Bank Of Baku

Dövlət Sərhəd Xidmətində ali məktəb tələbələri ilə görüş keçirilib

Dövlət Sərhəd Xidmətində ali məktəb tələbələri ilə görüş keçirilib
# 12 aprel 2007 12:08 (UTC +04:00)
Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) 2007-ci ilin “Gənclər ili” elan olunması ilə əlaqədar ali məktəb tələbələri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə millət vəkili Məlahət Həsənova, səhiyyə nazirinin müavini Elsevər Ağayev və digər rəsmi şəxslər də iştirak edib. Əvvəlcə tələbələr DSX-nın mərkəzi aparatının binası, muzeyi və Heydər Əliyev adına Araşdırmalar Mərkəzi ilə tanış olublar. Sonra tələbələr qarşısında çıxış edən M. Həsənova bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və DSX-nın birgə təşəbbüsü ilə keçirilən görüşdə məqsəd diqqəti gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəltməkdir. DSX rəisi, general-leytenant Elçin Quliyev isə Sərhəd Qoşunlarının keçdiyi yol, xidməti döyüş fəaliyyəti barədə danışıb. Dövlət sərhədlərinin əməliyyat şəraiti ilə bağlı məlumat verən E. Quliyevin sözlərinə görə, Rusiya Federal Sərhəd Xidmətinin gördüyü tədbirlərə baxmayaraq, Şimali Qafqazda terrorçu qrupların mövcudluğu bu istiqamətdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, digər qonşu ölkə - Gürcüstanda dövlətin nəzarətindən kənarda qalmış separatçı rejimlərin mövcudluğu, Rusiya-Gürcüstan sərhədlərində vəziyyətin gərginləşməsi, ermənilərin Gürcüstana ərazi iddiaları bu ölkə ilə sərhədlərdə problemlər yaradır: “Ən böyük problem isə Ermənistanla bağlıdır. Azərbaycan torpaqlarının işğalı, Ermənistanın silahlanması, Gürcüstandan çıxarılan Rusiya bazalarının bu ölkədə yerləşdirilməsi bu problemlərə misaldır. İrana gəlincə, nüvə problemi, narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiyada Azərbaycan ərazisindən istifadə məsələləri qalır ki, bu da sərhədlərin mühafizəsinin daha da gücləndirilməsini zəruri edir”.
E. Quliyev ötən müddətdə Sərhəd Qoşunlarında görülən işlər barədə də məlumat verib. DSX rəisi bildirib ki, ötən müddətdə Horadiz, Şəki, Zaqatala sərhəd dəstələrinin, Səngəçal aviadəstəsinin inzibati binaları tikilərək istifadəyə verilib. Sahil Mühafizəsinin 5 gəmisi əsaslı təmir olunub, əlavə olaraq 5 gəmi mühafizənin sıralarına daxil edilib. Astarada cənub katerlər divizionu yaradılıb. Ötən il dövlət sərhədlərində inşa edilmiş xidməti binaların sayı 300-dən çox olub ki, cari ildə bu sayın iki dəfə artırılması planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR