Bank Of Baku

Sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra Azərbaycan prezidenti İlham Əliyevə müraciətinin mətni açıqlanıb

Sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra Azərbaycan prezidenti İlham Əliyevə müraciətinin mətni açıqlanıb
# 12 aprel 2007 12:20 (UTC +04:00)
APA-nın “525-ci qəzet”ə istinadən verdiyi məlumata görə, müraciətdə Əli İnsanov Heydər Əliyevlə tanışlığı və dostluğu barədə yazıb. O, Heydər Əliyevin vəfatından sonra psixoloji durumunun dəyişdiyini, bunu hiss edən müxalif qüvvələrin isə ardı-arası kəsilmədən onu özlərinə tərəf çəkmək, təsirləri altına salmağa çalışdıqlarını da qeyd edib: “Nəhayət, Fikrət Yusifovla rastlaşdıq. O özünün və dostlarının mənə xüsusi münasibətləri olduğundan uzun-uzadı danışdı və günlərin bir günü Rəsul Quliyevin məndən Bakıya qayıtması ilə əlaqədar pul istəməsini dedi, ancaq həmin pulun konkret nəyə istifadə olunacağını mənə açıqlamadı. Rəsul Quliyevin Fikrət Yusifovun vasitəsilə aldığı pulları səfərə və seçki kampaniyasına deyil, mitinqlər üçün istifadə edə biləcəklərini təəssüf ki, gec başa düşdüm. Fikrət Yusifovla bir dəfə də görüş onun dəvətilə bağ evində olub. Əsas səbəb Eldar Salayevin gözünün mümkün cərrahi müalicəsi ilə bağlı olsa da söhbət Rəsul Quliyevin Bakıya qayıtmaq istəməsi barədə davam etdirildi və o görüşdə onun qayıtmasına əks bir fikir söyləmədim. Həmin görüşdə Akif Muradverdiyev də iştirak edirdi. Biz onunla qonşuyuq və birlikdə gəlmişdik. Ancaq Fikrət Yusifova pul verdiyim ərəfədəki görüşdə isə artıq Rəsul Quliyevin gəlmək arzusunu bilirdim və Fikrət Yusifova onun Bakıya qayıdışının əleyhinə olduğumu və bunun heç bir perspektivi, yaxşı nəticəsi olmayacağını təkidlə söylədim. Beləliklə, Fikrət Yusifovun vasitəsilə uzun illər boyu düşmən münasibətdə olduğum Rəsul Quliyev məni özünün avantürist planlarına bağlamış oldu. Mən düşünürəm Rəsul Quliyevə mənim yardımım yox, məni Sizin nifrətinizə tuş etmək, ona qarşı apardığım kampaniyaların əvəzində məni birdəfəlik məhv etmək lazım imiş. Bununla belə çox təəssüflənirəm ki, Rəsul Quliyevin çirkin niyyətlərlə vətənə qayıtmaq planları mənim üçün qətiyyən inandırıcı olmasa da bildiyim bu məlumatları Sizə çatdırmamışam. Möhtərəm cənab Prezident! Mənim Rəsul Quliyev kimi perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan, avantüristə qoşmaları əcaib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyinizə və böyük qəlbinizin olmasına da bələdəm. Mənim Ümummilli Liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm. Böyük mərhəmətinizlə 60 yaşımı, dəfələrlə cərrahi əməliyyatlara cəlb olunduğumu və hal-hazırda səhhətimdə baş verən ciddi problemləri nəzərə alaraq, məni bağışlasanız, ailə üzvlərimə hədsiz sevinc, mənim özümə isə ikinci həyat bağışlamış olarsınız”. Ə. İnsanovun öz xətti ilə yazdığı məktubunun foto variantı da dərc olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR