Bank Of Baku

Müsavat deputat qrupu AŞPA-da təmsilçiliklə bağlı yaranmış ajiotajla əlaqədar Avropa Şurasına məktub göndərib

Müsavat deputat qrupu AŞPA-da təmsilçiliklə bağlı yaranmış ajiotajla əlaqədar Avropa Şurasına məktub göndərib
# 13 aprel 2007 12:48 (UTC +04:00)
Müsavat Partiyasının deputat qrupu bu gün Milli Məclisdə brifinq keçirib. APA-nın məlumatına görə, deputat qrupunun üzvü Pənah Hüseyn bildirib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibinin formalaşdırılması ətrafında yaranmış gərginliyə aydınlıq gətirmək istəyirlər. Onun sözlərinə görə, parlamentdə müxalifətin təmsil olunması Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərdən biridir: “AŞPA-dakı nümayəndə heyətinin tərkibində müxalifət təmsilçisinin olmasını Avropa Şurasının Monitorinq Komitəsi tələb edib. Bizə konkret qərar təqdim olunmayıb, ancaq eşitmişik ki, Milli Məclis rəhbərliyi nümayəndə heyətinə İltizam Əkbərlini daxil etmək istəyir. Müsavat deputat qrupu isə Nəsib Nəsiblinin namizədliyini irəli sürüb. Çünki Nəsib bəyin diplomatik təcrübəsi var, bir neçə xarici dil bilir. Amma bu o demək deyil ki, biz İltizam bəyə etimad göstərmirik”. Mətbuat konfransında iştirak edən İltizam Əkbərli Müsavat Partiyası Divanının və deputat qrupunun qərarı ilə razı olduğunu deyib: “Mən də nümayəndə heyətində Nəsib Nəsiblinin təmsil olunmasının tərəfdarıyam. Təəssüf edirəm ki, parlament və nümayəndə heyətinin rəhbərliyi tərəfindən mənə qəbul olunan qərar barədə məlumat verilmədiyi halda, bu məsələ ətrafında bu cür ajiotaj yaradılıb. Yalnız Səfa Mirzəyev məndən nümayəndə heyətində təmsil olunmaq üçün namizədliyimi irəli sürməyi xahiş edib”. Nəsib Nəsibli isə deyib ki, Müsavat deputat qrupunun hər bir üzvü sözügedən missiyanın öhdəsindən gəlməyə qadirdir. Sonda Pənah Hüseyn bildirib ki, Müsavat deputat qrupu yaranmış vəziyyətlə bağlı AŞ rəhbərliyinə məktub göndərib: “Məktubda baş verənlər barədə məlumat vermişik və bundan təəssüfləndiyimizi bildirmişik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR