəm ki, 907 əlavə ABŞ-Azərbaycan əlaqələrinin inkişafı yolunda maneədir, biz əlavənin tamamilə ləğv olunmasının tərəfdarıyıq. Lakin bu əlavə ABŞ qanunvericiliyində əksini tapdığı üçün onun tamamilə ləğv edilməsi ABŞ Konqresinin qərarından asılıdır. Konqresdə belə niyyətin olub-olmaması barədə məlumata malik deyiləm. Lakin administrasiya bu əlavəni bundan sonra da hər il dondurmağı davam etdirmək niyyətindədir.
- ABŞ Bakı-Tiflis-Axalkələk-Qars dəmir yol layihəsini Ermənistanın layihədə iştirak etməməsi səbəbindən dəstəkləmir. ABŞ Ermənistanın bu layihəyə qoşulması üçün rəsmi İrəvana Azərbaycan torpaqlarını işğaldan azad etməyi təklifi edibmi ?
- Belə müzakirələrin aparılması barədə məlumatım yoxdur. Metyu Brayzanın sözlərini təkrar edə bilərəm. Bu sözlər ondan ibarətdir ki, ABŞ dəmir yolunun inşasına müdaxilə etmir, bu layihəyə mane olmaq üçün də heç bir addım atmır. Bu məsələdə də qanunverici orqan tərəfindən yaradılmış anlaşılmazlıq vardı. Konqres tərəfindən irəli sürülən və layihənin maliyyələşdirilməsini qadağan edən sənədi prezident idxal və ixrac üzrə Konqresin illik fəaliyyətini maliyyələşdirmək üçün büdcə sənədinin paketinin tərkibində imzalayıb. Bu, ABŞ Administrasiyasının kömək etmək imkanlarını məhdudlaşdıran bir sənəddir, bununla belə, ABŞ hökuməti tərəfindən həmin layihənin həyata keçirilməsinin əleyhinə heç bir hərəkət edilmir.
- 2006-cı ili həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük imkanlar ili adlandırırdı. 2007-ci il üçün ümidlər necə qiymətləndirilir?
- 2006-cı il münaqişənin nizama salınması baxımından həqiqətən nəticə əldə etmək üçün imkanlar ili idi. Çünki nə Azərbaycanda, nə də Ermənistanda seçkilər keçirilirdi ki, bu da danışıqlar prosesinə öz təsirini göstərir. 2007-ci ilin irəliləyiş əldə olunması baxımından əlamətdar il olacağını demək isə çətindir. Bu məsələdə məsuliyyət təkcə vasitəçilərin üzərinə yox, həm də danışıqlar aparan ölkələrin üzərinə düşür. Bununla yanaşı, qeyd etmək lazımdır ki, irəliləyiş əldə edilib və optimist olmaq üçün kifayət qədər əsaslar var. Bu uğurun nə zaman əldə olunacağını söyləmək isə çətindir. Bu il Ermənistan üçün seçkilər ilidir, lakin hər iki tərəf məsələnin həll olunması üçün iradə nümayiş etdirərsə, 2007-ci il nə üçün nəticə əldə etmək baxımında uğurlu il olmasın?
- Həmsədrlərin bəyanatında ölkə başçılarına ictimaiyyəti kompromislərə hazırlamaq tövsiyə olunur...
- İlk dəfə deyil ki, həmsədrlər prezidentlərə müraciət edirlər ki, ölkələrinin ictimaiyyətini kompromisə hazırlasınlar. İstənilən zəkalı müşahidəçi söyləyə bilər ki, hər hansı siyasi uğurun əldə olunması hər iki tərəfdən güzəştə getməyi tələb edir. Liderlər ölkələrinin ictimaiyyətinə öz mövqelərini çatdırmalıdırlar ki, vaxt yetişəndə, vətəndaşların dəstəyinə nail olsunlar. Ötən ilin iyununda həmsədrlər aparılan danışıqların bir hissəsini ictimaiyyətə açıqladılar ki, bu da sağlam diskussiyaya gətirib çıxardı. ABŞ hesab edir ki, ölkələrin ictimaiyyətlərinin sülhə hazırlanması baxımından tərəflərin dialoq aparması mühüm məsələdir. Güzəştlər hər iki tərəfdən asılıdır, iki ölkənin prezidentlərinin üzərinə düşən məsuliyyətdir. Hansı sahədə hansı məsələnin prioritet olduğunu, hansı məsələdə güzəştə gedəcəklərini prezidentlər özləri müəyyən edirlər, həmsədrlər onların yerinə qərar verə bilməzlər.
- Axı həm Azərbaycan, həm də Ermənistan prezidentləri mövqelərinin dəyişməyəcəyini bəyan edirlər...
- İctimai bəyanatlar əsasında doğrudan da belə nəticəyə gəlmək asandır ki, güzəşt üçün heç bir yer yoxdur. Lakin reallıq ondan ibarətdir ki, hər iki prezident danışıqlarda kifayət qədər vaxt və enerji sərf edir və bu özü onların güzəştə yer olduğuna inamının göstəricisidir. Ümid edirəm ki, belə danışıqların güzəşt və nailiyyətləri yaxın zamanlarda ictimaiyyətə çatdırılacaq.
- Rusiyalı həmsədr Kosovo nizamlanma modelinin Qarabağ münaqişəsinin nizamlanmasında tətbiq olunmasının mümkünlüyünü bildirib. ABŞ-ın buna münasibəti necədir?
- Mən iki il ərzində amerikalı həmsədrin məsləhətçisi kimi sülh prosesində işləmişəm və bilirəm ki, həmsədrlər dünyada olan bütün modelləri nəzərdən keçirərək, yeni model axtarışındadırlar. Hər bir münaqişə ocağı unikal şəraitə malikdir. İdeya olaraq hansısa modeldən bəhrələnmək olar, lakin bir modeli digər münaqişələrin həlli üçün tətbiq etmək mümkün deyil. Kosovo modeli maraqlı olsa da, istər Qarabağ, istərsə də digər münaqişələrin həlli üçün biz həmin modelin tətbiqinə çalışmamalıyıq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR