Bank Of Baku

ABŞ-dakı yəhudi lobbisi uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini əngəlləmək üçün Türkiyəyə dəstək verəcək

ABŞ-dakı yəhudi lobbisi uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini əngəlləmək üçün Türkiyəyə dəstək verəcək
# 05 fevral 2007 11:35 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, A. Gül fevralın 9-na qədər davam edəcək səfəri zamanı vitse-prezident Dik Çeyni, dövlət katibi Kondoliza Rays, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli, həmçinin Konqresin bir sıra aparıcı üzvləri ilə görüşəcək. O, uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbulunun iki ölkə münasibətlərinə vuracağı zərbələri ABŞ-ın səlahiyyətli şəxslərinə anladacaq. Ankaranın bu məsələdə ən çox güvəndiyi yəhudi lobbisinin qanun layihəsini əngəlləmək üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilir. Yəhudi təşkilatları layihənin qəbul ediləcəyi təqdirdə iki dövlətin hərbi-strateji müttəfiqliyinə zərbə dəyəcəyindən və ABŞ-ın İraqdakı əməliyyatlarda istifadə etdiyi, İran sərhədlərinə də yaxın ərazidə yerləşən “İncirlik” hərbi bazasından məhrum olacağından ehtiyatlanırlar. Hazırda Nümayəndələr Palatasına erməni lobbisinə yaxın olan Nensi Pelosinin rəhbərlik etməsi layihənin gündəmə salınması və qəbul edilməsi ehtimalını artırır. Bu səbəblə Vaşinqtondakı üç yəhudi təşkilatı layihənin Nümayəndələr Palatasının gündəminə daxil edilməsinin qarşısını almağa çalışacaqlar. Onlar yəhudilərə o qədər də yaxın olmayan N. Pelosinin mövqeyinə təsir göstərmək üçün demokratlara qələbə qazandıran seçki strategiyasının əsas müəllifi Ram Emanueldən istifadə etməyi planlaşdırırlar. Yəhudi qurumlarından birinin rəhbəri Türkiyə jurnalistlərinə deyib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün R. Emanueli qanun layihəsinin qarşısını kəsməyin zəruriliyinə inandırmaq lazımdır. Çünki N. Pelosi həmişə R. Emanuelin məsləhətinə qulaq asır.
Qeyd edək ki, Türkiyə parlamentinin hakimiyyət (Ədalət və İnkişaf) və əsas müxalifət (Cümhuriyyət Xalq) partiyalarını təmsil edən üzvləri Turhan Çöməz və Orxan Ziya Dirən də sabah ABŞ-a gedəcəklər. Onların həm konqresmenlər, həm də erməni diasporunun nümayəndələri ilə görüşməsi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıtın Vaşinqtona rəsmi səfəri isə fevralın 11-də başlayacaq. Ordu generalı Y. Böyükanıt ABŞ-ın hərbi və siyasi rəhbərliyi ilə görüşlər keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR