Bank Of Baku

AXCP “Azadlıq” blokunun fəaliyyəti ilə bağlı müzakirələr aparıb

AXCP “Azadlıq” blokunun fəaliyyəti ilə bağlı müzakirələr aparıb
# 06 mart 2007 10:37 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası “Azadlıq” blokunun fəaliyyəti ilə bağlı Rəyasət Heyətinin iclasında müzakirələr aparıb. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, partiya daxilində bu tipli müzakirələr davamlı olaraq aparılır. “Azadlıq”ın hazırkı fəaliyyətini normal qiymətləndirən Q. Əlibəyli blok daxilində baş verən son proseslər və ADP-nin blokdan çıxacağı ilə bağlı məlumatların müzakirə edilmədiyini qeyd edib: “Biz yalnız blokun ümumi siyasəti ilə bağlı müzakirələr aparmışıq. Bu il üçün blokun fəaliyyətinin növbəti istiqamətləri hazırlanır. Burada seçki qanunvericiliyinin təkmilləşdirilməsi, prezident seçkilərinə hazırlıq məsələsinə xüsusi diqqət yetiriləcək”. Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin blokdan istefa verəcəyi halda hansı addımın atılacağına gəldikdə, Q. Əlibəyli hesab edir ki, bu, həmin qurumun daxili işidir. O, hazırda blok daxilində digər partiyaların və Müsavat Partiyasının quruma üzv olması ilə bağlı müzakirələrin aparılması ilə bağlı məlumatların doğru olmadığını da qeyd edib: “Digər partiyaların bloka cəlb olunması ilə bağlı hər hansı müzakirələr aparılmır. Çünki blok kəmiyyət yox, keyfiyyət üçün iş görməyi üstün tutur, süni şəkildə üzvlərin sayını artırmaq istəmir. Müsavatın daxil olması ilə bağlı hər hansı müzakirə də yoxdur. Blok Müsavatla milli məsələlərdə əməkdaşlıq edilə bilər, amma bu o demək deyil ki, partiya bloka cəlb olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR