Bank Of Baku

ADP-nin hər iki tərəfi “Azadlıq” blokunun qərarına etiraz edib

ADP-nin hər iki tərəfi “Azadlıq” blokunun qərarına etiraz edib
# 06 mart 2007 16:06 (UTC +04:00)
ADP-nin “Azadlıq” blokundan çıxarılması ilə bağlı Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bu gün fövqəladə toplantı keçirib. Bu barədlə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. İclasda ADP-nin “Azadlıq” blokundakı fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr aparılaraq, bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, partiyanın siyasi dialoq və konstruktivizmlə bağlı qəbul etdiyi qərara görə, “Azadlıq” blokundan çıxarılması barədə qərar ədalətsiz və əsassızdır. Bu qərar “Azadlıq” blokunun dağılmasına yönəlmiş addım kimi qiymətləndirilib: “ADP bu addımı prezident seçkiləri ərəfəsində müxalifətin ümumi mübarizəsinə və birliyinə ciddi zərbə kimi dəyərləndirir. Ali Məclisinin yanvarın 27-də siyasi dialoq və konstruktivizmlə bağlı qəbul etdiyi qərarı siyasi reallığa uyğun qərar kimi dəyərləndirir və bundan sonra həmin xəttin inkişaf etdirilməsi istiqamətində müvafiq səylərin göstərilməsini vacib hesab edir”. Təşkilat Komitəsi ölkədə demokratiyanın inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, ümumxalq və milli maraqların qorunması sahəsində mübarizəsini bundan sonra da davam etdirəcəyini bildirib.
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi də qəbul olunmuş qərarla bağlı iclas keçirib. Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov APA-ya verdiyi açıqlamada blokun qərarını mənfi qiymətləndirdiklərini bildirib: ““Azadlıq” blokunun bu cür qərar qəbul etməsi gözlənilməz və məqsədəuyğun olmayan addımdır. ADP sədri və onun təmsilçisi iclasda iştirak etmədiyi halda, partiyanın blokdan çıxarılması düzgün deyil. Bu vaxta qədər blok silsilə şəklində bir sıra səhvlər buraxıb, bugünkü səhv onlardan daha biridir. Bununla bağlı biz bəyanat qəbul etmişik, bəyanatın mətni Rəsul Quliyevlə razılaşdırıldıqdan sonra mətbuata açıqlanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR